03 avqust 2023 01:57
558

Zəngəzur dəhlizi açılacaq: Beynəlxalq dəstək var, hüquqi sənəd mövcuddur

İran və Fransa da daxil olmaqla heç bir kənar qüvvə bu marşrutun bərpasına  mane ola bilməz

Ölkələrin iqtisadi inkişafı, sosial islahatların həyata keçirilməsi, müdafiə qüdrətinin möhkəmlənməsi   enerji və nəqliyyatla  birbaşa bağlıdır.  Ölkəmizdə siyasi və iqtisadi islahatların  paralel olaraq həyata keçirilməsinin nəticəsidir ki,  ölkəmiz  infrastruktur layihələrin həllində də  aparıcı rola malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə dünyanın nəqliyyat xəritəsini yeniləyən  Azərbaycan  Çinin qlobal əhəmiyyətli «Bir kəmər, bir yol»” layihəsinə qoşulmaqla regional hədəflərini düzgün müəyyənləşdirdi, coğrafi üstünlüklərini  təsdiqlədi. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi ölkəmizin nəqliyyat infrastrukturunun   əhatəsini daha da genişləndirdi.  «Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir» söyləyən Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət, qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqlik  nəticəsində Azərbaycana    tranzit ölkə kimi maraq artır.

 «Bir kəmər, bir yol»” layihəsinə təkmil, formalaşmış  infrastrukturla qoşulan  ölkəmizdə bütün imkanlardan, potensiallardan səmərəli istifadə olunur. Bölgədə ən böyük infrastruktur Ələt BeynəlxalqTicarət Limanının yükdaşıma imkanları 15 milyon tondan 25 milyon tona çatdırılır.  Bölgədə nümunə olan gəmiqayırma zavodumuzda tikilən gəmilərin, tankerlərin sayı artırılır. «Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”» layihəsinin təşəbbüskarı  Azərbaycan Mərkəzi Asiya ölkələri üçün ən əhəmiyyətli   coğrafi məkandır.  Hesablamalara görə  Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 günə mənzil başına çatdırılır. Transsibir marşrutu ilə isə bu müddət 20 gün çəkir. Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməklə  Orta Dəhlizlə yükdaşıma   cəmi 12 günə başa gəlir. Lakin siyasi və iqtisadi rəqabətin getdikcə gücləndiyi beynəlxalq aləmdə  əldə olunanlarla kifayətlənmək dünyaya inteqrasiyadan geridə qalmaq deməkdir.  Alternativ  yolların,  daha ucuz vəsaitlə başa gələcək səmərəli  layihələrin reallaşması  günümüzün tələbidir. Zamanın tələbinə, hədəflərə, çağırışlara əməli fəaliyyəti ilə cavab verən,  Orta Dəhliz layihəsinin mərkəzində yerləşən Azərbaycan yeni marşrutların inşası baxımından  liderliyini bu gün də qoruyur. Bütün dünya dövlətlərinin marağına uyğun,  Azərbaycanla Türkiyənin birgə  səyi ilə reallaşacaq    Zəngəzur dəmir  və avtomobil yollarının bərpası ilə  məsələnin siyasi müstəvidə aktuallığını qoruması təsadüfi deyil.

«Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcəkdə  bu dəhlizlə  daşımalar dövlətlərarası  əməkdaşlığı genişləndirəcək, marşrut  boyunca bir çox istehsal sahələri yaradılacaq. Geosiyasi baxımdan mövqeyi möhkəmlənən Azərbaycan təkcə tranzit ölkə deyil,  böyük  imkanlara malik iqtisadi sənaye zonalarının mərkəzi kimi tanınacaq. Artıq fəaliyyətə başlayan Ələt Azad İqtisadi Zonası bölgə dövlətləri kimi digər ölkələr üçün də cəlbedici olacaq. Qarşılıqlı fəaliyyət  üçün geniş imkanlar yaranacaq. Çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan isə multikultural  dövlət olmaqla sabitlik, inkişaf, tərəqqi  tərəfdarıdır.   Avropa ilə Asiyanı birləşdirəcək Zəngəzur dəhlizinin  bərpası  ilə tariflər daha  ucuz, məsafələr yaxın olacaq.

 İkinci Qarabağ müharibəsindən sonra   Ermənistanın işğalından azad edilən  Azərbaycan torpaqlarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasında da məqsəd bu dəhlizin inşasını sürətləndirməkdir. «Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır»  söyləyən  Prezident   İlham Əliyevin bildirdiyi kimi,  keçmiş köçkünlərin doğma yurdlarına Qayıdış Konsepsiyasında   Zəngəzura dönüşün vacibliyi əsas amil kimi nəzərdə tutulur.
 Şərq-Qərb,  Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yolu, hava limanları, donanma, yaxud dəniz limanı  üzrə bütün hazırlıqlara diqqət göstərilən ölkəmizdə  Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı  göstərdiyi  qətiyyətin beynəlxalq birlik tərəfindən birmənalı dəstəklənməsi bir daha göstərir ki, qlobal  enerji, nəqliyyat layihələrinin   coğrafi mərkəzi olan,  ölkələrarası münasibətlərin möhkəmlənməsi üçün  səylərini artıran Azərbaycanla Türkiyə arasında  imzalanan Şuşa Bəyannaməsinin əsas şərtlərindən olan bu  dəhliz
 tərəfdaş ölkələrin yükdaşıma problemlərinin həllində önəmli rol oynayacaq  və bölgədə əməkdaşlığın genişlənməsi imkanlarını artıracaq.

Fransanın, İranın və digər kənar qüvvələrin Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı  yaratdıqları şouların bir məqsədi də  Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Amma istənilən halda, Tehranın, Parisin hansı mövqeni tutmasından asılı olmayaraq, təkcə  Azərbaycanın deyil, bir çox böyük dövlətlərin də marağında olan, Çin ilə Avropanı birləşdirəcək Zəngəzur dəhlizi bərpa ediləcək.
Qarşıdakı illərdə  yüklər qatarla  Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq. Nəzərə alaq ki,   Avropa İttifaqı da bu yolun açılmasında maraqlıdır.  Çünki Orta Dəhlizin yükgötürmə qabiliyyətini artıracaq bu dəhliz Qərbin, Şərqin, eləcə də region dövlətlərinin, həmçinin Ermənistanın da maraq və mənafeyinə uyğundur.  Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğu üçün regional ticarətə müsbət təsir göstərəcək.

«Zəngəzur dəhlizinin açılması ilə bağlı çətinliklər Ermənistanla deyil, İranla bağlıdır. Tehranın mövqeyi həm Azərbaycanı, həm də bizi məyus edir. Eyni zamanda, daşımalara çox yüksək rüsum tətbiq olunub. Ümid edirəm ki, bu problem yaxın zamanlarda həll olunacaq» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, İran üçün təhlükə yaratmayan  bu marşrut Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İranın nəqliyyat infrastrukturlarını birləşdirəcək qlobal marşrutdur. Bəllidir ki,  Tehranı təşvişə salan   dəhlizin açılması ilə türk dövlətləri arasında intensiv əlaqələrin yaradılması və möhkəmlənməsidir. Amma Azərbaycanın bu məsələdə iradəsi ortadadır, beynəlxalq dəstək var, hüquqi sənəd kimi bəyanat mövcuddur. Bu baxımdan  gərginlik yaradan  təxribatlar, kənar təsirlər Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək. 

Xuraman İsmayılqızı, "İki sahil"