03 avqust 2023 00:16
483

"Qırmızı Xaç”: humanitar təşkilat, yoxsa erməni təəssübkeşi?     

44 günlük İkinci Qarabağ müharibəsi başa çatan gündən bəri Ermənistanla Xankəndi arasında intensiv nəqliyyat hərəkəti və daşımalar mövcud olub. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin separatçı rəhbərləri ölkəmizin bu hissəsindəki mədənləri və yataqları vəhşicəsinə istismar edərək Ermənistana daşımaqla məşğul olublar. Əks istiqamətdə isə silah-sursat, canlı qüvvə və s. gətirilib. Torpaqlarımızın barbarcasına talanının qarşısını almaq üçün Gorus-Xankəndi marşrutunda, Laçın yolunda azərbaycanlı ekoloji fəalların və vətəndaş cəmiyyəti mənsublarının dinc aksiyası Ermənistanın hakimiyyət dairələri ilə Xankəndidəki separatçı rejimin planlarını pozdu. Çünki Laçın yolu ilə yalnız RSK texnikası, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və ermənilərin fərdi avtomobilləri hərəkət edə bilirdilər. Situasiya ermənilər üçün ağırlaşdıqca, onlar çıxış yolları aramağa başlamışdılar. İlkin olaraq qarabağlı erməni separatçılar Ermənistana torpaq yollarla, cığırlarla yollanmağa çalışdılar. Amma Azərbaycan Ordusu bu cəhdlərin də qarşısını aldı və sonucda İrəvandakı hakimiyyətlə Xankəndidəki separatçı xunta alternativ, eyni zamanda effektiv variant qismində Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) yararlanmağı seçdilər. Sözügedən beynəlxalq təşkilatın Ermənistandakı nümayəndəliyi, xüsusilə də Gorusdakı ofisi qarabağlı ermənilər üçün qaçaqmal vasitəçisinə çevrildi. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bəyanatına və xüsusilə də ciddi yoxlama-təftiş prosedurlarına qədər BQXK-nın aylarla hansı daşımaları, necə həyata keçirdiyini təxmin etmək çətin deyil. Ermənistanla şərti dövlət sərhədimizdə, Həkəri çayı üzərindəki körpünün yaxınlığında sərhəd nəzarət-buraxılış məntəqəsi inşa edilərək istifadəyə verilənədək aparılmış daşımalarda nələr gətirilib, nələr aparılıb - bunu Xankəndidəki separatçı rejimlə Ermənistanın hakimiyyət dairələri yaxşı bilir. Elə Azəbaycan tərəfi də.. BQXK-nın hər gün orta hesabla 12-15 nəfəri Xankəndidən Gorusa və İrəvana xəstə, yaxud ciddi tibbi müdaxiləyə ehtiyacı olan pasient kimi apardığını, daha sonra təxminən o sayda ermənini geriyə, Xankəndiyə gətirdiyini xatırlamaq yetər ki, beynəlxalq təşkilatın humanitar fəaliyyət qismində təqdim etdiyi prosedurlarına şübhə yaransın.

Görünən odur ki, özündə dünya üzrə 100 milyon nəfərə yaxın könüllünü, üzv və işçi heyətini cəmləşdirən Beynəlxalq Qırmızı Xaç Komitəsi Laçın yolunda və Qarabağda qanunsuz əməlləri ilə bütün fəaliyyətinə kölgə salır. Belə ki, 160 yaşlı humanitar təşkilat Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntularına yol verib, təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıqla məşğul olublar.

Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsi zamanı bu məsələyə toxunaraq təəssüf hissi ilə bildirdi ki, BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb: “…əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar”.

Bundan başqa, bu gün BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir, nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənir. Nəyə görə Azərbaycanın suveren ərazisində hansısa beynəlxalq təşkilatın ofisi fəaliyyət göstərməlidir? Qarabağa gəlib-gedənlər komitənin İrəvan ofisinin təmsilçiləridir. Təşkilat isə Azərbaycan ərazisində “humanitar əməllər” həyata keçirir. Halbuki, komitənin Bakıda da ofisi var və o, mandatına uyğun olaraq fəaliyyət göstərə bilər. Prezident İlham Əliyev: “…əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”.

Xatırladaq ki, Azərbaycan ilk dəfə bu təşkilatla 90-cı illərin əvvəlində Qarabağda başlayan müharibə zamanı tanış oldu. Erməni vəhşiliyi nəticəsində itkin düşmüş, əsir götürülmüş, əzablara düçar olunmuş, ermənilər tərəfindən diri-diri yandırılan, əzaları kəsilən, kor edilən, təcavüzə məruz qalan azərbaycanlıların xilası üçün guya buralara gəlmişdilər. Amma əslində onların amalı heç də xilas deyildi. BQXK Azərbaycanlı əsirlər üçün heç bir addım atmadı. Sözügedən azərbaycanlıların - gənc oğul və qızlarımızın, yaşlılarımızın, qadın və uşaqlarımızın sonrakı talelərindən xəbər alınmamışdır. Vaxtilə əsir düşmüş azərbaycanlılar üçün barmağını tərpətməyən BQXK, indi ermənilər üçün siqaret və benzin qaçaqmalçılığı edir. Vəziyyət indi də dəyişməyib: BQXK hazırda Ermənistanda qanunsuz saxlanan iki azərbaycanlı əsgərin azad edilməsi üçün zərrə qədər fəaliyyət göstərmədiyi halda, Xankəndidəki separatçı rejimi dəstəkləyən, RSK-nın nəzarət arealında yaşayan erməniləri əməlləri ilə müdafiə edir.

Beləliklə, BQXK ölkəmizdə fəaliyyət göstərirsə, bizim qanunlara əməl etməlidir. Komitə, faktiki olaraq, Xankəndidəki missiyasını İrəvandan idarə edir. Halbuki, Xankəndi Azərbaycanın ərazisidir və bu, BMT tərəfindən qəbul edilib. 44 günlük müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Belə olan halda BQXK-nın Xankəndidəki ofisinin Ermənistana bağlı olması qondarma vəziyyət yaradır. Çünki bununla BQXK Azərbaycanın ərazi bütövlüyünü pozur və humanitar missiyasını siyasiləşdirmiş olur.

Sevinc Azadi, “İki sahil”