Zəngəzur dəhlizi yalnız erməniləri deyil, həm də sapı özümüzdən olan nankorları narahat edir
Bu gün qətiyyətlə demək olar ki, ölkəmizdə fəaliyyət göstərən, müxtəlif proqramlara malik ayrı-ayrı siyasi partiyaların milli maraqlar, xüsusilə də Qarabağ məsələsində mövqeləri tamamilə üst-üstə düşür. Belə ki, İkinci Qarabağ müharibəsində bir çox partiyalar Azərbaycan dövləti və onun rəhbəri ilə eyni mövqedən çıxış etdilər. Lakin antimilli fəaliyyətləri ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşmış AXCP və onun əlaltısı olan qondarma Milli Şura, o cümlədən Müsavat Partiyası və onların başbilənləri haqqında bunları demək mümkün deyil. Anti-Azərbaycan dairələrin buyruq qulları olan bu xəyanətkar dəstə təxminən 30 il müddətində ölkəmizin milli mənafelərini özlərinin korporativ maraqları naminə qurban verməyə hazır olduqlarını dəfələrlə sübut ediblər. Ona görə ki, onların Azərbaycanın milli maraqları ilə heç bir bağlılığı yoxdur. Dağıdıcı müxalifət təmsilçiləri üçün milli maraqlar yox, öz şəxsi mənafe və ambisiyaları əsasdır. Şübhəsiz, bu marginalların mövqeyi ölkəmizi istəməyən düşmən qüvvələrin, anti-Azərbaycan dairələrin maraqları ilə tam olaraq üst-üstə düşür. Məsələn, qondarma Milli Şuranın üzvü Tofiq Yaqublu dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin Zəngəzur dəhlizinin açılmasını tələb etməsi düzgün deyildir və bu bizə lazım da deyil.
Təbii ki, onun bu mövqeyi ermənilərin, o cümlədən Azərbaycanla düşmənçilik edən İranın mövqeyi ilə eynilik təşkil edir. Bundan başqa, 2021-ci il iyunun 15-də qardaş Türkiyə ilə Azərbaycan arasında böyük tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi imzalandı. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya bu müqaviləni dəstəkləyən birgə bəyanat imzaladı. Xarici qüvvələrin əlində alətə çevrilən, daim ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən Müsavat Partiyasının sədri Arif Hacılı və AXCP-nin sədri Əli Kərimli öz şəxsi ambisiyalarını hər şeydən üstün tutaraq siyasi partiyaların birgə bəyanatına imza atmadılar. İmza atmaqdan imtina etmələri bir yana, üstəlik bu bəyanata qarşı həyasızcasına qara piar kampaniyası apardılar.
Əslində, bu cür antimilli fəaliyyətlərinə, Azərbaycanın düşmənləri ilə işbirliyində olduqlarına görə hələ uzun illər bundan əvvəl cəmiyyətimiz AXCP və Müsavat Partiyasının üzərindən birdəfəlik xətt çəkib. O da yaxşı məlumdur ki, milli maraqlarımıza zidd hərəkətlərinə görə dəfələrlə ifşa olunan AXCP sədri Əli Kərimli, qondarma Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı və onların yanında düşmən yalı ilə yallananlar, xaricdə «siyasi mühacir» adı ilə məskunlaşan və manqurtlaşan Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı kimilərin Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyası birmənalı olaraq iflasa uğrayacaq.
Bəli, bu gün Azərbaycan Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Dövlətimiz Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağı təklif edib. Amma Ermənistan hələ də sülh təşəbbüslərinə adekvat cavab vermir.
Ermənistanı belə qeyri- adekvat addımlar atmağa sövq edən ölkələr isə Fransa və Almaniya başda olmaqla bəzi Avropa ölkələridir. Hətta bu ölkələrin Ermənistandakı səfirləri və Avropa İttifaqı Komissiyasının bəzi rəsmiləri Laçın sərhədinə gələrək Ermənistanın humanitar yük şousuna dirijorluq edirlər. Onlar haqsız olaraq iddia edirlər ki, guya Azərbaycan dövləti Xankəndidəki erməniləri humanitar fəlakətə sürükləyir.
Bəli, biz onları anlayırıq, ermənipərəstdirlər, erməni diasporunun süfrəsindən yemlənirlər. Bəs bizim sapı özümüzdən olan zatıqırıqlarımız niyə onların mövqelərini müdafiə edirlər. Xüsusilə qondarma Milli Şuranın əsas aparıcı liderciklərindən olan müsavatçı Tofiq Yaqublu hər addımda ermənipərstləri haqlı çıxarmağa çalışır. O deyir ki, Azərbaycan Prezidenti Bakıda keçirilən Qoşulmama Hərəkatının iclaslarında Fransadan qabaq Rusiyanın XIX əsrdə Gəncənin işğalı zamanı törətdiklərindən danışmalı idi. O anlamır ki, Rusiya imperiyasının Azərbaycanda törətdikləri cinayətləri heç kim danmır. Əgər Qoşulmama Hərəkatının tədbirində mövzu Fransadırsa, burada Rusiyadan danışmağa lüzum yoxdur. Görünən odur ki, Yaqublu bu mövqeyi ilə Fransaya açıq dəstək verir ki, Parisdən gələn qonorarları daha da artsın.
Bir sözlə, Fransanın Ermənistan sevgisindən Tofiq Yaqubluya da pay düşdüyündən o, hələ də anlamaq istəmir ki, Qarabağı və Şərqi Zəngəzuru 28 il işğal altında saxlamaq cəsarətini ermənilərə məhz Fransa verib. Bu ermənipərəst ölkə Minsk qrupunun həmsədri kimi Qarabağın işğalını legitimləşdirməyə çalışıb. Bunları bilə-bilə Fransanı müdafiə etmək əsl nankorluqdur.
Bundan başqa, 2022-ci ilin sentyabr ayında Ermənistan ordusunun təxribatı nəticəsində onlarla şəhid verdik. Əvəzində ordumuzun «Qisas» əməliyatı nəticəsində ermənilər özlərinin yüzlərlə leşini səngərlərdən toplamalı oldular. Azərbaycan revanş savaşına qalxmaq istəyən Ermənistana yenidən dəmir yumruğunu göstərdi. Bundan Ermənistan bir müddət özünə gələ bilmədi. Elə bu məqamda tofiq yaqublular, əli kərimlilər, okeanın o üzündən sevinc osmanqızılar nəinki narahat oldular, hətta Azərbaycanı «suveren Ermənistan»ın ərazilərinə qanunsuz girməkdə suçladılar. Belələrinin bir adı var dönüklər…
Elçin Zaman, «İki sahil»