Amma bu bədbəxtlər unudurlar ki, nə qədər dəridən-qabıqdan çıxsalar da, 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara təsir edə bilməyəcəklər
Qərb mətbuatında Azərbaycanla, eləcə də onun rəhbərliyi ilə bağlı qərəzli məlumatların dərc olunması, eləcə də bəzi qeyri-hökumət təşkilatlarının (“Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və s.) həqiqətdən uzaq bəyanatlar səsləndirməsi artıq ənənə halını alıb. Həmin məlumatlarda Azərbaycanın bugünkü tarixi, o cümlədən keçmişi saxtalaşdırılır. Üstəlik, ölkəmizin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdığı qətiyyətli addımları təhrif edilir. Bununla da onlar Azərbaycanofobiya mühitini yaratmağa, ölkəmizə məxsus torpaqlarda çirkin oyunlar həyata keçirən, vandalizm aktları törədən Ermənistanı müdafiə etməyə çalışırlar. Bu mənada Azərbaycan davamlı olaraq Qərbin bəzi qəzet və qeyri-hökumət təşkilatlarının hədəfindədir. Şübhəsiz, bütün bunların arxasında Amerika Birləşmiş Ştatlarında, Fransada və bəzi digər Qərb ölkələrində böyük infrastruktura malik erməni lobbisi dayanır.
Məlumdur ki, həmin ölkələrdə erməni lobbisi uzun illərdir ki, fəaliyyət göstərir. Onlar nəinki yaşadıqları ölkələrin rəhbərlərinə, eləcə də siyasi partiyalarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə ciddi təsir imkanlarına malikdirlər. Hətta ABŞ-da bəzi senatorlar öz siyasi kampaniyalarını erməni lobbisinin vəsaiti hesabına qururlar. Odur ki, dünyanın müxtəlif ölkələrində sistemli və proqramlı şəkildə fəaliyyət göstərən erməni lobbisi Ermənistan dövlətindən daha güclü bir siyasi təsisat kimi qəbul olunur. Bu və ya digər xarici dövlətlərə səfər edən Ermənistan rəsmiləri bir qayda olaraq həmin ölkələrdəki erməni lobbisi ilə məsləhətləşmələr aparır. Yəni Azərbaycan əleyhinə bütün məlumatlar, kampaniyalar erməni lobbisinin sifarişləri əsasında həyata keçirilir. Təbii ki, müəyyən məbləğ müqabilində... Elə bu məbləğin sayəsində də üzdəniraq müxbirlər, təşkilatların pulgir rəhbərləri onların çaldıqları ilə oynayırlar.
Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bu məqama toxunaraq demişdir ki, onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Dövlət başçımız bu hücumların nədən qaynaqlandığına aydınlıq gətirərək bildirmişdir ki, bu onların Azərbaycanın öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməsindən irəli gəlir: “Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik. Fikrimcə, bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır”. Üstəlik, Prezident bildirib ki, mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. Bununla da Prezident hakimiyyəti xalqın iradəsi ilə idarə etdiyini vurğulamışdır: “Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil”.
Bəli, Azərbaycanın indiyədək hansısa mərkəzlərdən asılı olmaması, müstəqil siyasət yürütməsi, Ermənistandan fərqli olaraq, bu və ya digər dövlətin forpostuna çevrilməməsi sözün həqiqi mənasında, erməni lobbisini narahat edir. Odur ki, onlar bitib-tükənməyən var-dövlətlərini Azərbaycanın imicinə xələl gətirməyə yönəldiblər. Özü də erməni lobbisinin ölkəmizə qarşı hücumları qələbəmizlə yekunlaşan Vətən müharibəsindən - İkinci Qarabağ savaşından sonra daha da güclənib. Amma bu bədbəxtlər unudurlar ki, nə qədər dəridən-qabıqdan çıxsalar da, 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara təsir edə bilməyəcəklər. Necə ki, təsir edə bilmirlər...
Qvami Məhəbbətoğlu, “İki sahil”