09 avqust 2023 00:34
462

Olmasın artsax, olsun marsax...

Daşnakların sarsaq ideyaları dünyada sarkazma məruz qaldı

Ermənilərin başbilənləri öz axmaq iddiaları  və sərsəm fikirləri ilə onsuz da başıpozuq olan toplumu gülünc vəziyyətə saldılar.  Mirzə Ələkbər Sabir demişkən, öz qövmlərinin başına əngəl-kələf oldular.  Zori Balayanın, Silva Kaputikyanın,  Viktor Hamparsumyanın və bir çox daşnakların körüklədikləri  sarsaq ideyalar o qədər rişxənd doğurub ki, artıq dünyanın bir çox ölkələrində onlara şaqqanaq çəkib gülür və ələ salırlar. Nümunə də göstərə bilərik.

"Marsel – qədim erməni şəhəridir. Buna görə də Fransa Prezidenti Emmanuel Makron elə bir şərait yaratmalıdır ki, dünyanın hər yerindən ermənilər sərbəst şəkildə gəlib orda məskunlaşsınlar. Fransa büdcəsi hesabına köçən hər bir erməniyə 20 min avro da ödəniş edilməlidir."

Bu fikirləri rusiyalı hərbi ekspert, istefada olan polkovnik, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib. O bildirib ki, Marselə yeni gələn ermənilərin hər biri sadələşdirilmiş prosedur əsasında AB vətəndaşlığını alacaq: “Marsel ətrafı ilə birlikdə xüsusi statusa malik, öz parlamenti və adı olan, özünü idarə edən muxtar ərazi vahidi statusunu almalıdır, adı da belə ola bilər – Marsax Respublikası. İdeoloq Sərkis Çaturyanın çoxdan gözlədiyi dənizə çıxış da olacaq. Paris hər il Marsaxa 500 milyon avro məbləğində subsidiya verməlidir.

Əgər Makron inadkar olarsa və Marsax əhalisinin öz müqəddəratını təyinetmə ilə bağlı ədalətli tələbinə mane olarsa, soyqırım siyasətinə görə Fransaya qarşı beynəlxalq sanksiyalar tətbiq edilməlidir”.

Hər fikrin arxasında öldürücü sarkazmın dayandığı özünü açıq göstərir. Görünür, təmkinli və ağır təbiətli hərbi ekspert ermənilərin həyasızlığından o qədər cana gəlib ki, fikirlərini lağlağı şəklində deməyi lazım bilib. İqor Korotçenko işarə vurub ki, "artsax" Qarabağda dəfn edilib. Amma əgər istəsələr Fransanın Marsel şəhərində Marsax respublikası quraşdıra bilərlər, yəni olmasın artsax, olsun marsax. Hərçənd ki, prezident Emmanuel Makron rəhmətlik artsax üçün çox çalışıb özünü oda-közə yaxsa da, o qondarma qurum sağ qalmadı. İndi fürsətdir, Marseldə ermənilər çoxluq təşkil edir, qoy orada Marsax adında respublika qursunlar, o da olsun artsaxın əvəzi. Məntiqlə "hər zaman Ermənistanın yanındayam" deyən Makron da buna narazı olmamalı, əksinə, xaç qardaşlarına lazımi şərait yaratmalıdır. Çox sevdikləri ermənilər Fransanın yanında yox, içində olsalar daha məqsədəmüvafiq olar. Bunun bir xeyiri də o olar ki, fransızlar beş min kilometri gəlib-getməz, ermənilərə daşıdıqları pul və hərbi müxəlləfat da özlərinə qalar, həm də yol yorğunu olmazlar.

Ancaq məlumdur ki, ermənilər macəra sevən millətdir, sakit həyat bunlara xoş gəlmir. Daim ondan-bundan torpaq, mədəniyyət, ədəbiyyat, mətbəx, musiqi və s. nə varsa oğurlayan ermənilərin əlləri dinc duran deyil. Bəlkə də bu səbəbdən Makron onların üzünü sığallasa da, ancaq çox yaxına buraxmır, müəyyən qədər məsafədə saxlayır. Bilir ki, həyasız ermənilərə çox üz versə gələcəkdə nə vaxtsa "marsax məsələsi" ortalığa atıla bilər. Çünki tarix göstərir ki, bu padoşsifət ermənilərdən nə desən gözləmək olar...

Vəli İlyasov,  "İki sahil"