04 avqust 2023 01:32
456

Avropasayaq ssenarinin fransız süjeti

 Ermənistanla Azərbaycan arasında  sülh sazişinin imzalanmasına tərəfdar olmaq  görüntüsü yaradan, müxtəlif  masalarda danışıqlar aparmaqla « mən də varam» deyən məddah dövlətlərin  Cənubi Qafqazla bağlı  qərəzli  maraqları aşkarlanır. Hazırlanan ssenarilər zamanına və baş verən hadisələrin axarına görə dəyişsə də, məqsəd eynidir:  Bölgədə hegemonluğa nail olmaq!  Dolaşıq kələfə bənzəyən  sülh kabusundan ilanın ala çatıdan qorxduğu kimi  çəkinən Ermənistanı  istədikləri səmtə yönəldib,  şoularının əsas rolunun ifaçısı baş nazir  Nikol Paşinyandan istifadə edərək tula payı hesabına mənfur niyyətlərini  həyata keçirməyə çalışan   «müəlliflər» artıq kulisdən açıq səhnəyə çıxırlar. Son günlərdə  Azərbaycanın ərazisi olan Laçın sərhəd-buraxılış məntəqəsindəki gərginliklər də həmin şouların iyrənc, eyni zamanda gülünc  ssenarisidir.

…Ukrayna -Rusiya müharibəsi başlanan gündən  Kremlə qarşı  səlib müharibəsinə başlayan, Kiyevə yardımlar göstərən  Qərb dairələri, Avropa dövlətləri siyasi   masalarda danışıqlar təşkil edərək müxtəlif yollarla   hərbi əməliyyatlara müdaxilə edirlər. Məqsəd əsrlərboyu özünü hegemon dövlət kimi tanıdan Rusiyanı zəiflətmək, dünyanın yeni düzənini formalaşdırmaqdır. İstəklərini reallaşdırmaq üçün  əvvəllər hazırladıqları ssenariləri təkrar edənlər  Azərbaycanı hədəf seçərək  növbəti dəfə   «Qarabağ düyünü»ndə ilişib qalıblar.

 44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə sabitlik, Ermənistanla Azərbaycan arasında sülh  yaratmaq üçün  10 noyabr 2020-ci ildə imzalanmış  Bəyanata əsasən Rusiyanın sülhməramlı kontingenti müvəqqəti olaraq   Azərbaycanın Qarabağ  bölgəsində  yerləşdirildi.  Amma  üzərinə düşən missiyanı nəzərdə tutulduğu istiqamətlər üzrə yerinə yetirməyən   məramsız məramlılar əksinə əvvəlki ənənələr  üzrə  dəstəklədikləri  Hayastana gözün üstə qaşın var demədikləri bir yana, onları mütəmadi silahlandırmaq təcrübələrini davam etdirirlər.  Sərhəd bölgəsində yerləşən  Azərbaycanın hərbi mövqelərini davamlı atəşə məruz qoyan separatçı  rejimin terrorçularının təxribatlarını  «görməyən qırmızı ulduzlu paqonlular» lazım gəldikdə qeyri-qanuni silahların   Xankəndiyə daşınmasına , Azərbaycanın təbii sərvətlərinin istismarına yardım da  göstərirlər. «Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Xalqımıza məxsus  təbii sərvətlərimizin  qanunsuz istismarına etiraz edən  Azərbaycanın qızıl, mis mədənlərində monitorinqlərin keçirilməsinə icazə verməməklə də Ermənistana dəstəyini davam etdirən  həmin missiyalılar təbii sərvətlərimizin qanunsuz daşınmasına  dəstək göstərirdilər.  Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yol yenə də bağlı deyildi, hərəkət azad idi» söyləyən Prezident İlham Əliyev Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının, xüsusilə  müalicəyə ehtiyacı olanların tələbatlarının daim ödənildiyini diqqətə çatdırır.  Beynəlxalq Qızmızı Xaç Komitəsinin emblemi altında  separatçılar üçün qacaq mal daşınması kimi suverenliyimizə  hörmətsizlik olan  əməllər təbii ki, Azərbaycan xalqının narazılığına səbəb oldu.  Laçın  buraxılış- sərhəd məntəqəsində  Rusiya sülhməramlılarının gözləri qarşısında Azərbaycan bayrağına qarşı təxribat törədən separatçıların bir əsgərimizi yaralaması isə müstəqilliyimizə hörmətsizlik idi. Bu səbəbdən müvəqqəti bağlanan Laçın sərhəd-buraxılış məntəqəsində hərəkət  sonradan bərpa edildi.  Növbəti təxribat isə  maşınlarının üzərində , uniformalı  sürücülərinin  geyimində  Qırmızı Xaçın emblemi olan müəmmalı yük karvanının  separatçılara qeyri-qanuni daşımaları oldu. «Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir» söyləyən Prezident İlham Əliyev  Laçın sərhəd-keçid məntəqəsi ətrafında yaranan gərginliyin  əsas səbəbkarının Ermənistanın xunta rejiminin olduğunu açıqlayır. Bütün dünyanın, Ermənistanın  baş naziri Nikol Paşinyanın «Qarabağ Azərbaycandır!» söyləməsinə baxmayaraq, son günlərdə  bu yolda yaranan vəziyyət üçün Azərbaycanı günahlandıranların bəhanələri əsassızdır. Halbuki, Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisinin Bakıdakı quruma tabe olması tələbi Azərbaycanın legitim hüququdur.
Artıq bütün dünya ictimaiyyəti dəqiq bilir ki,  Xankəndidə bilərəkdən  yaradılan «humanitar böhran» siyasi oyununda  da Rusiyaya rəqib dairələrin əli vardır. Bir neçə gündür ki, Ermənistandan gələn, Laçın sərhəd- buraxılış məntəqəsindən Xankəndiyə keçmək istəyən   yük maşınlarını müşayət edən Avropa İttifaqının (Aİ)  təmsilçilərinin yəqin ki, Brüsseldə keçirilən  görüşlərdən xəbəri vardır.  Artıq altı dəfə baş tutan danışıqlarda  dəfələrlə bildirilib ki, Qarabağ Azərbaycanın toxunulmaz ərazisidir. Belə halda rəsmi Bakının icazəsi olmadan Aİ nümayəndələrini  və gözətçilik etdikləri «humanitar maşın karvanlarını» ərazimizə buraxmaması beynəlxalq hüquq normalarına  tam uyğundur. Prezident İlham Əliyevin bu qətiyyəti həm də  əzəli, əbədi rəqiblərimizə  daha bir mesajdır: «Heç bir qüvvə Azərbaycanın ərazisinə  icazəsiz daxil ola, suverenliyimizə xələl gətirə bilməz.»

«Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi» söyləyən Prezident İlham Əliyevin qətiyyətinə bütün dünya şahidlik edir.  Hələ də içərisində hansı yüklərin olduğu bilinməyən, erməni ekspertlərinin açıqlamalarına istinad edilsə  bəlkə də boş maşınların Laçın sərhəd- keçid məntəqəsində gün sayması dövlət başçımızın siyasi iradəsinin nəticəsidir.   Ermənistana qarşı hər hansı bir ərazi iddiası olmayan  Azərbaycan ölkəmizin suverenliyinə qarşı cəhdlərin qarşısının qətiyyətlə alınacağını da bildirir. Ukraynaya kömək naminə  birləşən,  Gürcüstanın separatçı regionları ilə bağlı etirazlarını bildirən  Avropanın eyni mənşədən  qaynaqlanan «Xankəndi oyunu»na,  separatizmə, terrora dəstəyi,  Azərbaycana qeyri- səmimi münasibətin, ikili standartların hələ də sülhə təhdid olmasının danılmaz ifadəsidir.

 Bu günlərdə   «Euronews» televiziyasına müsahibəsində   «Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik» söyləyən Prezident İlham Əliyev separatçıları dəstəkləyən dairələri haqqa, ədalətə dəvət edir.  1988-ci illərdə etnik təmizləmə aparan Ermənistanın vəhşiliklərinin qurbanlarını yada salan dövlət başçımız o hadisələrdə  doğma torpaqlarından didərgin salınan Qərbi Azərbaycandan zorla çıxarılan, deportasiyaya məruz qalan soydaşlarımızın ata yurdlarına qayıtmaq hüquqlarının olduğunu  da xatırladır.

Ermənistan  beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərini düzgün dəyərləndirməlidir. Əgər onlar Azərbaycanla sülh sazişi imzalamasalar gələcəkdə daha acınacaqlı vəziyyətlə üzləşməli olacaqlar.  Erməni icmasına  dəfələrlə bildirilib ki, onlara  görə  Azərbaycana qarşı  heç kim döyüşməyəcək. «Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar» sözləri ilə Xankəndi ermənilərinə müraciət edən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün yaşadıqları  vəziyyət onların xeyrinə dəyişməyəcək.  Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər.

 Son günlərdə  qatı terrorçu, Meşəlidə soydaşlarımıza qarşı amansız rəftar edən 25 nəfər kənd sakinini qətlə yetirən, illərdən bəri Xankəndidə gizlənən Vaqif Çerkezoviç Xaçaturyanın sərhəd dəstəsinin hərbçiləri tərəfindən həbs edilməsi  Azərbaycanın terrora qarşı davamlı mübarizəsinin ifadəsidir. İllərdən bəri törətdikləri qətliamlardan gizlənərək  cəzadan kənarda qaldıqlarını zənn edən erməni cəlladları  unutmasınlar ki, onları da eyni aqibət gözləyir. Bu hadisənin qanunsuz yük  maşınlarını müşayiət edən Avropa İttifaqının təmsilçilərinin  də izləməsi o deməkdir ki,   ölkəmizə qarşı təhdidlər, təzyiqlər  qüdrətli Azərbaycanın qətiyyətli lideri İlham Əliyevin   dəyişilməz qətiyyəti   qarsısında gücsüz,  ölkəmiz əleyhinə qəbul olunan bəyanatlar kağız parçasıdır.

Artıq bir neçə gündür ki, Xankəndi erməniləri tərəfindən Bakıya gəlmək üçün xeyli müraciətlər daxil olub. Hərbi cinayətlərdə iştirak etməyənlər   Prezident İlham Əliyevin çağırışlarını razılıqla qarşılayaraq  Milli  Konstitusiyamıza uyğun  Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirirlər. Necə deyərlər, haqq nazilər, üzülməz. Azərbaycan öz istədiklərinə nail olacaq,  Xankəndidə separatçı tör-töküntülərinin, Ermənistanın terrorçularının kökü kəsiləcək.

Xuraman İsmayılqızı, "İki sahil"