03 avqust 2023 18:11
212

Sülhün prinsipial şərtləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə vermişdir. Müsahibənin Şuşada baş tutmasını münaqişənin sonlandırılması istiqamətində verilmiş mesajlardan hesab etmək mümkündür.  

Ölkə başçısı müxbirin regionda sülhün bərqərar olması üçün zəruri şərtlərlə bağlı suallarını cavablandırmışdır.

Cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın dayanıqlı sülhün təmini məqsədilə deyil, Ermənistanın kapitulyasiya aktı olduğunu diqqətə çatdırdı. Bunun ardından münaqişənin yekun həlli üçün müəyyən təşəbbüslər irəli sürülməli və  sülh sazişi imzalanmalı idi. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi kimi ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsiplərinə əməl edir.  

Cənab Prezident İlham Əliyev Laçın dəhlizinin fəaliyyətinin rus sülhməramlılarının nəzarəti altında təxminən iki il qaldığını, lakin Azərbaycana məxsus dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşındığını, vətəndaş cəmiyyətinin nümayəndələrinin mədənlərdə monitorinq keçirmək istəyinin təmin edilmədiyi üçün keçir ötən il noyabrın əvvəlində yola nəzarət etməyə başladılar. Azərbaycan Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini qurduqdan sonra QHT nümayəndələri həmin aksiyanı dayandırdı. Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurulduğundan Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlir.

Sərhəd-keçid məntəqəsinin fəaliyyətindən danışarkən, cənab Prezident İlham Əliyev Qırmızı Xaç Komitəsinin nəzarəti altında dava-dərmanın nəqlində və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsində heç bir maneənin olmadığını, lakin yük maşınlarının və sürücülərin uniformaları üzərində Qırmızı Xaçın emblemi olan nəqliyyatların yoxlanış zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirmə cəhdinin aşkarlandığını, bu halı etiraf edən Qırmızı Xaç Komitəsinin buna görə heç bir məsuliyyət daşımadıqları fikrini təəssüflə bildirdi. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə deyil, İrəvandakı ofisə tabe olmasını yolverilməz hesab edən Ölkə Başçısı bütün dünyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını, hətta Ermənistanın baş nazirinin dəfələrlə “Qarabağ Azərbaycandır” söyləməsi Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisinin İrəvandakı ofisə tabe olması haqlı etirazımızı doğurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində danışıqların uğurla sona yetəcəyinə inanaraq “Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram” fikrini bildirdi.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri