02 avqust 2023 21:31
407

Azərbaycan dünyəvi, tolerant dövlətdir

Hər müsahibə bir mövzu ətrafında səmimi söhbətləşmədi. Müsahibə həm də daha geniş audi­to­­ri­ya (oxucu, dinləyici, tamaşaçı) üçündür. Ölkə başçılarının müsahibəsi həm də dövlət maraq­la­rını əhatələyir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına müsahibə verib. Müsahibə avqustun 1-də  “Euronews“da yayımlanıb. Bu müsahibə İkinci Qarabağ müharibəsini, müharibənin xarak­te­rini, üçtərəfli bəyanatın mahiyyətini, nəticələrini, müharibədən sonrakı vəziyyəti - qalib və məğ­lub dövlətlər arasındakı müna­si­bətləri əhatələyib. Bütün müharibələrin sonu danışıqlardır. Bu müharibə də sonda danışıqlarla, razılaşma ilə başa çatdı, bu razılaşmanın şərtlərini qalib Azərbaycan müəy­yən­ləşdirdi ki, bura da ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanın­ması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləri daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verilən suala cavab olaraq dedi: “Azər­­­­­bay­can 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”.

İllərlə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi tanıdılan torpaq iddia­sını beynəlxalq təşkilat kimi ATƏT-in Minsk qrupu həll etməyə səlahiyyətli idi. Ancaq birtərəfli mövqe bu problemin həllini 28 il uzatdı. Bu təşkilatın həll edə bilmədiyini Azərbaycan Ordusu döyüşlə həll etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu haqda da fikir bildirdi: “Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir”.

İkinci Qarabağ müharibəsi, qazanılan Zəfər bölgədə siyasi münasibətlərə də təsir göstərdi, ədalətli müharibə aparan Azərbaycana da, işğalçı Ermənistana da münasibətlərdə ciddi dəyişiklik­lər yaratdı. İşğala meyillər də üzə çıxdı, bəşəriliyə meyillər də. Bu nöqteyi-nəzərdən ölkə başçımız dedi ki, “İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlan­dı­rılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayan­ma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi”.

Beynəlxalq təşkilatlar bir qayda olaraq tərəfsizlik prinsipi ilə fəaliyyət göstərməlidir. Bu fəaliyyət dürüstlük, doğruluq, aşkarlıq əsasında tənzimlənməlidir. Həmişə belə olmur. Ermənis­ta­nın işğalçılıq siyasətinə bələd olan beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən sonra da bu dövlətə qayğı ilə yanaşmağa meyil göstərir, bəzən ciddi qanun pozuntularına da əl atır. Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində belə bir mühüm məqamı da diqqətə çatdırdı: “Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç Ko­mi­tə­sinin yük ma­şın­larının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaq­mal­çılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir”. Bu fakt Qırmızı Xaç Komitəsinin nüfuzunun eroziyası deyilmi?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də bildirdi ki, “Biz onların döv­ləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”...

Bu müsahibə Azərbycan gerçəkiliklərinin ictimailəşdirilməsi baxımından olduqca gərəkli müsahibə kimi tarixləşdi və bir daha təsdiq olundu ki, Azərbaycan bəşəri dövlətdir, dünyəvi döv­lət­dir, tolerant dövlətdir.

Səbinə Xasayeva,
Milli Məclisin deputatı