03 avqust 2023 01:18
570

Cinayətkarların təlaşları: “Hər birimiz növbəti olacağıq”

Azərbaycanın son aylar siyasət meydanında atdığı qətiyyətli addımlar Qarabağ iqtisadi rayonundakı separatçıların kürklərinə birə salıb. Odur ki, onlar müxtəlif yollarla aradan çıxmaq fikrinə düşüblər. İyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində xəstə adı altında Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri – Vaqif Çerkezoviç Xaçaturyanın belə bir cəhdi dediklərimizin sübutudur. Xəbər verildiyi kimi, bu qatil Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın nəzarət-buraxılış məntəqəsində saxlanılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, bütün hərbi cinayətkarların müəyyən edilib, həbs olunması istiqamətində əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək. Məlumatlara görə, rəsmi Bakının topladığı sənədlərdə soydaşlarımıza qarşı soyqırımlarda iştirak etmiş 300 nəfərə qədər separatçının adı çəkilir. Onların arasında Ermənistanın sabiq prezidentləri - Robert Koçaryan, Serj Sarkisyan da daxil olmaqla qondarma rejimin “prezidenti” Araik Arutyunyan, onun köməkçisi David Babayan, qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və digərlərinin adları da vardır. Bütün bunlardan onların özləri də məlumatlıdırlar. Məsələn, Qarabağın işğalında xüsusi əməliyyatlarda iştirak edən qatil, cinayətkar Samvel Babayan Azərbaycanın həbs edəcəyi cinayətkarların siyahısında adının olduğunu bildirib.

Bəli, bu separatçılar və digərləri  Vaqif Xaçaturyan olayına qədər çox “sakit” görünürdülər. Lakin Xaçaturyanın Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılması artıq onların yuxusuna haram qatıb. Onlar Vaqif Xaçaturyanın taleyini təkrarlamaqdan xoflanırlar. Yəni törətdikləri cinayətlərə görə cəzanın qaçılmaz olduğunu anlayırlar. Amma bu hadisəyə qədər cinayətkarlar elə düşünürdülər ki, Azərbaycan onların törətdikləri qanlı əməllərə görə materiallar toplamaqla kifayətlənəcək, yəni bu sadəcə sənəd kimi arxivlərdə qalacaq. Amma Azərbaycan Vaqif Xaçaturyanın timsalında onların həmin məsələdə yanıldıqlarını bir daha ortaya qoydu.

Bir sözlə, Qarabağdakı erməni separatçıları çıxılmaz vəziyyətə düşüblər. Hazırda onlar  “humanitar böhran” bəhanəsi ilə vəziyyətdən çıxmağa, daha doğrusu,  haray-həşir salaraq dünyanın diqqətini özlərinə çəkməkdə davam edirlər.  Xatırladaq ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim artıq xeyli zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Üstəlik, onlar utanıb-qızarmadan beynəlxalq hüquq normaları çərçivəsində saxlanılan Vaqif Xaçaturyanı tezliklə azad etməklə bağlı tələblər irəli sürür, müxtəlif instansiyalara məktublar göndərirlər. Şübhəsiz, onların bu tələbi dinc, mülki əhaliyə qarşı törədilmiş və törədilməkdə olan müharibə cinayətlərinə haqq qazandırmağa xidmət edir.

Bu məsələdə isə Qarabağdakı separatçıların nümayəndəsi, habelə Rusiyanın bölgədəki kuklası Ruben Vardanyan və qondarma rejimin “prezidenti” Araik Arutyunyan daha çox “fəallıq” göstərirlər və bununla da mülki erməniləri fəlakətlərə sürükləyirlər. Amma göründüyü kimi, bu şouların onlara heç bir faydası yoxdur və olmayacaq da. Srağagün Prezident İlham Əliyev  “Euronews” kanalına müsahibəsində Qarabağdakı ermənilərə qondarma liderlərinin arxasınca getməməyi tövsiyə edib. Yeri gəlmişkən qeyd edək ki, Qarabağda yaşayan əksər ermənilər artıq onların oyunlarından beziblər. Odur ki, sadə ermənilər etiraz səslərini qaldırmağa, separatçıların insanlığa yaraşmayan əməllərinə qarşı çıxmağa başlayıblar. Məsələn, dünən Xankəndinin mərkəzində bir nəfər separatçıları ittiham etməklə yanaşı, onların əməllərinə etiraz əlaməti olaraq ov tüfəngindən havaya atəş açıb. Separatçılar məlumat yayıblar ki, guya, həmin şəxs “dəli”dir. Görünür, bu, separatçıların yeni taktikasıdır.

Şübhəsiz, adlarını qeyd etdiyimiz separatçılar və digərləri  “biz təhlükə altındayıq” deməklə, əslində, Qarabağdakı erməniləri deyil, özlərini nəzərdə tuturlar. Çünki yaxşı bilirlər ki, gec-tez onları da  Xaçaturyanın aqibəti gözləyir. Tanınmış erməni blogger Roman Baqdasaryan sosial şəbəkə hesabında elə bu kimi səbəblərdən insanlıqdan uzaq olan Araik Arutyunyanı  və Ruben Vardanyanı “əclaf” adlandırıb. Bütün bunları özlüyündə analiz edən Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan isə “Facebook” səhifəsində “Hər birimiz növbəti olacağıq”, - sözlərini yazıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”