27 iyul 2023 23:21
637

“Şeyx” Sorosun pulları ilə “dirilən” ölülər

“Əl –əli yuyar, əl də  Əlini” kəlamına uyğun xəyanətlərini davam etdirən AXCP sədri Əli Kərimlinin ideoloji tribunası olan Qənimət Zahid də «şefi» kimi İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir

“Milli Şura”nın millilikdən kənar “milliləri”nin  Vətənə xəyanətdə günahlandırılan,   qatı terrorçu FETÖçularla əməkdaşlıqda  ittiham olunan  Qubad İbadoğluna dəstək kimi  «müdafiə komitəsi» yaratmaları, bəyanat qəbul etmələri  “Elçisi günüm olanın, başına külüm olar” məsəlinə bənzəyir. 

Azərbaycanın dövlət müstəqilliyinə  təhlükə olan 4 iyun 1993-cü ilin hadisələri zamanı hərəsi bir dövlətin   agenti olan  AXC-Müsavat cütlüyünün milli satqınları  yaranan fürsətdən istifadə edərək ölkənin ən iri sənaye müəssisələrini  soyub-soymalayaraq hələ sovetlərin vaxtında xarici valyutalarla alınan  qiymətli texnika və avadanlıqları su qiymətinə  xarici ölkələrə satdılar.  Səbatsızların hakimiyyəti illərində,  çörək qıtlığının yarandığı  günlərdə xarici ölkələrdən taxıl gətirmək üçün ayrılan pulları belə öz yaxınlarına  «etibar edərək» halal malları kimi bölən iqtidarsız iqtidarın məsulları arasında ən çox bəhrələnən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və  AXC-Müsavat  hakimiyyəti dövründə  pafoslu çıxışları ilə  seçilən dövlət katibi Əli Kərimli oldu. Biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari  kimi mənfi epitetləri şəxsiyyətlərində formalaşdıran,  xalqa belə müxalifətdə olan, ölkəni idarəolunmaz hala salan AXC-Müsavat cütlüyünün səriştəsizliyi üzündən boşalan büdcə ümidinə qalan Azərbaycanda  həyat demək olar ki, iflic vəziyyətinə düşmüşdü.  Sözdə özü üçün ideal, əslində isə real rəqib hesab etdiyi  sabiq prezident Əbülfəz Elçibəyi zəhərlədikdən sonra AXC-yə məxsus möhürü əldə etmək üçün min cür dona girən  Əli Kərimli ilə  Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər arasındakı münaqişələri bu gün də  çoxları xatırlayır. Düşərgədə «mehriban düşmən» kimi tanınan hər iki xəyanətkarın başçılıq etdikləri  partiyalar arasındakı ixtilaflarda ən çirkin əməllərə belə əl atılırdı.

Bir qrup qaragüruhçunun yaratdığı  «Milli Şura»ya rəhbərliyi ələ keçirən AXCP sədri Əli Kərimli  əzəli rəqibi İsa Qəmbəri bu təşkilatdan da uzaqlaşdırdı.  «İslahatçı sədr»in düşərgədə  intriqabaz adlandırılması da səbəbsiz deyildi. Özünü «ana müxalifət» kimi tanıtmaq istəyən bu xəyanətkarın başqa hobbisi   düşərgədəki partiyalar arasında münaqişələr, qarşıdurmalar yaratmaq idi ki, buna çox hallarda nail olurdu.

 Azərbaycanın müstəqilliyini istəməyən xarici dairələrin ayırdığı qrantlardan ən çox yararlanan da elə Kərimov Əli olurdu. Buna görə də    onu  düşərgədə qrant mafiyasının «xaç atası», «ingilis qaşığı» adlandırırdılar. Qazana girən kimi  hər şeyi biri-birinə qatan bu «çirkli qaşıq»  sonradan türklərin işlətdiyi kimi «süddən çıxan ağ qaşıq» olurdu.  Yəni,  el arasında deyildiyi kimi  «gül axıdıb»  aranı qatsa da,  özü bütün mübahisələrdən kənarda qalırdı. Azərbaycana qarşı təxribatlarını davam etdirən beynəlxalq təşkilatların əl buyruqçusu olan bu zat Sorosdan tutmuş FETÖya, terrorçulara, dini radikallara qədər «ekskurs» edərək,  ideoloji tribunasını  «əl –əli yuyar, əl də  Əlini» misalına uyğun zamanla dəyişirdi.

Bir çox ölkədə  «rəngli inqilablar» törətməklə məşğul olan Sorosun Açıq Cəmiyyət İnstitutu tərəfindən ayrılan vəsaitlərdən ən çox bəhrələnən,  yurdu viran «yurdçu sədr»  ölkəmizə qarşı təxribatlarını, böhtan və yalanlarını dostluğu ilə düşmənçilikləri bilinməyən  Qənimət Zahid,  «tıq-tıq xanım» Sevincin xəyanət ruporu olan  «Osmanqızı TV» vasitəsilə  yayır. «Azadlıq qəzeti»nin baş redaktoru olarkən o zamankı  KİVDF-nin ayırdığı 100 minlərlə manatı  ünvanına uyğun deyil,  Əli Kərimli ilə  özünün şəxsi maraqlarına xərcləyən Qənimət Zahid elə bu gün də AXCP sədrinin Fransadakı  ruporudur. Hazırda da   ölkəmizə qarşı  təxribat maşını kimi istifadə etdiyi   « Azərbaycan saatı»ndan böhtanlar yağdıran   Qənimət Zahidin şefi Əli Kərimli kimi İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığı da bəllidir. Özünü jurnalist kimi qələmə versə də,  əslində  Əli Kərimlinin trol-yazarı Qənimət Zahidi düşərgədə də hamı  qeyri-səmimi, mövqesiz, iradəsiz satqın kimi tanıyır.

AXCP-yə sədrliyi ilə  kifayətlənməyərək  xarici havadarlarının sifarişi ilə  «beşinci kolon»u formalaşdıran, «Milli Şura»nı özəlləşdirən  Əli Kərimli xalqımıza qarşı xəyanətkar əməllərini bir neçə istiqamətdən davam etdirir.  Cəmiyyətdə olduğu kimi, düşərgədə də xain, satqın mənəviyyatsız  adam kimi tanınır.
Xarici dairələr üçün işləyən və  öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vuran «beşinci kolon»a  topladığı  gənclərin zehnini, mənəviyyatını korlayan Əli Kərimliyə azərbaycanlı adı, bu torpaqda yaşamaq haqqı da haramdır.
 İllər keçsə də,  maliyyə mənbəyi dəyişsə də, Əli Kərimlinin sabit qalan bir mərəzi var: xəyanətlərini, fitnəkar əməllərini başqalarının əli ilə yerinə yetirmək. Şəhid ailələrindən,  evləri sökülənlərdən istifadə edən Əli Kərimli mitinqlərə pullu  iştirakçı toplamaqda da mahirdir.    Siyasəti ticarət piştaxtasında aparılan alver kimi anlayan bu xəyanətkarlara  Azərbaycana vurduqları  ziyanları xatırladan  Prezident İlham Əliyevin « Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdür, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi, təsadüfi insanlar, küçədən keçənlər. Baxın, indi mən bunu dəfələrlə demişəm, kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri» sözləri xəyanətkarlara tarixin verdiyi qiymətdir.  Şəxsi  ambisiyalarının əsiri olan pula həris,  xarici havadarları tərəfindən  idarə olunan
 Əli Kərimli, Tofiq Yaqublu, Qənimət Zahid, Sevinc Osmanqızı kimi xarici havadarlarının tör-töküntüləri ilə gün keçirən milli xəyanətkarlar
 xalqın nifrətini qazanıblar. Rus- inqilabçı demokrat  Dimitri Pisarevin «Yalnız o adamla mübahisə etmək olar ki,  mübahisə vaxtı  həqiqətən də  ağlı ilə işləyir» sözlərini xatırlamaqla çürük iddia sahibləri olan  milli xəyanətkarların düşüncələrinin əhəmiyyətsiz olduğunu dərk etmək çətin deyil.  Azərbaycan haqqında  xarici dairələrin hazırladıqları təxribatları  həyata keçirən  antimilli şəbəkənin  tör-töküntülərinin özləri kimi, ağılları da havadarları tərəfindən icarəyə götürülüb. 

  Sözümüzün qüvvəti kimi  müdriklərimizə müraciət etməklə Əli Kərimlinin xəyanətinin südlə gəlib sümüklə çıxacağını bildirək: «Tısbağanın çayı keçdiyini  görən  əqrəb xahiş edir ki, onu da  o taya aparsın. Əqrəbi tanıyan tısbağa deyir ki, səni tanıyıram, ona görə də üz vurma. Axır ki, razılaşırlar. Sahilə çatmağa yaxın iynəsini tısbağaya batıran  əqrəb deyir ki, incimə,  huyum  ( yəni xasiyyətim) qurusun. Sancmasam ölərəm.» Əli Kərimli də əqrəb kimi zəhərlidir. Başqaları haqqında şər-böhtan deyib, acılamasa rahat ola bilmir. Ələbaxımlılıqdan yaranan milli xəyanətə aludəlik Əli Kərimli kimi Vətənini satan  xarici ölkələrdə  veyillənən antimillilərə də aiddr. Əli Kərimli də illərdən bəridir ki, təkcə iqtidar əleyhinə deyil, elə həmkarları haqqında  söylədikləri böhtanları ilə  əqrəbi  arxada qoyub.
Hazırda Əli Kərimli  qrant deyil, boşalan partiyasına  üzv dilənir. Nəzərdə tutulan  5 min nəfəri ətrafına toplaya  və qaragüruhçu AXCP-sini  qeydiyyatdan keçirə bilməyən  Əli Kərimli xarici havadarlarına qulluq edən başını itirib. Partiyada  daxili qarşıdurma şiddətlənib.  Ümumi adları «cəbhəçi”lər» olanlar bir neçə cəbhəyə bölünüblər.

 Bütün partiyaları dolaşan «Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini imzalamış adamdır» söyləyən  Tofiq Yaqublunun kürəkəni, AXCP sədrinin  «mirzə”si», ideoloji qolu sayılan Seymur Həzinin müstəqil partiya yaratmaq xəbəri «şefi» Əli Kərimlini çox məyus edib.  Bu niyyəti  Tofiq Yaqublunun partiyanı ələ keçirmək cəhdi  kimi izah edən radikallar da  açıqlayırlar ki, düşərgə üçün  xarakterik olan  köhnə savaş meydanı yenidən qızışır.

Ə.Kərimli isə AXCP daxilində ona qarşı çıxanları sosial şəbəkədə trolları, xüsusilə də  «baş trol» Qənimət Zahidin  vasitəsi ilə  vurmağa, dili ilə susdurmağa çalışır. Görünən odur ki,  sıraları seyrələn, siyasi partiya deyil, dərnəyi xatırladan AXCP-də daxili qarşıdurmalar, illərdən bəri davam edən «istefa ənənələri» yenidən aktuallaşır.

Yaranan hər fürsətdən istifadə edən Əli Kərimli, «Millli Şura»nın millilikdən kənar «milliləri» indi də Vətənə xəyanət edən,   qatı terrorçu FETÖçularla əməkdaşlıqda  ittiham olunan Qubad İbadoğlunun «müdafiəsinə» qalxaraq  «müdafiə komitəsi» yaradıblar. Bəyanat qəbul ediblər.  Özlərinin xəyanətlərindən xəcalət çəkməyənlərin bu əməlləri   «Elçisi günüm olanın, başına külüm olar» məsəlinə bənzəyir. 

Xuraman İsmayılqızı, "İki sahil"