Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki , Laçın dəhlizi adlandırılan yol İkinci Qarabağ müharibəsinin bitməsindən sonra fəaliyyətini işğal vaxtında işləyən qaydada təxminən iki il davam etdirmişdir. Bir fərq var idi - o, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Yəni, fəaliyyətdə dayanma, bizim tərəfimizdən hər hansı müdaxilə yox idi. Bununla belə, orada vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səyləri ötən il noyabrın əvvəlində Qarabağda təbii sərvətlərin yenidən qeyri-qanuni istismarı ilə bağlı idi. Müharibədən sonra bu proses dayandırılmışdı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Amma sonradan - noyabrda həmin proses yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yol yenə də bağlı deyildi, hərəkət azad idi.
Eyni zamanda ölkə başçısı öz çıxışında vurğulamışdır ki , otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acılara baxmayaraq, biz qisas almadıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.
Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tezliklə sağalacaq, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Xalqımız bundan sonra əzəli yurd yerlərimizdə əbədi yaşayacaq.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı