28 iyul 2023 00:18
598

“Pərdələr enəcək”... Az sonra

Don Borrel, bəlkə sizin vətəniniz olan İspaniyanın sərhədindən kim necə istəsə keçir, kim nə istəsə daşıyır?

Ermənistanın otuz ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlamasına, yüzminlərlə soydaşımızı öz tarixi torpaqlarından zorla qovub çıxarmasına, günahsız azərbaycanlılara qarşı vəhşicəsinə törətdikləri Xocalı, Ağdaban, Qaradağlı, Başlıbel və daha neçə soyqırımı aktlarına bir dəfə olsun belə etiraz etməyənlər bu gün klassik “məzlum və əzilən erməni” oyununun tamaşaçısına deyil, iştirakçısına çevriliblər. İrəvandan siyasi spekulyasiya məqsədilə göndərilmiş yük maşınlarından ibarət konvoyun “humanitar yardım” adı altında Azərbaycan hökumətinin razılığı olmadan suveren ərazilərimizə daxil olmağa cəhdini kənardan izləyən Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının nümayəndələri müşahidəçidən daha çox həmin oyunun oyuncaqları kimi görünürlər. Çünki onlar ölkəmizin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə yönəlmiş cəhdin qarşısını almaq əvəzinə, təxribatçılarla yanaşı dayanıblar. Baxmayaraq ki, Aİ Şurası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların əsas təşəbbüskarlarından biri, bəlkə də birincisi, davamlı görüşlərin baş tutduğu platformadır. Məhz Aİ Şurasının vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş sonuncu Brüssel görüşündə qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyünün tanındığı bir daha təsdiqlənib. Elə isə Aİ-nin müşahidə missiyası üzvlərinin həmişə olduğu kimi, əldə edilmiş razılaşmalardan qaçan, qeyri-konstruktiv mövqe sərgiləməklə sülh danışıqlarını ləngidən və nəhayət, açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə çalışan Ermənistanın yanında durmaqda məqsədləri nədir? Bəlkə onlar ədalət hisslərini indiki Ermənistan dövlətinin yerləşdiyi Qərbi Azərbaycandakı ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlarımızda basdırıb, sonra üz tutublar sərhədlərimizə?

Qarabağın Azərbaycanın suveren ərazisi olduğu heç bir müzakirə predmeti deyil və bunu həm Aİ-nin Ermənistandakı missiyasının üzvləri, həm də qurumun xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel yaxşı bilirlər. Ən azından Ermənistanın baş naziri Nikol Paşinyanın cəmi üç gün əvvəl keçirdiyi mətbuat konfransında bu mövzudakı fikirlərini oxuyub, yaxud eşidiblər. Paşinyan dedi ki, Qarabağı bütün dünya Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistan Qarabağ ermənilərinin taleyinə müdaxilə edə bilməz. N.Paşinyan açıq deyə bilməsə də onun sözləri əslində bu anlama gəlir:P Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək hüququ yoxdur.

İkincisi, Qarabağda yaşanan “humanitar fəlakət” deyil, şeparatçıların yaratdıqları şoudur. Əgər həqiqətən orada yaşayan erməni azlığın nümayəndələrinin ərzaq və tibbi ləvazimat ehtiyacları olsaydı, bu təminatın Azərbaycanın təklif etdiyi daha sərfəli olan Ağdam-Xankəndi marşrutu ilə daşınmasına nəinki qarşı çıxmaz, əksinə sevinərdilər. Ac insan üçün çörəyin hansı yolla gətirilməsi niyə fərq etsin ki? Deməli, Qarabağdakı separatçıların dərdi ərzaq deyil, oradakı qeyri-qanuni silahlı erməni birləşmələrinə hərbi təminat daşımaqdır. Bu qanunsuzluğa və cinayətə son qoyulması separatçılar üçün nədənsə “humanitar fəlakətə” çevrilib.

 Ancaq ötən əsrin 90-cı illərində - Xocalı şəhəri bir gecədə erməni vəhşiliyinin qurbanına çevriləndə, yüzlərlə, daha sonra minlərlə günahsız dinc insanlar qətlə yetiriləndə, evlərimiz yandırılanda, kəndlərimiz, şəhərlərimiz dağıdılanda, talan ediləndə qışın qandonduran şaxtasında əli-ayağı yalın uşaqlar, qadınlar, qocalar zorla öz doğma yurdlarından qovulanda indi humanizmdən dəm vuranlar harada idi?

Təbii ki, Laçındakı sərhəd-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıq olsa da, qeyri-qanuni keçidlər, silah və qaçaqmal daşınmaları üçün birdəfəlik bağlanıb. Bu, Azərbaycanın öz qanunvericiliyinə və beynəlxalq hüquqa əsaslanan haqqıdır. Don Borrel, bəlkə sizin vətəniniz olan İspaniyada elə deyil, ölkənizin sərhədindən kim necə istəsə keçir, kim nə istəsə daşıyır?

Elə təkcə dünən, iyulun 27-də 34 nəfərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən Gorus istiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib. Həmin şəxslərin 11-i BQXK-nın üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub. Beləmi olur bağlı yol? Görəsən, Aİ-nin Ermənistandakı müşahidə missiyasının nümayəndələri bambam təpə başına çıxıb tibbi yardıma ehtiyacı olan ermənilərin Laçın postundan maneəsiz keçidlərini də müşahidə edirdilər, yoxsa kimlərinsə xətirlərini xoş etmək üçün erməni yük maşınlarının yanını kəsdirmişdilər?

Ucuz erməni oyunlarının oyuncağına çevrilməyin, cənablar. Çünki bu oyun artıq bitib, az sonra “pərdələr enəcək”...

Mahir Rəsuloğlu, “İki sahil”