Azərbaycan-Türkiyə birliyi dünya üçün təhlükəsizlik və sabitlik faktorudur
Azərbaycan-Türkiyə dövlətləri arasında qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu iki dövlət arasındakı münasibətlər tarixin sınağından keçmiş, heç bir qüvvə bu birliyi poza bilməmişdir. Əksinə, hər iki dövlət və millət şərəflə Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", Böyük Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyə münasibətləridir. Günümüzdə Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərib. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi Bəyanatında ölkələrimizi birləşdirən amillərə diqqət çəkərək vurğulayıb: "Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk".
Qardaş ölkə Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb və bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksək səviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı. Ordumuzun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan ordusunu darmadağın etməsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.
2022-ci ildə Müstəqillik Günü ərəfəsində dünya daha bir reallığa şahidlik etdi. Bu, Türkiyə-Azərbaycan birliyi və sarsılmaz həmrəyliyidir. Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində verilən mesajlar iki qardaş ölkənin daim bir-birinin yanında olmaq və yeni hədəflərə doğru birlikdə addımlamaq - strateji məqsədlərə çatmaq iradəsini nümayiş etdirdi. "TEKNOFEST Azərbaycan" hər iki ölkədə milli texnologiyanı inkişaf etdirmək, yeni nailiyyətlərə, rekordlara imza atmaqla yanaşı, gənclərdə texnologiyaya qarşı maraq oyatmaq və gələcək üçün yeni texnologiya mühəndislərinin hazırlanmasında vacib olan gənc istedadları üzə çıxarmaq üçün önəmli festivaldır. Xüsusilə də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında əks olunan məqamlar bir millətin iki dövlətinin hədəfinin də, sözünün də bir olduğunu növbəti dəfə təsdiqlədi. Belə ki, cənab Prezident "TEKNOFEST Azərbaycan" festivalında çıxışı zamanı demişdir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu, bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur. Türkiyə-Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi.
Bu gün əminliklə demək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dostluğun, qardaşlığın möhkəmlənməsinə xidmət edir. Yəni biz öz tarixi funksiyamızı məharətlə və uğurla icra edirik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun ötən ayın son günündə qardaş ölkəyə səfəri və apardığı danışıqlar da məhz həmin missiyanın tərkib hissəsidir.
Ceyhun Bayramovun Ankara səfərini əlamətdar edən əsas faktlardan biri də odur ki, ölkəmizin baş diplomatı səfər çərçivəsində təkcə öz həmkarı ilə görüşməmiş, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da onu qəbul edərək, gündəlikdəki məsələlərə öz münasibətini bildirmişdir. Bu görüş haqqında olan məlumatda bildirilir ki, görüşdə ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən hadisələr ətrafında, həmçinin Azərbaycan–Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparılıb.
Bundan başqa, məlumat verilir ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla da görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Təbii ki, gündəlikdəki əsas məsələlərdən biri də İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən sülh gündəliyinin irəli sürülməsi ilə bölgədə regional əməkdaşlıq üçün imkanların yaranması olub. Eləcə də kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının zəruri olduğu vurğulanıb.
Ceyhun Bayramov, 44 günlük İkinci Qarabağ müharibəsinin bütün anlarında Azərbaycanın yanında olmuş Türkiyənin dövlət rəsmilərinə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd olaraq davam etdirdiyi hərbi-siyasi təxribatlar barədə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğunu bildirib. Təbii ki, baş müşavir iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin davam etdirilməsinin hər iki ölkənin, o cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.
Bu səfəri uğurlu edən başqa bir fakt isə Ceyhun Bayramovun Türkiyənin yeni Xarici işlər naziri Hakan Fidanla görüşərək, regiondakı vəziyyəti müzakirə etməsi oldu. Maraqlıdır ki, bu görüşlə bağlı məlumatları təkcə Azərbaycan və Türkiyə mətbuatı deyil, Ermənistan mətbuatı da ən incə məqamlarına qədər paylaşıb və müvafiq şərhlər verib. Erməni ekspertlər Ankara görüşü barədə dediklərini tam əsaslandırmaq üçün cənab Hakan Fidanın mətbuat konfransında söylədiyi fikirləri məhz olduğu kimi təqdim edirlər. Məsələn, “Aysor.am” erməni xəbər portalı cənab Hakan Fidana istinad edərək yazır: “Bilirsinizmi, Laçın yolu Azərbaycanın ərazisidir. Ona görə də Azərbaycan həmin ərazidə lazım bildiyi bütün tədbirləri həyata keçirir və bunlar Azərbaycanın suveren hüquqlarıdır”.
Nigar Orucova, “İki sahil”