Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Bu baxımdan Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir. Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu “Euronews” telekanalına müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında fikirlərini ətraflı şəkildə ifadə etdi.
44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Lakin bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirmir. Belə ki, bu ölkə hələ də Qarabağ ərazisindən qanunsuz silahlı dəstələrini çıxarmayıb, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması öhdəliyinə əməl etmir. Bütün bunlar isə regionda vəziyyəti mürəkkəbləşdirir. Nəzərə almaq lazımdır ki, sülh sazişinin prinsiplərini müəyyən edən məhz Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir.
Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim etdikdən sonra, Ermənistan tərəfi sülh danışıqları ilə bağlı hələdə Minsk Qrupunun həmsədrlərinə müraciət etdiyini bildirib. Ermənistanı müəyyən addımlar atmağa vadar edən, bu baza prinsipləri Minsk Qrupunun həmsədrlərini niyə narahat edir?
Xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib. Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Azərbaycan normallaşma prosesində Avropa İttifaqı da daxil olmaqla, digər tərəflərin vasitəçiliyini müsbət dəyərləndirir.
“Müsahibədə real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır”.
Elçin Abasov,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO)
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Texniki Nəzarət Şöbəsinin rəisi,
YAP Xətai rayon təşkilatının fəalı