Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ilə yaxın müddətdə sözdə eyni dinə, adət-ənənələrə malik Azərbaycanla həmrəylik görüntüsü yaradan İran əslində Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Çar imperiyası ilə fars rejiminin imzaladıqları «Gülüstan» və «Türkmənçay» müqavilələri ilə ayrı salınan azərilərin yenidən birləşəcəyindən qorxan rəsmi Tehran xarici siyasətinin əsas amili olan bu həmrəyliyin baş tutmaması üçün hər cür xəyanətə əl atıb. Torpaqları Ermənistan tərəfindən işğal altında saxlanıldığı müddətdə belə bölgədə sabitliyin, mehriban əməkdaşlığın qorunması üçün səylərini artıran, başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan Azərbaycan dəfələrlə bildirib ki, öz ərazisindən qonşu ölkələrə hərbi təcavüzə yol verilməyəcək. ABŞ-la İran arasında münasibətlərin gərginləşdiyi məqamlarda belə əqidəsinə sadiq qalaraq qarşıdurmanın yaranmaması üçün barışdırıcılıq missiyasını davam etdirən Azərbaycan humanitar siyasətinə daim sadiq qalır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistan üzərində Qələbəsini həzm edə bilməyən İran illərdən bəri pərdəarxası davam etdirdiyi xain niyyətlərini, məkrli planlarını gizlədə bilmədi. Vətən müharibəsinin davam etdiyi müddətdə işğalçı Ermənistanı silah- sursatla təmin edən fars rejimi postmüharibə dövründə də ənənələrinə sadiq qalaraq daha da quduzlaşıb. Ölkəmizə qarşı törətdiyi gizli təxribatları, təhdidləri artıq açıq şəkildə həyata keçirir.
Ermənistanla yaxınlığını hər məqamda bildirməyə çalışmaqla, ölkəmizə qarşı təhdidlərini , bəzən də səlahiyyətləri çatmasa belə hədələrini gizlətməyən qaragüruhçu molla rejimi işğaldan azad edilmiş sərhədboyu ərazilərimizdə irimiqyaslı hərbi təlimlər keçirməklə, təyyarələri ilə Azərbaycanın hava sərhədlərini pozmaqla mənfur niyyətini gizlətmir. Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yerləşən separatçı tör-töküntülərlə birgə ölkəmizə qarşı təxribatlarda iştirak edən, humanitar yardım adı ilə erməni quldurlarını silahlandıran İranın xüsusi təlim keçmiş terrorçularının Xankəndiyə davamlı «səfərləri» də guya qardaş adlandırdığı xalqımıza qarşı yaranan nifrətin ifadəsidir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatında nəzərdə tutulan kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılmasına daha çox əngəl törədən İran bu əməli ilə Türkiyə - Azərbaycan qardaşlığının möhkəmlənməsinə də qarşı çıxır.
İranda yaşayan çoxsaylı soydaşlarımızın Azərbaycanla əlaqələrinin yaranmasını özü üçün təhdid və təhlükə hesab edən İran ölkəsində yaşayan türklərə qarşı amansız rəftar edir, onların ərzaqla, enerji və daha çox ehtiyac duyulan məhsullarla təminatının qarşısını alır.
Gənc qızın əxlaq polisi tərəfindən öldürülməsi ilə bağlı ölkədə başlanan, aylardan bəri davam edən aksiyalarda azyaşlılar da daxil olmaqla 500-dən artıq türkün işgəncələrlə öldürülməsi bu ölkədə hələ də mövcud olan despotizmin, vəhşiliyin göstəricisidir. Tarixən Azərbaycan torpağı olan Qafanda İranın, əhalisinin əksəriyyətinin azəri türkü olan Təbrizdə isə Ermənistanın konsulluqlarının açılması mənfur niyyətlərdən qaynaqlanır.
Ermənistan kimi terroru dövlət səviyyəsində dəstəkləyən İranın xüsusi xidmət təşkilatı olan «SEPAH» kimi digər dini radikalizm birləşmələrinin müxtəlif ölkələrdə törətdikləri qanlı hadisələr, diplomatik korpuslara edilən hücumlar bu ölkənin faşizm qaniçənliyini göstərən çoxsaylı nümunələrdəndir.
27 yanvar 2023-cü il tarixində Tehranda ölkəmizin səfirliyinin binasına hücum edərək diplomatik xidmət əməkdaşlarının atəşə tutulması molla rejiminin əvvəlcədən planlaşdırdığı, hazırlanmış terror idi.
Despotizmin hökm sürdüyü bu ölkədə diplomatik korpuslara hücumlar tarixin bütün dövrlərində təşkil edilib. 1828-ci ildə imzalanan «Türkmənçay» müqaviləsindən sonrakı ildə İranla çar Rusiyası arasındakı münasibətlərin yaranması ilə məşğul olan Aleksandr Qriboyedovu və
səfirliyin 35 mühafizəçisini qətlə yetirən terrorçular, 1979-cu il noyabrın 4-də ABŞ-nin bu ölkədəki səfirliyinə qarşı da oxşar əməllərini davam etdirmişlər. 2006-cı il fevralın 7-də Danimarkanın Tehrandakı səfirliyinə hücum zamanı diplomatik korpusun əməkdaşlarına xəsarətlər yetirilmişdir. 2011-ci ilin noyabrında isə Britaniyanın Tehranın mərkəzindəki səfirliyi «Bəsic» yaraqlılarının hücumuna məruz qalmışdı. 2016-cı il yanvarın 2-də isə həmin qrupun üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna basqın etmişlər. Son illərdə Azərbaycanın Fransadakı və Böyük Britaniyadakı səfirliklərinə hücumlarda da erməni- fars birliyinin izləri vardır.
İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə Azərbaycanla bağlı bəzi məlumatları Ermənistana çatdıran İranın gizli təşkilatları bu əməlləri ilə də ölkəmizə xəyanət etmişlər. Xankəndiyə gizli yollarla daxil olmuş bu ölkənin terrorçularının sərhədlərimizdə törədilən təxribatlarda əllərinin olması şəksizdir. Azərbaycanla Türkiyəni hədəfə alan İran artıq riyakar, qəsbkar və hiyləgər simasını pərdələyə bilmir. Bölgədə yaratdığı reallıqlarla, dünyada möhkəmlənən mövqeyi, siyasi, diplomatik uğurları, güclənən müdafiə qüdrəti ilə nüfuzu artan Azərbaycana artan maraq İran-Ermənistan birliyinə öldürücü zərbədir. Təkzibolunmaz faktdır ki, bölgədə sabitliyin yaranmasına töhfələr verən Azərbaycan- Türkiyə qardaşlığı mayası xəyanətdən yoğrulan İran-Ermənistan məkrindən qat-qat güclüdür.
Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən «4-cü Sənaye İnqilabı Dövründə Yeni Media» mövzusunda Şuşa Qlobal Media Forumunda İranın «İRNA» Xəbər Agentliyinin dövlət başçımıza ünvanladığı sualda da məkrli fars üsul-idarəsinin «ab-havası» hiss edilirdi. Əvvəlki müsahibələrində siyasi hazırlığı, sağlam məntiqi, ən başlıcası isə qətiyyəti ilə müsahiblərini heyrətləndirən Prezident İlham Əliyev «Üzr istəyirəm, sualınız aydın olmadı. Xahiş edirəm, sualınızı təkrar verin», «Bəlkə bizdən bir az uzaqsınız, odur ki, sualınızı tam eşidə bilmirik. Xahiş edirəm, sualınızı moderatora söyləyin, o da bizə çatdırsın» sözləri qərəzli münasibətə obyektiv, ədalətli yanaşma idi. Bu sözlər ölkəmizə qarşı çirkin niyyətlərini başqalarının vasitəsi ilə həyata keçirən molla rejiminin dağıdıcılıq, bölücülük siyasətinin iç üzünün geniş auditoriyaya çatdırılması idi.
Hindistanın Ermənistana göndərdiyi hərbi texnika, silah –sursatların Xankəndi separatçılarına çatdırılmasında tranzit yol, vasitə olan İran terrorçulara dəstəyini başqa vasitələrlə də artırır. Azərbaycan istehsalı olan «Papaq» filmindəki dom Feyzulla kimi «bomba rabatay» edən Hindistanla İranın qərəzli maraqlardan qaynaqlanan «yaxınlığı» böyük ədib Mirzə Fətəli Axundovun bədii–fəlsəfi traktı olan «Kəmalüddövlə məktubları» əsərini yada salır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövlənin yazışmalarından bəhs olunan əsərdə bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların zülmündən qurtarmaq üçün əsarətə qarşı mübarizədən bəhs edilir. Əgər böyük ədib sağ olsaydı əsərinin adını da , süjetini də başqa cür yazardı. Amma çox heyf ki, terrorçu Ermənistana yardım edən dövlətlərin siyasətində humanizm, xeyirxahlıq, insanlıq əlamətləri yoxdur. Yəni «Dostunu göstər, sənin kim olduğunu deyim!» məsəli bu üçlüyün boyuna biçilib. Hələ ki, «bomba rabatay» formulu əsasında birləşən bu üçlüyün bumeranqla üzləşəcəkləri zaman ədalət məhkəməsində kimin qazandığını, kimin uduzacağını zaman göstərəcək.
Xuraman İsmayılqızı, "İki sahil"