Amma bu səylər heç bir nəticə verməyəcək və İrəvan sülh şərtlərini qəbul etməyə məcbur olacaq
Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibəsində yenə “Laçın dəhlizi”, “Dağlıq Qarabağ xalqının blokadaya alınması”, “humanitar böhran”, Bakının “bölgədə etnik təmizləmə əməliyyatına hazırlaşması” kimi sərsəm iddialar səsləndirib. Aydın olur ki, 30 il ərzində torpağımızı viran qoyan, Qarabağda etnik təmizləmə aparan erməni daşnak-revanşistləri sülhə gəlmək əvəzinə, yeni müharibədən dəm vururlar.
“Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir. Bu, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir. Ermənistan tərəfi, nəhayət, anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək”. Bu fikirlər Azərbaycan XİN-in Ermənistan baş naziri Nikol Paşinyanın “Le Monde” qəzetinə müsahibəsinə şərhində yer alıb.
Bəli, birmənalı şəkildə deyə bilərik ki, sülh danışıqlarının sona yaxınlaşdığı indiki mərhələsində İrəvan siyasi şantaj üsuluna keçib. Hayların baş nazirinin, baş diplomatının, eləcə də spiker və sabiq vəzifə sahiblərinin açıqlamaları bu qənaətə gəlməyə tam əsas verir. Azərbaycanın özünün suveren ərazisində – Laçın yolunda sərhəd postunu qurmasından sonra ermənilər qopardıqları vay-şivənlə, beynəlxalq ictimaiyyətə ötürməyə çalışdıqları saxta xəbərlərlə nəyəsə nail olacaqlarına ümid edir, reallığı gözardına alırlar.
Fransa qəzetinə müsahibəsində Bakının təhlükəsizliyinə və hərtərəfli təchizatına təminat verdiyi Qarabağ ermənilərinin “blokadada acından qırıldığını” deyən Paşinyan vəziyyətdən yeganə çıxış yolu kimi “Laçın dəhlizinin” açılmasını göstərir. Azərbaycan XİN-in Paşinyanın məlum müsahibəsinə şərhində bildirilir ki, Ermənistanın baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət” adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasətdən və əməllərdən əl çəkmədiklərinin bariz nümunəsidir. Ermənistanın baş naziri Paşinyanın bu fikirləri, həmçinin onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir.
Bakının Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam–Xankəndi yolundan istifadəsi təklifindən boyun qaçıran İrəvanın bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyinin vurğulandığı şərhdə Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə olduğu nəzərə çatdırılır. Bəli, Ermənistan iqtidarının son vaxtlar tutduğu mövqeyinin siyasi şantajdan başqa adı yoxdur. Yəni Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür. Bu proses məhz dövlətimizin dəstəyi ilə baş tutmalıdır. Çünki kənar dəstək, Ermənistanın dəstəyi ilə humanitar yardımlar siyasi məqsəd daşıyır. Azərbaycanın mövqeyi budur ki, bölgədən hərbi qüvvələrin çıxarılması ilə dayanıqlı sülh təmin olunsun. Əks təqdirdə, biz görürük ki, Ermənistan vəziyyətdən sui-istifadə edir, Azərbaycanın humanist jestinə qarşı mövqelərimiz atəşə tutulur. Ona görə də Laçın sərhəd-buraxılış məntəqəsindən mülki insanların keçdiyini nəzərə alaraq Azərbaycan bu sərhəd postunda təhlükəsizliyi birtərəfli qaydada təmin etmək məsuliyyətini öz üzərinə götürür. Beləliklə, bu gün Azərbaycanın iqtisadi potensialı, gücü Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Bu baxımdan, Ağdam-Xənkəndi yolu böyük önəm kəsb edir. Amma nədənsə, Qarabağın erməni sakinlərinə humanitar yüklərin məhz bu yolla çatdırılmasına rəsmi İrəvan etirazını bildirdi. Ən azı Brüssel görüşündən sonra hayların Bakının bu təklifinə verdiyi reaksiyalardan bu qənaətə gəlmək mümkündür. Aydındır ki, ermənilər Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna qarşı çıxır. Moskva da Bakının alternativ marşrutunu özü üçün qəbuledilməz sayır. Çünki yeni yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçiriləndə Xankəndidə və ərtaf ərazidə nə qədər erməninin yaşadığı üzə çıxacaq. Bizə çoxdan bəllidir ki, separatçılar 120 mindən söz etsələr də, Qarabağdakı hayların gerçək sayı bundan qat-qat azdır. Digər tərəfdən, sülhməramlıların sayının da üçtərəfli Bəyanatda göstərilən 1960 nəfərdən artıq olduğu faktı yeni yolda aşkar bilinəcək. Deməli, məhz bu səbəbdən İrəvan və Moskva Ağdam-Xankəndi yolunda görünmələrini istəmirlər. Rəsmi Bakının siyasi iradəsi və qətiyyətinə qarşılıq olaraq Kremlin Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirməsi müşahidə olunmaqdadır.
Bəli, Qarabağdakı separatçıların əsas himayədarlarından biri qismində Rusiya sülhməramlıları çıxış ediblər. Xankəndi və ətraf ərazilərə Ermənistandan qanunsuz silah-sursatın daşınması, separatçıların Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasına göz yummaları, Azərbaycan toponimlərini erməniləşdirmələri və s. kimi faktlar bunun isbatıdır. Yekun olaraq, Laçın postundan hər gün onlarca erməni sakininin məntəqədən hər iki istiqamətdə maneəsiz keçməsini, Bakının bu yola alternativ marşrut təklif etməsini, guya, görməyən, eşitməyən İrəvan “DQR”i “demokratik yolla seçilmiş hakimiyyət” olaraq qələmə verməklə, beynəlxalq ictimai rəylə manipulyasiyanı davam etdirir.
Baş nazir Nikol Paşinyan Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması, sülh danışıqlarının gedişatı ilə bağlı verdiyi açıqlamalarda əsassız və məntiqsiz iddialarla çıxış edir. Ermənistanın indiki, eləcə də keçmiş siyasi, hərbi rəhbərlərinin son vaxtlar intensivləşən təxribatçı addım və bəyanatlarının, anti-Azərbaycan təbliğatının haradan körükləndirildiyi və hansı məqsədə xidmət etdiyi məlumdur. Amma Azərbaycan XİN-in şərhində deyildiyi kimi, bu səylər heç bir nəticə verməyəcək və İrəvan gec-tez Bakının sülhə aparan şərtlərini qəbul etməyə məcbur olacaq.
Nigar Orucova, “İki sahil”