Tanınmış jurnalist Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişində 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın Laçın yolunda saxlanılmasından danışıb.
“İki sahil” xəbər verir ki, aparıcı Qarabağ erməniləri üçün nəzərdə tutulan “humanitar yüklü karvanı” Azərbaycanın ərazi bütövlüyünü nişan alan zirehli texnikaya bənzədib:
“Ola bilsin ki, Azərbaycana doğru irəliləyən bu maşın karvanı kiməsə elə avtomobil sırasıtək görünsün. Amma mən onu - formasını dəyişmiş zirehli texnika yürüşünə bənzədirəm. Nişan aldığı da Azərbaycanın ərazi bütövlüyüdür. Hə, guya humanitar yüklü karvandır, hə, guya xeyirxah niyyətlərlə, hə, guya ağır vəziyyətdə qalmış Qarabağ erməniləri üçün nəzərdə tutulub: Amma hamısı uydurmadır, məkrdir.
Biz dəfələrlə şahid olmuşuq ki, Qarabağın ermənilər yaşayan yerlərinə oğru kimi soxulan yük maşınlarında silah-sursat daşınır. Qanunsuz hərbi birləşmələrdə xidmət keçmək üçün yeni şəxsi heyət gətirilir və beynəlxalq medianın ermənipərəst nümayəndələrinin gizli yolla buralara soxuşdurulması baş verir.
Niyyət xeyirxah olsaydı, bu boyda tamaşaya ehtiyac olmazdı, elə Bakının təklif etdiyi, istismara tam hazır olan Xankəndi-Ağdam yolundan istifadə edərlərdi. Onsuz da tarix boyu istifadə edilən dədə-baba yolu bu olub”.
O əlavə edib ki, ermənilər bu yoldan nümayişkaranə surətdə imtina edirlər: “Çünki məqsəd başqadır. Əvvəla Laçın yolunu, özü də mütləq rus sülhməramlılarının müşayiəti ilə istifadəni ona görə təkidlə tələb edirlər ki, burada onlar əsrlər boyu himayədarları olmuş Rusiyanın kölgəsində öz cani, qatil keçmişini gizlədə biləcəklərinə bel bağlayırlar. Məsələn, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri, ötən əsrin ən dəhşətli qatillərindən biri Vaqif Xaçaturyan iyul ayının 29-da məhz Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Bu da Ermənistanın Beynəlxalq Qırmızı Xaç Atası. Bir qanlı terrorçunu, soyqırımda iştirak etmiş qaniçən bir qatilin bu qurumun işarələndiyi maşında aşkar edilməsi təsadüfdürmü? Yox, hörmətli tamaşaçılar. Deyil. Tarix var. Dəlil var. Sübut var. “Guardian”a istinad edirik. Nüfuzlu nəşr Beynəlxalq Qırmızı Xaç komitəsinin ötən əsrin bir başqa cinayətində necə iştirak etdiyini yazır”.