İlqar Məmmədov Əli Kərimlini yenə də saxtakarlıqda və populizmdə ittiham etdi
Azərbaycanda «Siyasi partiyalar haqqında» qanundakı yeni dəyişikliklərdən sonra əslində adı olub, fəaliyyəti isə heç cür nəzərə çarpmayan bir çox partiyanın fəaliyyəti qanuna uyğun olaraq dayandırılıb . Bu proses hazırda davam etməkdədir.
Qanundakı dəyişikliklərə görə, siyasi partiyaların qeydiyyatı üçün ilkin şərt hər bir partiyanın ən azı 5 min üzvünün olması və onların maliyyə hesabatlarını vaxtında, eyni zamanda, şəffaf qaydada təqdim etmələridir. Artıq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi siyasi fəaliyyətində bu şərtlərə cavab verməyən partiyaların yenidən qeydiyyatına icazə verməyib.
Məhz bu hadisədən sonra partiyasını daim ana müxalifət hesab edən AXCP sədri Əli Kərimli və onun sosial şəbəkədəki trolları dövlətə qarşı qara piar kampaniyasına başlayıblar. Onların bu kampaniyada başlıca məqsədləri həmişəki kimi, Azərbaycan dövlətinə və onun başçısına böhtan atmaq, qarayaxmaq, bir sözlə, xaricdəki anti-Azərbaycan qüvvələrə yaltaqlanmaqdır.
Əli Kərimlinin qeyri-konstruktiv çıxışları və çağırışları onun xaricdəki anti-Azərbaycan qüvvələri artıq cuşa gətirib. İndi bəzi Qərb ölkələri və beynəlxalq təşkilatlar Əli Kərimlinin tutduğu züyə əl qaldırıb oynamaq istəyindədirlər. Çünki belə antimilli bir partiya sədri onların hər zaman işinə yarayıb. Hətta Azərbaycan- Ermənistan münasibətlərinin indiki gərgin vaxtında anti-Azərbaycan qüvvələrin əlinə oynamaq əsl xaraktersizlikdir.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli ötən illərdə partiyasının sıralarının genişləndiyini, onun sayının minlərlə olduğunu bağıraraq iddia edirdi. Bu yalana inananlar elə bilirdilər ki, doğrudan da bu gün AXCP-nin 5000 mindən çox üzvü var. Ancaq yeni qanuna uyğun olaraq Ədliyyə Nazirliyi partiyadan üzvlərinin siyahısını istəyəndə məlum oldu ki, bu say nəinki minlərlə, heç yüzlərlə də deyil.
Ona görə də bu gün həm cəbhəçilər, həm də onların lideri Əli Kərimli cəmiyyətdə gülüş hədəfinə çevriliblər. Artıq onların fəaliyyətləri qeyri-ciddi hesab edilir və populist çıxışları dəyərsiz qəpik-quruş effekti verir. Hətta eyni cəbhənin insanları belə AXCP-nin gülüş mənbəyi olduğunu bildirməklə onları saxtakarlıqda və yalançılıqda ittiham edirlər.
Onlardan biri, ReAL partiyasının sədri İlqar Məmmədov AXCP –ni nəzərdə tutaraq yazıb: «Hər işdə bir xeyir var. Partiyalar haqqında yeni qanun… demaqoqları əməlli-başlı pərt elədi.
Baxın da. İndi partiyalardan kimsə publik deyir ki, öz üzvlərimizin ancaq bir hissəsini Ədliyyə Nazirliyinə təqdim eləmişik. Guya bunlar daha çoxmuşlar, 5 mini isə kiminsə xətrinə ora göndəriblər.
Amma elədirsə, onda bu partiyalar qanunu birbaşa pozub. Ən azından ona görə ki, qanun bir şəxsin iki partiyaya üzv olmasını yasaqlayır. Yəni, sənin təqdim etmədiyin şəxs birdən başqa partiyanın da üzvüdürsə, bu, qanunun qoruduğu prinsipial çərçivəni tamamən dağıdır.
Əlbəttə, doğru demirlər və heç bir partiyanın göndərdiyindən artıq üzvü yoxdur.»
Əslində, ReAL partiyasında da vəziyyət AXCP-dən heç fərqli deyil. Bu partiya sədrinin də populist çıxışlarından başqa gündəmdə ciddi siyasi fəaliyyəti olmayıb. İlqar Məmmədov da siyasətdə etibarsız və reytinqsiz biri kimi tanınır. Onu hətta Soros Fondunun ən qatı təbliğatçısı və qrant yeyəni kimi də xarakterizə edirlər. İlqar Məmmədovun bir müddət ABŞ-ın Azərbaycandakı səfirliyində işləməsi, təlimatlanması, həmçinin dünyaca məşhur maliyyə fırıldaqçısı Corc Sorosun təşkilatı ilə bağlılığı böyük məbləğdə qrantlar almasına hər zaman «yaşıl işıq» yandırıb. O, hətta 2006-cı ildən Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü olub. Belə bir tərcümeyi-hala sahib olan, daim xaricdən aldığı sifarişləri yerinə yetirən İlqar Məmmədovdan da konstruktiv müxalifətçilik gözləmək ən azı sədəlövlük olardı.
Bugünkü reallıq isə belədir ki, AXCP sədri Ə.Kərimli ilə REAL sədri İlqar Məmmədovun ana müxalifət olmaq iddiaları onları bir-birinə qarşı ciddi düşmənə çevirib. Sosial şəbəkələrdəki qeybət səviyyəsindəki mübahisələrində ReAL AXCP-nı səmərəsiz müxalifətçilikdə, cəbhəçilər də realçıları ritorik, Azərbaycan reallığından uzaq və faydasız fəaliyyətdə günahlandırırlar. Məhz bütün bu qarşıdurmaların, qarşılıqlı ittihamların nəticəsidir ki, Əli Kərimli və İlqar Məmmədovun bir-birinə qarşı patoloji qısqanclığı, nifrəti hər ötən gün artmaqdadır.
Düzdür, onları birləşdirən ortaq məqamlar da var. Bunlar, anti-Azərbaycan qüvvələrə mütəmadi surətdə donoslar vermək, onların istəklərini daha tez yerinə yetirməkdir. Hətta daha fəal donosçuluq onlara daha çox qrant ayrılması üçün lazımdır. Bu istiqamətdə də hər iki lidercik arasında ciddi «yarış» gedir.
Elçin Zaman, «İki sahil»