27 iyul 2023 11:11
288

Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran liderdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “China Global Television Network” televiziya kanalında yayımlanan Çinin “China Media Group” media korporasiyasına müsahibə vermişdir.

Müsahibə zamanı bu il 100 illiyini dövlət səviyyəsində qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Onun Azərbaycanın dövlətçilik tariximizdəki xidmətləri yada salındı. Ulu Öndər müasir stabilliyimizin təməli sayılan ölkəmizdə 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoydu, vətəndaş müharibəsinin qarşısını aldı. Bu gün baş verən sosial və siyasi inkişaf Onun idarəçilik kursunun davamıdır.

Cənab Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda cəmiyyətin ailə dəyərləri üzərində qurulduğunu, hər bir övlad üçün onun valideynlərinin əziz, yüksək tutulduğunu qeyd edərkən Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin ata kimi onun həyatında rolundan da danışdı. Hər bir azərbaycanlı övlad kimi, atanın Onun üçün nə qədər əziz olduğunu, Ona bənzəməyə çalışdığını, fəxr etdiyini, çətin vaxtlarında atasının yanında olduğunun diqqətə çatdırdı.

Ulu Öndər 1990-cı ilin 20 yanvar gecəsi sovet ordusunun Azərbaycanda günahsız insanlara, mülki vətəndaşlara qarşı törətdiyi qanlı hücuma qarşı etirazı böyük cəsarət və xalqa sevgindən xəbər verirdi. O, sovet hökumətinin anti-Azərbaycan mövqeyinə görə kommunist partiyasını tərk etmişdi. “Onun üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Bu, onun üçün və bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi”.

Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə xalq vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevin hakimiyyətə gəlməyində görürdü. Belə qarışıq vəziyyətdə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi Ulu Öndərin xalqına məhəbbətinin və sadiqliyinin nümayişi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində belə bir məqamı da diqqətə çatdırmışdı: “Bizim və şəxsən mənim hədəfim isə dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır”.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri