29 iyul 2023 19:45
475

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.

Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur. Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Belə bir qanunun qəbulu ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırmışdır. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri daim gündəmdə qalmaqla, böyük dövlət əhəmiyyəti daşıyır.

Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması, digər tərəfdən isə Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. 2018-ci il noyabrın 1-də imzalalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Bu səbəbdəndir ki, hər zaman cənab Prezident Azərbaycan dilinin qorunması hər kəsin borcudur çünki zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır deyir. 

Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini