04 avqust 2023 02:18
430

Avropanın mühüm qaz təchizatçısı

Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna xüsusi diqqət yönəltdi

"Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq.» Dövlət başçısı İlham Əliyev  “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna xüsusi diqqət yönəltdi.

  Cənab İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatıdır. Nəzərə alsaq ki, ölkəmiz hazırda regionun sülh və əməkdaşlıq məkanı kimi diqqətdədir, bu halda səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda qazanılan   uğurların davamlılığı inkaredilməzdir. Eyni zamanda, hazırda Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir. Günümüzün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması prosesində qurumun vasitəçiliyi hazırda beynəlxalq miqyasda daha çox müzakirə edilən məsələlər sırasındandır.

   Bu mühüm məsələyə keçməzdən öncə Azərbaycanın enerji sektorunda qazandığı uğurlara və dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin miqyasına diqqət yetirək. 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və  dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.

Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam  özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir. 

Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi  ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır.  Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bu günümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında  “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində  yeddi ölkə iştirak etdi - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Növbəti mərhələdə üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizlə Avropa İttifaqı arasında enerji dialoquna başlanması da bunun təsdiqidir. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir. Onu da qeyd edək ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı  Avropa üçün daha da yaxın edəcək.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda əməkdaşlığımızın çoxşaxəli mahiyyəti özünü aydın şəkildə büruzə verir. Azərbaycan yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində səylərini daha da artırır. Ölkəmizin bu mövqeyinə dəstək göz önündədir. Dünya gücləri Azərbaycanın sülh gündəliyini dəstəkləməklə regionda dayanıqlı sülhün, təhlükəsizliyin və sabitliyin təminatında maraqlı olduqlarını bildirirlər. Yeni əməkdaşlıq formatları əlaqələrin yeni istiqamətlər üzrə inkişafına öz müsbət təsirini göstərəcək. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki,  enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq  əməkdaşlığımızın başqa sahələri  də var. Münasibətlərin qarşılıqlı etimad mühitinin qorunması fonunda  inkişaf etdirilməsi uğurlu gələcək barədə aydın təsəvvür yaradır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin  yeni istiqamətlər üzrə inkişafında özünü aydın şəkildə nümayiş etdirir.

“Euronews” televiziyasına müsahibəsində diqqət çəkən  məsələlərdən biri  son vaxtlar Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında Avropa İttifaqı Şurasının vasitəçilik etməsi barədə sual idi.  Jurnalistin «Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir» sualına cavabında dövlət başçısı İlham Əliyev bildirdi ki,  əslində, 1992-ci ildən etibarən aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür: «O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir.»

O da bildirildi ki, bu  təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, Çünki təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu: «Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.»

Göründüyü kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsi siyasi mövqeyinin möhkəmlənməsində də öz sözünü deyir. Hər dövrün öz tələbi, çağırışı vardır. Hazırkı dövrün mühüm çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması xüsusi yer tutur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji potensialı böyükdür. Bu, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsində stimulverici amil olacaq.

Yeganə Əliyeva, "İki sahil"