02 avqust 2023 19:28
157

Gücümüzü daha da artırmalıyıq

2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan kapitulyasiya bəyanatının 4-cü maddəsində də Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə öhdəlik götürür ki, bu da sözügedən sənədin həm mahiyyət etibarilə, həm də hüquqi baxımdan kapitulyasiya aktı olduğunu təsdiqləyir. Ermənistanın təslim olan tərəf kimi üçtərəfli Bəyanatla üzərinə götürdüyü digər öhdəliklər, o cümlədən Ağdam, Kəlbəcər və Laçın rayonlarının müqavimətsiz təhvil verilməsi ilə bağlı məqamlar da rəsmi İrəvanın məğlubiyyətlə barışdığını və vasitəçi tərəfin iştirakı ilə müvafiq şərtlər daxilində müharibənin dayandırılması barədə Azərbaycana müraciət etdiyini sübuta yetirir. Bununla yanaşı, 10 noyabr Bəyanatının 9-cu bəndində yer alan istiqamətləri, xüsusilə də Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri, həmçinin dəhlizlə bağlı məsələnin Azərbaycan ilə Ermənistan arasında 30 ilə yaxın davam edən münaqişə dövründə heç bir vaxt müzakirə predmeti olmadığı nəzərə alınarsa, kapitulyasiyanın mahiyyəti və mənzərəsi tamamilə aydın olur.

10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca humanitar atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı.

18 oktyabrda, Ermənistan silahlı qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu.

Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı.

22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı. Azərbaycan və Ermənistan xarici işlər nazirləri 23 oktyabrda ABŞ dövlət katibi Mayk Pompeo ilə, 24 oktyabrda isə dövlət katibinin müavini Stefen Biqanla görüşdülər. Tərəflər 25 oktyabrda birgə bəyanatla çıxış edərək, 26 oktyabr saat 8:00-dan etibarən başlanacaq humanitar atəşkəsə dair razılaşdırdıqlarını bildirdilər. Hadisədən sonra ABŞ prezident Donald Tramp özünün rəsmi Twitter və Facebook səhifələrində paylaşım edərək Azərbaycan və Ermənistan dövlət başçılarını təbrik etdi.

2020-ci ildə Azərbaycan tərəfinin başladığı genişmiqyaslı əks-hücum əməliyyatı cəmi 44 günə torpaqlarımızın işğaldan azad edilməsi və noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Torpaqlarımızın işğaldan azad edilməsi və orada aparılan bərpa-quruculuq işləri ermənilərin bölgəmizə vurduqları mənfi təsirlərlə bağlı bir sıra problemləri üzə çıxardı. Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin başını əzdi və onu doğma torpaqlarımızdan qovdu. 30 illik işğaldan sonra ərazi bütövlüyümüz bərpa edildi. Döyüş meydanında məğlub olan Ermənistan üçtərəfli Bəyanatı imzalasa da, hələ də sülh sazişini imzalamaqdan yayınır. Bu gün bütün dünya ictimaiyyəti, beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Amma hər halda biz gücümüzü daha da artırmalıyıq. Çünki təcrübə də göstərir ki, haqq da, ədalət də güclünün yanındadır

Mirhaşim Calalov,
YAP Xətai Rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü