08 avqust 2023 23:53
665

Ermənistan Avropa İttifaqı missiyasının kölgəsində

Artıq neçə aydır ki, Ermənistanda ikiillik mandatla 100 nəfərdən ibarət  Avropa İttifaqının (Aİ) yeni missiyası fəaliyyət göstərir. Missiyanın məqsədi sərhəddəki durumu müşahidə altında saxlamaq, Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaqdır. İndiyədək öz funksiyasının öhdəsindən gələ bilməyən bu missiya Ermənistanın “xahişi” ilə əhatə dairəsini genişləndirməkdədir.  Belə ki, bu günlərdə Qafanda həmin missiyanın yeni əməliyyat mərkəzi açılıb. Aİ-nin müşahidə missiyasının rəhbəri Markus Ritt bildirib ki, missiya planına əsasən,  Ermənistanda 6 əməliyyat bazası təşkil olunacaq: “Daimi iş mərkəzlərimiz Aşağı Qaranlıq, Gorus və İstisuda yerləşir. Qafandan sonra Karvansara və Keşişkənddə mərkəzlər açmaq niyyətindəyik”.  O, həmçinin vurğulayıb ki, Qafandakı mərkəz hərbi baxımdan çox önəmlidir, vəziyyətlə yaxından tanış olmağa, “hesabat” verməyə imkan verir.

Missiyanın bu “fəaliyyətindən” ağızdolusu söz açan erməni mediası bildirib ki, guya Aİ-nin missiyasının genişlənməsi Azərbaycan üçün çəkindirici təsirə malikdir. Hətta utanıb-qızarmadan bu missiyanı Azərbaycana qarşı önəmli sipər kimi xarakterizə ediblər. Halbuki şərti sərhəddə mütəmadi təxribatlar törədənlər haylardır. Amma bu bir həqiqətdir ki, missiya hayların hər təxribatından sonra  Ermənistanın mövqeyinə uyğun mövqe ortaya qoyur. Yəni hayların “alovlu müdafiəçiləri” rolunda çıxış edirlər. Bununla da separatçıların törətdikləri terror və təxribata bəraət qazandırmağa çalışırlar. 

Bu isə o deməkdir ki, ermənipərəst mövqedən çıxış edən missiyanın məqsədi tamamilə başqadır. Yəni əgər belə demək mümkünsə,  məqsəd Azərbaycanı qaralamaq, ölkəmizin genişlənməkdə olan nüfuzuna xələl gətirməkdir. Şübhəsiz, faşizmi, işğalı, terrorizmi, separatizmi dövlət siyasətinə çevirmiş bir ölkəni, yəni təcavüzkar Ermənistanı dəstəkləyən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan   Avropa İttifaqının aparıcı ölkələrindən sayılan Fransanın səyi ilə fəaliyyət göstərən bir missiyadan bundan artıq nəsə gözləmək sadəlövhlük olardı. Üstəlik, bu ölkə Azərbaycanın Laçın yolunu, guya blokadada saxladığını bildirir, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhran yaşadıqlarını iddia edir, Meşəli qətliamı­nın günahkarlarından olan Vaqif Xa­çaturyanın Azərbaycan sərhədçiləri tərəfindən həbs edilməsini “huma­nitar hüququn kobud şəkildə pozul­ması” kimi qələmə verir.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdir ki, Aİ-nin missiyası yalnız vəziyyəti gərginləşdirir və onlar Ermənistan-Azərbaycan sərhədində toqquşmanın qarşısını almaq üçün heç bir təsir göstərmir. O, həmçinin qeyd etmişdir ki, Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyəti Rusiya ilə geosiyasi qarşıdurmaya yönəlib.

Şübhəsiz, missiya bu yolla Qərbi, Cənubi Qafqaza gətirmək və burada möhkəmlənmək niyyətindədir. Bu da missiyanın bölgədə Ermənis­tan üçün deyil, Aİ-nin öz ma­raqları kontekstində fəaliyyət göstərdiyindən bir daha xəbər verir. Digər tərəfdən,  fransız və almanlardan təşkil olunan və mülki missiya adı altında fəaliyyət göstərən bu missiyanın getdikcə hərbi missiyaya çevrilməsi prosesinin getdiyi gün kimi aydındır. Artıq həmin  missiyaya hazırda xidmətdə olan və istefaya getmiş erməni zabitlər və xüsusi xidmət orqanlarının əməkdaşları da cəlb olunublar.

Şübhəsiz,  qoltuqlara sığınmağa adət etmiş Hayastan xarici qüvvələrin sayını artırmaqla, yeni “müşahidəçiləri” missiyaya cəlb etməklə, yeni mərkəzlər yaratmaqla regionda ölkəmizə qarşı hərbi cəbhə formalaşdırmaq niyyətindədir. Bir sözlə, Ermənistan öz avantürist oyunları ilə Cənubi Qafqazı yeni müharibə burulğanına sürükləməyə çalışır. 44 gün davam edən İkinci Qarabağ müharibəsi, eləcə də sonrakı hadisələr göstərdi ki, Azərbaycan üçün  Ermənistanın hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Aİ-nin missiyasının mövcudluğundan asılı olmayaraq, Azərbaycan erməni təxribatlarının qarşısı­nı əzmlə alır və bununla da öz təhlükəsizliyini təmin etmək üçün lazımi qətiyyəti sərgiləməyə qadir olduğunu göstərir. Bu isə o deməkdir ki, heç bir qüvvə Azərbaycanı öz haqq işi uğrunda mübarizədən çəkindirmək iqtidarında deyil.

Qeyd edək ki, Aİ-nin Azərbaycan və Ermənistana müşahidə missiyası göndərməsi təklifi 2022-ci ilin  oktyabrında Praqa görüşündə gündəmə gəlmişdi. O zaman  Prezident İlham Əliyev ölkə ərazisində belə bir fəaliyyətə icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik heyətin göndərilməsinə etiraz etməmişdi. Lakin sonrakı mərhələdə Aİ-də dominant rolunda çıxış edən ermənipərəst Fransa missiya ilə bağlı çərçivələri pozdu. Nəticədə daha çox sayda, daha uzun müddətə növbəti missiya göndərilməsi ilə bağlı məsələ gündəmə gəldi və Azərbaycanın razılığı alınmadan Ermənistana ikiillik missiya göndərmək qərara alındı.

Qvami Məhəbbətoğlu, “İki sahil”