29 iyul 2023 00:23
612

Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.

Cənab Prezident İlham Əliyev öz çıxışı zamanı bildirmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı mən çox sayda müsahibələr verdim. Bu, əsasən, Qərb jurnalistlərinə verilən müsahibələr idi. Onların əksəriyyəti, deyərdim ki, çox aqressiv idi və çalışırdılar Azərbaycanı təcavüzkar kimi təsvir etsinlər. Bilirsiniz, öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq. Əlbəttə, əmin idim ki, videoreportaj hazırlamaq məqsədilə Azərbaycana gəlmiş və mənimlə görüşmək istəyən Qərb jurnalistləri yaxşıca hazırlaşmışlar. Münaqişənin tarixi, kimin təcavüzkar, kimin isə təcavüz qurbanı olması, nəyin baş verdiyi barədə onların bilməməsini təsəvvür etmək sadəlövhlük olardı. Lakin, eyni zamanda, onlar nəinki görüşümüz zamanı vəziyyəti təqdim etməyə çalışırdılar, - çünki Azərbaycanda olarkən çoxlu reportajlar hazırlamışdılar, - onlar çalışırdılar ki, Azərbaycanı təcavüzkar kimi qələmə versinlər. Əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi və biz həmin reallıqda 30 il idi ki, yaşayırdıq. Bu, həqiqətdir. Cəmiyyətimiz həmrəy olması və güclü ictimai dəstək, əlbəttə, əsasən bizim siyasətimiz, əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır. Lakin, həmçinin bu, anti-Azərbaycan təşviqatına olan reaksiyadır. Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışıq və Ermənistan işğalını orada pisləyən olmadı.

Dövlətimizin başçısı bir çox sualları cavablandıraraq qeyd etmişdir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə yatırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.

Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcək.

Aliyə Orucova,

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı