Separatçıların “blokada” ilə bağlı iddialarını dəstəkləyən Avropa İttifaqının monitorinq missiyasının ölkəmizə qarşı təxribatları siyasi manipulyasiyadır
Bu ilin iyul ayının 15-də Brüsseldə Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə bir çox məsələlər müzakirə olundu. Görüşün nəticələri barədə açıqlamasında əvvəlki Brüssel, Kişineu, Vaşinqton, Moskva danışıqlarını xatırladan Şarl Mişel intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli müzakirələri sülh prosesinin normallaşmasını, Ermənistanla Azərbaycanın siyasi çərçivə kimi 1991-ci il «Alma-Ata Bəyannaməsi»”nə əsaslanmalarını tərəflərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, qarşılıqlı anlaşmaya doğru irəliləyiş kimi qiymətləndirib. Zəngəzur dəhlizinin inşasına dərhal başlanılmasını, Laçın yolunun açılmasını, Ağdamdan humanitar yardımların daşınması ilə bağlı variantları, rəsmi Bakının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirən Aİ prezidenti ehtiyatsızlıqdan Ermənistan tərəfinə keçən Azərbaycan əsgərlərinin azad olunmasının, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinin vacibliyini də əsas şərtlər kimi diqqətə çatdırıb.
Amma həmin « vacib» məsələlərə həsr olunmuş danışıqlardan keçən qısa müddətdə Avropa İttifaqının bəzi nümayəndələrinin dəvət olunmamış monitorinq missiyası ilə İrəvanda peyda olmaları Aİ Şurasının Prezidenti Şarl Mişelin tərəflər arasında gözlənilən danışıqların razılıqla davam edəcəyi ilə bağlı pozitiv düşüncələrinə kölgə salır.
Cənubi Qafqazda yerləşmək niyyətlərini gizlətməyən maraqlı dövlətlərin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına törətdikləri əngəllər bəllidir. Fransa başda olmaqla Ermənistanı silahlandıran İranın, Hindistanın, Rusiyanın işğalçıya dəstəyi bölgədə vəziyyəti daha da gərginləşdirir. Azərbaycanın öz ərazisi olan Laçında sərhəd keçid -buraxılış məntəqəsini yaratdıqdan sonra Xankəndidəki separatçılara daşınan silah-sursatların qarşısının alınması havadarları kimi Ermənistanın da əl-qollarını bağlayıb. Çirkin əməllərini davam etdirmək üçün müxtəlif yollara əl atan separatçıların yaratdıqları saxta «humanitar böhran» təlaşı İrəvanın növbəti şousudur. İyunun 15-də Laçın sərhəd-keçid məntəqəsində bir Azərbaycan hərbçisinin yaralanmasından, Dövlət bayrağımıza edilən hörmətsizlikdən sonra rəsmi Bakı lazımi tədbirləri gördü. Laçın buraxılış- keçid məntəqəsindən istifadəni dayandırdı. Qarabağa humanitar yardım aparan Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu keçiddən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq ittihamlarına görə məhdudlaşdırıldı. (Hazırda Azərbaycan tərəfi yalnız xəstələrin daşınması üçün keçid məntəqəsini açıq saxlayır.) Vəziyyəti siyasiləşdirərək, guya Xankəndidə «humanitar böhran» yarandığını, ərzaqların, dərmanların , tibbi ləvazimatların çatışmadığını bəhanə edən Ermənistan əvvəlki ənənələrinə sadiq qalaraq Azərbaycanın haqlı, ədalətli mövqeyini bütün dünyaya başqa cür çatdırmağa çalışır. Laçın yolu üzərindəki sərhəd-buraxılış məntəqəsinin bağlanmasının «humanitar böhran» üçün səbəb olmadığını Xankəndidə yaşayan erməni əsilli ermənilərin ehtiyaclarının ödənilməsi üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ilə bildirən Azərbaycanın alternativ variantı ilə razılaşmayan Ermənistanın məqsədi Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının dəstəyi ilə əvvəlki kimi silah-sursatın daşınmasını davam etdirməkdir. Halbuki, Ağdam-Xankəndi yolunun təklif edilməsi gələcəkdə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası baxımından vacibdir. Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın rəhbərlik etdiyi «Artsaxın İnkişaf və Təhlükəsizlik Cəbhəsi”» üzvlərinin Ağdamdan Xankəndiyə gedən yolu beton plitələrlə bağlaması, aksiyaların təşkili erməni məkrinin davamıdır. Qarabağda yaşayan azərbaycanlılar bildirirlər ki, Sovet İttifaqı dövründə də Qarabağ erməniləri gündəlik tələbat mallarını, o cümlədən ərzaqlarını almaq, yetişdirdikləri kənd təsərrüfatı mallarını satmaq üçün Ağdam bazarından istifadə ediblər.
Ermənistanın əsassız çığır-bağırlarına səs verərək rəsmi İrəvana gələn Avropa İttifaqının ermənipərəst təmsilçilərinin bir neçə gündür Laçın dəhlizindən keçmək üçün sərhəddə gözləyən 19 yük maşınına konvoyluq etməsi isə Xankəndi separatçılarının « humanitar böhran» çağırışına « xristian himayədarlığının» nümunəsidir.
İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenlə danışığı zamanı yaranan vəziyyəti təxribat, sülh prosesinə törədilən maneçilik adlandıran Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.
Separatçıların Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərilməsini xatırladan dövlət başçımız vurğulayıb ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq səviyyədə dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Yəni separatçıların «humanitar vəziyyət»” və «blokada»” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın davamına toxunub.
Bu sadalananlar hazırkı vəziyyətə aydınlıq gətirmək üçün qısa məlumatlandırma idi. Amma bu gün separatçıları, işğalçı Ermənistanı dəstəkləyənlərə bəzi məqamları xatırlatmağın zamanı və məqamıdır.
1992-ci ildən bəri Azərbaycanın ərazisi olan Naxçıvan Muxtar Respublikasını blokadada saxlayan Ermənistana qulaqburması verən bir avropalı tapılmadı. O illərdə hazırda ermənilərə dəstək olan Avropa İttifaqı kimi digər beynəlxalq təşkilatlar da daşnakların Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda törətdikləri soyqırımına göz yumdular. Başlıbel, Edilli, Qarakənd, Bağanız-Ayrım faciələrini təbii qarşıladılar. Çünki qətlə yetirilənlər azərbaycanlı, qatillər, cəlladlar isə ermənilər, din qardaşları idilər. Erməni vandallarının dini ocaqlarımızda saxladıqları, özlərinə məhrəm bildikləri donuzların belə xətrinə dəymədilər. 30 il işğal altında qalan Azərbaycan torpaqlarında xarabalığa çevrilən şəhər və kəndlərimizin dəhşətli mənzərələrini soyuqqanlılıqla seyr edən artıq tarixin arxivinə atılmış Minsk qrupunun bivec həmsədrləri kimi, avropalı qonaqlar da erməni konyaklarının təsirindən hallanaraq gözləri bağlanan bulaqlarımızın harayını da eşitmədilər. Azərbaycanın talanan sərvətlərindən özlərinə düşən paylardan bəhrələnən, korrupsiyalaşmış Avropa Parlamentinin ermənipərəst deputatlarını lazımi səviyyədə təmin edən erməni əsilli iş adamları bu gün də çirkin əməllərini davam etdirirlər. Elə bu səbəbdəndir ki, Xankəndi separatçılarının «humanitar böhran» harayına qoşulan ermənipərəst dairələrin Azərbaycan əleyhinə ikili standartlardan qaynaqlanan təxribatları, kampaniyaları sürətlənib. Hələ də Laçın dəhlizindən keçmək üçün sərhəddə gözləyən, içərisində nələrin gizlədildiyini separatçılardan başqa heç kimin bilmədiyi « humanitar yük» daşıyan maşınlardakı «ərzaqların» xarab olmasından narahatlıq keçirən « avropalı müşahidəçilər» «Spark» emblemli maşınlara gözətçilik edirlər. Amma Laçın dəhlizinin açılmasını istəyənlər 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını, bilavasitə Zəngəzur dəhlizinin bərpasını yada salmırlar. Dini radikalizmə, separatçılara, terrora dəstək göstərənlər Türkiyə başda olmaqla, Türk Dövlətləri Təşkilatına üzv dövlətləri birləşdirəcək bu yolun açılmasını istəmirlər.
Çünki bu dəhliz dünyanın enerji və nəqliyyat xəritələrini yeniləyən, siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən, Avrasiya miqyasında söz sahibi olan Azərbaycanın mövqeyini daha da gücləndirəcək.
Yeri gəlmişkən bəzi məqamları da xatırladaq. Azərbaycanla Avropa İttifaqı arasında «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”»nun imzalanmasını Azərbaycanı qitə dövlətləri üçün bütün sahələrdə etibarlı tərəfdaş adlandıran Avropa Komissiyasının rəsmiləri, Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaradılmasında ölkəmizlə əməkdaşlığı qitə dövlətlərinə önəmli töhfə kimi dəyərləndirirlər. Bu baxımdan Avropa İttifaqının təmsilçilərinin rəsmi İrəvana sevgisini anlamaq çətindir. Ən azından diplomatik münasibətlərə xələl gətirən siyasi gedişlərdir. Enerji təminatı ilə bağlı imzalanan Memorandumun gələcək üçün yol xəritəsi kimi dəyərləndirilməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun yaranması neft və qaz sahələri ilə yanaşı, elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələlərinin gündəmdə olması Prezident İlham Əliyevin Avropa ölkəsi olan İtaliyaya səfəri zamanı keçirdiyi görüşlərdə də diqqətə çatdırıldı.
Prezident İlham Əliyevin iştirakı ilə Bolqarıstanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirildi ki, bu layihə Avropa ölkələrinin enerji ilə təchizatın da önəmli infrastrukturdur. Buxarestdə imzalanan «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» ölkəmizin müəllifi olduğu tərəfdaşlıq formatına, şaxələndirmə siyasətinə marağı artırır. Demək, təbii sərvətlərimizdən bəhrələnmək məqamında Azərbaycanın yanında olduqlarını bildirənlər dar məqamda özlərinə sərf edən siyasəti dəstəkləyirlər.
Son zamanlarda tərəflər arasında sülh sazişinin imzalanması ilə bağlı aparılan danışıqlarda işğalçı ölkənin baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Qarabağ Azərbaycanın ərazisidir. Bu reallıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşlərdə də səsləndirilib. Amma bu gün Aİ-nin gödəkcəli ermənipərəst nümayəndələrinin Ermənistandan Xankəndiyə istiqamətlənən konvoyun Laçın dəhlizindən keçirilməsi ilə bağlı canfəşanlıqları indiyədək aparılan danışıqlara inamı azaltmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə hörmətsizlikdir. Çünki Azərbaycanın ərazisi olan Laçın dəhlizindən Xankəndiyə rəsmi Bakının icazəsi olmadan hansısa nəqliyyat vasitəsinin daxil olması qeyri-mümkündür.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşahidəsi ilə müalicə üçün İrəvana getmək istəyən , Meşəlidə 25 azərbaycanlını qətlə yetirib, bəzilərini yaralayan terrorçu Vaqif Cərkəz oğlu Xaçaturyanın Laçın keçid məntəqəsində saxlanılması bir daha göstərir ki, 30 ildə soydaşlarımıza qarşı qətliamlar törədənlərin hər biri cinayətlərinə görə cəzalandırılacaq.
"Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?» söyləyən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizə qarşı aparılan çirkin kampaniyaların qarşısı qətiyyətlə alınacaq. Siyasi, iqtisadi , diplomatik müstəvidə uğur qazanan ölkəmizin daxili, xarici siyasətinə, iradəmizə təsir edə biləcək qüvvə yoxdur. Vətən müharibəsi dövründə Azərbaycanın iradəsinə heç kim təsir edə bilmədisə, indi daha da güclənən ölkəmizə qarşı mənfur niyyətlərini həyata keçirməyə çalışanların qarşısı alınacaq: «Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır» sözlərini Brüssel danışıqlarında göstərdiyi qətiyyəti, ədalət tərəfdarı olması ilə təsdiqləyən Prezident İlham Əliyevin siyasi iradəsinin qarşısını heç bir qüvvə, xarici diktələr ala bilməz. Belə ki, nə qədər gözləsələr də, həmin yük karvanlarının Azərbaycanın sərhədlərini icazəsiz keçməsi mümkün deyil. Ermənistanın havadarları isə ölkəmizin ərazilərini yalnız uzaqdan - durbinlər vasitəsilə seyr edə bilərlər.
Xuraman İsmayılqızı, "İki sahil"