Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması həm qanunsuz silah daşınmasının qarşısını alır, həm də terməni terrorçuların qanun qarşısında cavab verməsini təmin etməkdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən, 32 il əvvəl Meşəlidə soydaşlarımızı amansızcasına qətlə yetirən terrorçu Vaqif Xaçaturyanın həbsi də bunu təsdiqləyir. Ermənistan tərəfi hər nə qədər diqqəti məsələnin mahiyyətindən yayındırmağa cəhd göstərsə də, fakt faktlığında qalır. Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Xaşçaturyan kimi yüzlərlə erməni terrorçu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs var. Rəsmi Bakının bu məsələdə prinsipiallıq nümayiş etdirməsi təbiidir. Xaçaturyan barəsində qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Yəni, Azərbaycan tərəfinin bu addımı beynəlxalq hüququn norma və prinsiplərilə ziddiyyət təşkil etmir. Hətta rəsmi Bakı bu prosesdə humanizm prinsiplərini də gözləyir.
Vaqif Xaçaturyanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb. Halbuki Ermənistanda Azərbaycanlı əsirlərə qarşı qəddar davranışlar bütün dünyanın gözü qarşısında baş verib. Yəni, İrəvanın “humanitar böhran”, “erməni əsilli vətəndaşlara qarşı təqib” iddialarının heç bir əsası yoxdur.
Çünki BQXK-nin vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb.
30 ildə Xocalıda, Edillidə, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrimizdə mülki əhaliyə qarşı soyqırımı və kütləvi qırğınlar törədən Ermənistan bu cinayətləri hər zaman xatırlamalı olacaq.
İstintaqın gedişində yeni faktların ortaya çıxması da istisna olunmur. Yerli televiziya kanallarında biz şahid ifadələrini dinləyirik. Bu ifadələrin hər biri Xaçaturyanın cani olduğunu təsdiqləyir. Bu isə o deməkdir ki, Azərbaycan qalib ölkə kimi öz ərazisində müharibə cinyətkarlarının sərbəst dolaşmasına imkan verməyəcək və buna görə heç kim rəsmi Bakını ittiham edə bilməz.
Könül Nurullayeva,
Milli Məclisin deputatı