Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Dövlət başçısı İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrdən, tranzit imkanlarının genişləndirilməsi istiqamətində atdığı addımlardan, reallığa çevirdiyi layihələrdən geniş bəhs etdi: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik”. Bildirildi ki, Azərbaycan nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladı. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırılmağa başlanıldı. Eyni zamanda, qonşularla bağlantı körpüləri quruldu. Azərbaycan mühüm tranzit ölkəsi olmaq arzusunu reallığa çevirmək üçün zəruri olan addımları atdı. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində diqqət göstərdiyi Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığı aydındır. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq. “Beləliklə, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. Hazırda isə biz, nə ilə məşğuluq? İndi biz, sadəcə, texniki imkanları artırırıq. Məsələn, biz ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq”.
Ümumilikdə “China Media Group” media korporasiyasına müsahibəsində Prezident çoxsaylı mühüm məqamlara toxunub. Əsas məqamlardan biri də “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” təşkilatlarının fəaliyyətidir. Əslində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra davamlı olaraq bu təşkilatlar ölkəmiz əleyhinə məlumat yaymaqla və təbliğat aparmaqla məşğul olublar. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Vətən müharibəsi dövründə və ondan sonra davamlı olaraq bu kimi addımlar atılır. Ermənistanda zaman-zaman insan hüquqlarının pozulmasına baxmayaraq, sözügedən təşkilatlar heç vaxt bu ölkə barəsində bu qədər məlumatı yaymırlar. Üstəlik, sözügedən təşkilatlar Ermənistanla sıx bağlıdır. Eyni zamanda, bir sıra hallarda bu təşkilatlar erməni lobbisi tərəfindən maliyyələşdirilir. Bütövlükdə zaman-zaman bu təşkilatlar erməni diasporu ilə sıx əlaqədə olur. Bu gün Azərbaycan üçün Qərb mətbuatının nə yazması önəmli deyil. Çünki bu məlumatlar həqiqəti əks etdirmir. Bizim üçün əsas Azərbaycan xalqının, dövlətin yürütdüyü siyasətdir. Bu barədə olan obyektiv fikirlərdir. Prezident də haqlı olaraq əsas göstəricinin bu məsələ olmasını xüsusi olaraq vurğuladı və qeyd etdi. Həqiqətən də bu bir reallıqdır. Yəni qərəzli, əsassız məlumatlardansa, belə bir reallıq və yanaşma daha önəmlidir.
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyev ölkəmizin şəhərsalma təcrübəsini xüsusi qeyd etdi. Müxbir ilk olaraq ölkəmizin və paytaxt Bakının nə dərəcədə müasir olmasının yaratdığı təəssüratdan bəhs edərək belə bir fikri səsləndirdi ki, getdiyimiz hər yerdə bir Azərbaycan elementi var. Bu diqqətə görə təşəkkürünü bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, ölkəmizi müasirləşdiririk: “Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz. Zənnimcə, bu, həqiqətən mühüm nailiyyətdir və bunu qeyd etdiyinizə görə sağ olun”. Müxbirin Bakının səfər etdiyi heç bir şəhərə bənzəmədiyini bildirməsi bir daha Azərbaycanın şəhərsalma təcrübəsinin nə qədər diqqətçəkən, maraqlı, xoş təəsüratlara stimul verən olduğunu təsdiqləyir. Bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpasında da Azərbaycanın şəhərsalma təcrübəsinin nümunə olan elementlərini görürük. Şəhərlərin Baş planları təsdiq edilib. Şəhər və kəndlərimiz müasirliyin təqdimatı olan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulur, bərpa edilir. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”, Ağdam şəhəri isə ilk “ağıllı şəhər” olacaq. Prezident İlham Əliyev ilk gündən bu torpaqlarda bütün yeniliklərin öz əksini tapmasının vacibliyini bildirib. Azərbaycanın infrastruktur layihələrinin icrasına daha böyük önəm verməsi son iki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Belə ki, bərpa işlərinə start veriləndə ilk olaraq yol-nəqliyyat infrastrukturunun yenilənməsi prioritet məsələ kimi öndə saxlanıldı. Hazırda bu ərazilərdə yeni avtomobil, dəmir yolları çəkilir, eyni zamanda, beynəlxalq status qazanmış hava limanları inşa edilir.
Müsahibədə həm də müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı. Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının dostu olan ulu öndər Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır. Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri