31 iyul 2023 22:14
436

Hayastanın əsassız “humanitar vəziyyət” kampaniyası iflasa uğraycaq

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi təcavüzkar Ermənistanın 30 illik işğal altında olan Qarabağı və Şərqi Zəngəzur düşməndən azad edərək, tariximizə şanlı Qələbə yazdı. Tarixi ədaləti bərpa edən qəhrəman ordumuz bütün dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi. Rüsvayçı məğlubiyyətə uğrayan təcavüzkar Ermənistan 2020-ci il noyabrında 10-da kapitulyasiya aktına imza atdı.

İkinci Qarabağ müahribəsində tarixi Zəfər qazanan Azərbaycan dərhal qarşı tərəfə sülh təklif etdi. Hazırda rəsmi Bakı bu istiqamətdə əməli addımlar atır. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir.

Çox təəssüf ki, Ermənistan hələ də üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə əməl etmir, Azərbaycana qarşı hərbi təxribatlarının davam etdirir. Hayastan 2020-ci ilin noyabr ayında üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra da ölkəmizin ərazisinə minalar yerləşdirilməsinə son qoymayıb. Təbii ki, bütün bu faktlarlar sübut olunub. Azərbaycan təcavüzkar Ermənistanın törətdiyi bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması və ifşa olunması istiqamətində davamlı və sistemli tədbirlər həyata kiçirib. Məhz bunların nəticəsində Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 6 iyul tarixi qərarı ilə Laçın sərhəd buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiq edib, bu məntəqəni aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunub.

Azərbaycana qeyri-qanuni olaraq hərbi məhsulların və minaların ötürülməsi, eləcə də kommunikasiyaların açılışına Ermənistan tərəfindən maneçilik törədilməsi kimi bəyanatın ciddi pozuntularına önəm verməyən Fransa tərəfinin yanlışlıqla Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir.

Dövlətimizin başçısı daim bəyan edir ki, Azərbaycan hər zaman sülh tərəfdarıdır. Çox təəssüf ki, qarşı tərəf bu gün də müxtəlif təxribat və bəhanələrlə sülh prosesinə əngəl törədir. Prezident İlham Əliyev iyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Ölkəmizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb.

Bütün səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkmir. Bu yaxınlarda Laçın sərhəd buraxılış məntəqəsi buraxılış atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb və yalnız bir gün ərzində, 27 iyul tarixində Laçın sərhəd buraxılış məntəqəsindən 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidi təmin olunub. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə “Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir.

Bu günlərdə Hayastanın rəhbərliyi növbəti təxribata əl atıb. Belə ki, İrəvandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayan ermənilər üçün on doqquz “TIR”da 400 ton “humanitar yardım” gətirilməsi bunun əyani təsdiqidir. Humanitar yardım adı altında göndərilən yük karvanı sərhədimizə çatıb və ərazimizə keçə bilmir. Bununla bağlı Ermənistan rəsmiləri çeşidli bəyanatlar verirlər, əsassız olaraq ölkəmizi beynəlxalq hüququ pozmaqda gühanlandırırlar. Şübhəsiz onları bu cür təxribatçı əməlləri heç bir nəticə verməyəcək və fiaskoya uğrayacaq.

Nəhayət, bird aha əminliklə deyə bilərik ki, qalib Azərbaycan sülh danışıqlarına sadiqdir. Ancaq ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı istənilən təxribata layiqli cavab veriləcəkdir. İstər Ermənistan, istərsə də onun havadarları biləmilirlər ki, bundan sonra da hər hansı təxribata görə məsuliyyət Hayastanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Zahid Rza, “İki sahil”