Ölkəmizin 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi bu sahədə mövcud imkanlarının təqdimatında öz sözünü deyəcək
“Dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar… Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir.” Dövlət başçısı İlham Əliyev, eyni zamanda, diqqəti Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərinə yönəldərək bildirir ki, yeni texnologiyaların tətbiqi bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlamağa imkan verəcək. Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərdi. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Ölkə Prezidenti bu çağırışı edir: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməliyik.
Cənab İlham Əliyevin 2003-cü ildən qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!” tezisi artıq reallıqdır. Təbii ki, burada söhbət elmin, təhsilin, yeni texnologiyaların və iqtisadiyyatın vəhdətinin yaradılmasından gedir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən bu reallıq xüsusi qeyd edilir ki, həmin ölkələrin inkişafında, yeni-yeni hədəflərə doğru irəliləməsində əsas faktor elmdir, bilikdir, yeni texnologiyalardır. Azərbaycan daim hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmağa səy göstərir. 2013-cü ilin ölkəmizdə “İKT İli” elan edilməsi Azərbaycanın bu sahənin inkişafına diqqət və qayğısının göstəricisi oldu. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir. Dövlət başçısı İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə çoxsaylı görüşləri onu göstərir ki, ölkəmizdə bu sahəyə qoyulan investisiyalar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. Kosmik sənaye sahəsində əldə edilmiş uğurlarımız təqdir edilir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. 3 peykimiz var. 2013-cü ildə orbitə buraxılan “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və sair sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. Bu peyklər ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Məhz bu uğurlarımıza söykənərək 2019-cu ildə Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdı. Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi nüfuz qazanması belə bir qərarın qəbulunda əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra irəli sürdüyü hədəflər sırasında Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olması, yeni texnologiyaların inkişafı, hər zaman irəli baxaraq bütün yeniliklərin tətbiqinə səy göstərmək idi.
Son 20 ilə yaxın dövrün reallıqlarına diqqət yetirsək hər bir hədəfə zamanında nail olduğumuzu böyük əminliklə qeyd edə bilərik. Cənab İlham Əliyev bütün çıxışlarında Bakının Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi haqqında qərarın dəstəklənməsini ölkəmizin siyasi nüfuzunun təzahürü, Azərbaycana olan inamın nəticəsi kimi qeyd edir.
Reallıq budur ki, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan texniliji sahədə də liderliyini qoruyur.
Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi, dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. “XX əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” bildirən dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə keçirilsin. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq.
Prezident İlham Əliyevin ötən il imzaladığı “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamında qeyd olunduğu kimi, kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandı. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncama əsasən Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilir. Sənədə əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gələn və bu Sərəncamda qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər. Bu sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd; bu Konqreslə əlaqədar Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.
O da qeyd edilir ki, Xarici İşlər Nazirliyi Konqreslə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Astronavtika Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir. Nazirlik, eyni zamanda, Konqreslə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir. Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
Göründüyü kimi, Azərbaycan tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəruri olan bütün addımları atır. Ümumilikdə ölkəmiz ev sahibliyi etdiyi bütün tədbirlərin təşkilində nümayiş etdirdiyi təcrübə ilə dünyanın diqqətində olur. Azərbaycan hər bir sahədə beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Bu, bir tərəfdən Azərbaycanın dünyaya nümunə olan inkişaf modelinə malik olması, digər tərəfdən isə sabitlik diyarı kimi nüfuz qazanması ilə sıx bağlıdır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu atdığı hər addımında təsdiqləyir. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», ABAD, DOST layihələrinin sırasına bu gün “ağıllı şəhər” və “ağıllı kənd” də daxil edilir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün yeniliklərin, müsir texnologiyaların tətbiq olunması Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha möhtəşəm gələcəyindən xəbər verir.
Artıq informasiya-kommunikasiya texnologiyaları həyatımızın daim ehtiyac duyulan, ayrılmaz parçasıdır. Dövlət başçısı İlham Əliyev bildirir: “Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi.” Ölkə Prezidentinin bu fikirləri Azərbaycanın texnoloji sahədə dünəninin, bu gününün və prespektivlərinin aydın mənzərəsini təqdim edir.
Yeganə Əliyeva, “İki sahil”