"Son illər ölkəmizin bütün bölgələrində quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərlə yanaşı, ölkənin digər bölgələrinə də səfərlər edir. Uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bölgələrlə paytaxt arasında fərq minimuma endirilib. Dövlət başçısının bölgələrimizə mütamadi səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə həlli üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, görülən işlərlə tanışlığı, bir sıra mühüm sosial obyektlərin açılışında iştirakı bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı bütün bölgələrimiz diqqət və qayğı ilə əhatə olunub."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, regionların inkişafı ilə bağlı vəzifələrin icrası sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir. Gördüyümüz kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır. Bu gün ölkəmizin həm işğaldan azad edilmiş ərazilərində, həm də digər bölgələrində dünyada Azərbaycan brendi kimi nüfuz qazanan «ASAN xidmət», ABAD, DOST mərkəzlərinin yaradılması təqdirəlayiq hal kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin açılışında iştirak etdi. Bildiyimiz kimi, hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək bir milyondan çox insana xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98 faizdən yüksəkdir. DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində «bir pəncərə» prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə, yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır. Qarabağ Regional DOST Mərkəzində də gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Bu da bu bölgədə yaşayan insanların rahatlığı baxımından olduqca əlverişlidir.
Deputat diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, regionlarda aparılan quruculuq işlərinin səviyyəsinin aparılması, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə xidmət edir bütün görülən işlər Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verir. Bütövlükdə, hər bir sahədə qazanılan nailiyyətlər Azərbaycanın gücünü artırır, beynəlxalq müstəvidə də mövqeyini möhkəmləndirir.
K.Bayramov əlavə edib ki, dövlət başçısı bütün regionlarda sosial ədalətə söykənən müasir idarəetmə qaydalarının tətbiq olunmasını tələb kimi qarşıya qoyub. Bu gün uğurla icra olunan Dövlət Proqramların əsas məqsədi bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə xidmət edir.
Şəmsiyyə Əliqızı, "İki sahil"