04 avqust 2023 01:54
482

Qırmızı Xaç Komitəsi fəaliyyət göstərdiyi ölkənin qanunlarına hörmətlə yanaşmalıdır

Hər bir ölkə öz ərazisində qayda-qanunu tətbiq etməkdə suveren hüquqlara malikdir. İkinci Qarabağ müharibəsində qalib gəlmiş Azərbaycan da torpaq bütünlüyünü bərpa etdikdən sonra azad edilmiş ərazilərində ölkə qanunlarına uyğun qaydalar tətbiq edir. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması da məhz bu prosesin tərkib hissəsidir. Ermənilərin tam başqa, reallığa uyğun olmayan hərəkətlərə yol vermələri Azərbaycanın Laçın sərhəd məntəqəsində nəzarətin gücləndirilməsini və alternativ marşrutun təklif olunması zərurətini ortaya çıxardı. Azərbaycan humanistlik nümayiş etdirir. Öz ərazisində yaşayan erməni əsilli vətəndaşlara zəruri məhsulların daşınmasına şərait yaradır. Ən əsası, rəsmi Bakının Ağdamdan Xankəndiyə gedən yoldan Qarabağ sakinlərinin humanitar ehtiyaclarının ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə ünvanladığı təklif, əlbəttə ki, maddi-texniki baxımdan qanuni və məqsədəuyğundur. Prezident İlham Əliyev avqustun 2-də “Euronews” telekanalına müsahibəsində Ermənistanın Laçın yolu müstəvisindəki oyunlarına cavab olaraq bildirdi ki, sözügedən yolda hərəkət azadlığı bloklanmayıb. Ölkəmizin aprelin 23-dən - sərhəd keçid məntəqəsi qurduğu vaxtdan etibarən, Qarabağın iki mindən artıq sakininin Ermənistana asan şəkildə gedib gəlmək imkanı əldə etdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və Azərbaycan sərhədçilərindən birini yaraladı: “Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar... Lakin bu yük maşınlarının üzərində də, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi”.

Azərbaycan Prezidenti qeyd edib ki, əfsuslar olsun ki, bu günə kimi Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır: “Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”, - deyə dövlətimizin başçısı bildirib.

Qırmızı Xaç Komitəsinin davranışları Azərbaycan tərəfindən xeyli suallar yaradır və cənab Prezidentin də dilə gətirdiyi məsələ bununla bağlıdır. Azərbaycan onların İrəvan ofisini Bakıya köçürmələrini tələb edirsə bu, belə də olmalıdır. Çünki Azərbaycan sərhədini istənilən vaxt bağlaya da bilər və nəyə görə Qırmızı Xaç Komitəsi üçün açıq buraxılmalıdır? Ermənistan tərəfi Azərbaycana siyasi təzyiqlər göstərir, Azərbaycanın sərhədini “su yolu”na döndərmək istəyir. Lakin Azərbaycan öz suveren ərazisində öz ərazisi, sərhədi ilə bağlı istənilən qərarı vermək səlahiyyətinə malikdir. Azərbaycan da bununla bağlı fikirlərini Qırmızı Xaç Komitəsinə çatdırdı. Azərbaycan hər zaman humanitar prinsip və qanunlara tabe olan, beynəlxalq konvensiyalara hörmət edən ölkə olub. Buna görə də gərək Qırmızı Xaç Komitəsi də fəaliyyət göstərdiyi ölkənin qanunlarına hörmətlə yanaşsın. Çünki Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin təhlükəsizliyinə tam təminat verir, indiyədək nəinki Laçın yolunda, ümumiyyətlə, münaqişənin 30 ilində onların avtomobilləri ilə bağlı heç bir insident olmayıb. Ağdam–Xankəndi yolundan istifadədə də hamını razı salan nəticə əldə olunacaq. Bunun əksini düşünənlər isə bağlı qapı arxasında qalacaqlar. Rəsmi Bakı buna tam zəmanət verir.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də Azərbaycanın Ağdam vasitəsilə Qarabağa humanitar yardım göstərməyə hazır olduğunu bildirməklə, Aİ-nin də bu yola qarşı çıxmadığını təsdiqləmişdi. “Mən Azərbaycanın Ağdam vasitəsilə humanitar yükləri bərabər şəkildə həyata keçirməyə hazır olduğunu da qeyd etdim… BQXK-nın tibbi təxliyənin bərpasını da alqışlayıram”, – deyə Avropa İttifaqının rəhbəri bu yola dəstəyini bildirmişdi.

Analitiklər də hesab edirlər ki, Azərbaycan BQXK-ya Ağdam-Xankəndi yolu ilə Qarabağ erməniləri üçün humanitar yardımların aparılması təklifində həm maddi-texniki təminat, həm də beynəlxalq hüquq baxımından haqlıdır.

Mütəxəssislər onu da vurğulayırlar ki, bu, Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsini təmin etməyin ən kəsə yoludur. Məlumdur ki, keçmiş SSRİ dövründə Qarabağın təchizatı məhz bu yol vasitəsilə həyata keçirilirdi. 1970-ci illərin sonlarında Azərbaycan hökuməti də rayonun yol hərəkətini tamamlayan Xankəndiyə Bakı-Ağdam dəmir yolunun tikintisini başa çatdırmışdı. İndi logistika baxımından bu yol BQXK üçün Laçın marşrutundan daha əlverişlidir. Fakt budur ki, BQXK-nın Bərdə şəhərində nümayəndəliyi və müvafiq resurs bazası var. Bərdədən Ağdama 45 kilometr, Ağdamdan Xankəndiyə isə cəmi 26 kilometrdir. Halbuki İrəvan ilə Xankəndi arasında məsafə 330 kilometrə bərabərdir.

Yeri gəlmişkən, Xankəndini Bakıdan təxminən eyni məsafə ayırır və bu marşrutun üçdəikisi yüksək sürətli magistraldır. Yəni hətta Bakıdan da BQXK çatdırılmaları daha rahat və tez həyata keçirə bilər. Təbii ki, Ağdam-Xankəndi yolundan istifadə təklifi rəsmi Bakının Qarabağ regionunun reinteqrasiyası istiqamətində həyata keçirdiyi kursa uyğundur.

Ancaq Ermənistan və onun xarici himayədarları bu yoldan istifadə etmək istəmirlər və bununla da siyasi spekulyasiyaya yol verirlər. Əslində, ermənilərin bu imtinasını rasist yanaşma kimi də qiymətləndirmək olar.

Ermənilər iddia edirlər ki, guya, İrəvandan gətirilən məhsullar “daha yaxşıdır”. Bu iddiaların heç birinin əlbəttə ki, normal əsası yoxdur. Ermənilər belə bir iddianı ortaya atmaqla yalnız irqçi təfəkkürlərini bir daha dünyaya nümayiş etdirirlər.

Bu məsələdə diqqət çəkən daha bir mühüm məqam var. Heç soruşan varmı ki, Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycana gətirilməlidir? Belə çıxır ki, Ermənistan humanitar yardım adı altında başqa ölkəyə göndərdiyi məhsullardan gəlir əldə edir. Buna heç bir halda yol vermək olmaz.

Nigar Orucova, “İki sahil”