09 avqust 2023 23:43
458

Allah yolunda bir üzv...

Yeni çağırışlar, qloballaşan dünya, ötən əsrin zərərli tör-töküntüləri və Əli Kərimlinin dilənçiliyi haqqında

Müasir beynəlxalq münasibətlər sistemində özünü etibarlı tərəfdaş, güclü və nüfuzlu dövlət kimi təsdiqləmiş Azərbaycanın dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsi, gözlənildiyi kimi, bəzi qüvvələrin xoşuna gəlmir. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin milli maraqlara və yeni qlobal çağırışlara cavab verən müstəqil strateji kursu qətiyyətlə davam etdirməsi anti-Azərbaycan, ermənipərəst dairələrin böyük narahatlığı ilə qarşılanır. Bu dairələrin, həmçinin onların içimizdə olan əlaltılarının ölkəmizin, xalqımızın əleyhinə qarayaxma kampaniyası aparmalarının, Azərbaycanın müstəqil siyasətinə və dinamik inkişafına kölgə salmaq üçün ən ucuz, çirkin vasitələrdən istifadə etməyə çalışmalarının əsas səbəbi də bu narahatlıqla bağlıdır. İndi xaricdə aldıqları dollarları bölüşdürmək üstündə qırğına çıxan “siyasi mühacir”lər də, ölkəmizdəki “beşinci kolon”un nümayəndələri də tapşırıqlarını yerinə yetirdiklərini razı salmaq üçün xüsusi canfəşanlıq göstərirlər. Çünki heç kəsə sirr deyil ki, özlərini “demokratiya carçısı” və “ədalət tərəfdarı” kimi qələmə verməyə çalışan, sözdə dövlət və millət qayğısı çəkdiklərini bəyan edən əli kərimlilər, tofiq yaqublular, cəmil həsənlilər, sevinc osmanqızılar,  məhəmməd mirzəlilər, tural sadıqlılar, qənimət zahidlər və digərləri əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək sifarişlər yerinə yetirirlər. Onların bir məqsədi var: daha çox qrant almaq və mənimsəmək. Xainlik, satqınlıq, düşmən dəyirmanına su tökmək hesabına olsa belə...

Yəni doğrudanmı Azərbaycanda vəziyyətin gərginləşməsinə, ölkəmizin xaos və anarxiya meydanına çevrilməsinə çalışanlar dərk etmirlər ki, nə indi ötən əsrin 90-cı illərindəki hakimiyyətsizlik, başıpozuqluq dövrü deyil, nə də xalqımız həmin vaxtlarda olduğu kimi “küçədən” gələnlərə inanıb etimad göstərəcək düşüncədə. İnsanlar yetmiş illik imperiyanın dağılmasının verdiyi müstəqillik və azadlıq duyğularının həyəcanından onlara seçim imknı tanımadan, yaranmış vəziyyətdən istifadə edib hakimiyyəti zor gücünə ələ keçirənlərin bu xalqın başına açdıqları oyunları unutmayıblar. Onların yenidən iqtidar iddialarının arxasında hansı məqsədlərin və ən əsası kimlərin dayandığı da hamıya bəllidir. Ya bəlkə bu gün köhnə “bayatılar” hesabına özlərinə eloktrat toplamağa çalışan AXCP, Müsavat funksionerləri Azərbaycanın iyirmi faiz torpağının otuz il erməni işğalında qalmasının əsas səbəkarlarının və baiskarlarının ermənilər qədər də özləri olduqlarını yaddan çıxarıblar? O zaman xatırladaq ki, ötən əsrin doxsanıncı illərində hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz ağır nəticəsini göstərirdi. Ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedir, orduda vəziyyət gündən-günə ağırlaşırdı. Silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmayaraq özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin girovuna çevrilirdi. Gənc respublikada hakimiyyəti ələ keçirmək uğrunda ayrı-ayrı şəxslər və qruplar arasında gedən qızğın mübarizə, xəyanət və satqınlıq sonda ermənilərin torpaqlarımızı işğal etmələri ilə nəticələndi. Bütün bunları necə unutmaq olar? Xeyr, illər, əsrlər dəyişir, xəyanətlər və xəyanətkarlar tarixin yaddaşında olduqları kimi qalır. Məhz buna görə Vətənini sevən hər bir azərbaycanlı antimilli qüvvələrə, erməni lobbisinin “muzdlu ideoloji əsgərləri”nə layiq olduqları münasibəti göstərir. Məhz buna görə özlərini “aparıcı müxalifət” kimi sırımağa çalışan AXCP adlı hələ qeydyyatdan keçə bilməmiş “partiyanın” sədri Əli Kərimli sosial şəbəkə hesabları vasitəsilə üzv dilənir. On milyondan artıq əhalisi olan bir ölkədə cəmi beş min real üzv toplaya bilməyən siyasi “partiyanın” mövcudluğu xaricdəki anti-Azərbaycan dairələrdən başqa kimə lazımdır axı? Əli Kərimli cəmi beş min tərəfdaş toplaya bilmirsə niyə ya özü istefa vermir, ya da AXCP-ni buraxmır? Axı məntiqlə də, əli kərimlilərin həmişə istinad etdikləri, misal çəkdikləri sözdə demokratik ABŞ-da və Avropa ölkələrində də elədir – bir sədr partiyasının nüfuzunu qeydiyyatdan keçə bilmək üçün lazım olan sayda üzv toplaya bilməyəcək qədər aşağı salıbsa ən azından özü istefa verməlidir. Ancaq verməyəcək. Çünki o, xaricdəki himayədarlarına yalnız yaxın qohum-əqrabalar hesabına “partiya” kimi sırıdığı AXCP-nin, yalançı “liderliyi”nin hesabına qrantlar alır, pullar qazanır. Yoxsa elə bilirsiniz Əli Kərimliyə Vətən, millət, xalq lazımdır?

Dilənçiliklə toplanan üzvlərdən xeyir gəlməz, “bəylər”. Aldığınız qrantlar hələ bir müddət sizi idarə edər, buraxın bu siyasətbazlığı da, “partiyanı” da, gedin başqa bir iş tapın özünüzə...

Mahir Rəsuloğlu, “İki sahil”