26 iyul 2023 22:50
511

Dini mərkəz, yoxsa terror yuvası?

Erməni kilsəsi hər zaman din pərdəsi altında terror, qisas və işğal toxumları səpib

Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Cenevrə Konvensiyası, Helsinki Yekun Aktının əsas müddəalarını kobud şəkildə pozaraq, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20%-ni hərbi işğala məruz qoymuş, bir milyondan artıq azərbaycanlı Ermənistandakı və Qarabağdakı doğma ocaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur olmuşlar.

Ermənistan öz ərazisindəki tarixi Azərbaycan dini abidələrini, İrəvan məscidləri olan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər mədəni-mənəvi irs nümunələrini, nadir memarlıq abidələrini tamamilə dağıdıb, İrəvanın mərkəzində yeganə salamat qalan “Göy məscid”in orada “baş verən” yanğından sonra memarlıq xüsusiyyətlərini qəsdən dəyişdirmişdir. Azərbaycanlılara məxsus mədəni-mənəvi irsin dağıdılması ilə bərabər Ermənistan, Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim alban kilsələrini qəsb edib, mənşəyini dəyişdirərək qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə məhv etmişdir.

Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdikdən sonra erməni tərəfi bütün dünyaya aşılamağa çalışır ki, guya onlar Azərbaycan tərəfindən təcavüzə məruz qalmışlar. Əslində isə, keçmiş Qarabağ konflikti Ermənistanın Azərbaycan ərazilərinin işğalə nəticəsində başlanmışdır. Onlar bu münaqişənin müsəlman-xristian qarşıdurması olması barədə həqiqətə uyğun olmayan yalanlar yayaraq özlərini məzlum xalq kimi təqdim edir, bununla da xristian aləminin təəssübkeşliyini qazanmağa çalışırlar. Təəssüf ki, öz işğalçı niyyətlərini, özgə torpaqlarına ərazi iddialarını ört-basdır etmək üçün erməni təbliğatı müxtəlif vasitələrdən, o cümlədən  din amilindən də fəal surətdə istifadə etməkdədir. Bu məsələdə isə erməni kilsələri xüsusi canfəşanlıq göstəriblər. Erməni dini mərkəzləri, tarixən həm də siyasi-ideoloji mahiyyət daşıyıb. Bütün dinlər insanları sülhə, birgə yaşayışa çağırır, amma erməni kilsəsi bunu etmir. Ermənistandan fərqli olaraq ölkəmizdə müxtəlif dinləri təbliğ edən kilsələr, sinaqoqlar fəaliyyət göstərir.

Ermənilərin Rusiya hərbi birləşmələrinin və “Vaqner” özəl hərbi şirkətinin tərkibində Ukraynaya qarşı müharibədə iştirak etmələri faktlarla sübut edilib. Moskva şəhərindəki Erməni Apostol Kilsəsində yeni yaradılmış “ARBAT” adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbirinin keçirilməsi, həmin savaşda Ermənistan bayrağı altında vuruşması haqqında məlumatlar da bunu bir daha təsdiqləyir. Erməni kilsəsinin bu təxribatçı fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir. Ermənistan Rusiyanın Ukrayna ərazisində gedən müharibədə yaşayış məntəqələrini darmadağın edən raketlərinin və digər silahlarının istehsalında istifadə etdiyi yüksək həssas kateqoriyalı çiplər və digər elektron cihazlarla təmin edilməsinə də dəstək verir.

ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun hesabatına görə, 2022-ci ildə Ermənistan 2021-ci illə müqayisədə ABŞ-dan 515%, Avropa İttifaqından isə 212% daha çox çip və prosessor idxal edib. Sənəddə, həmçinin qeyd olunub ki, bu çiplərin və digər elektron cihazların 97%-i qısa bir zaman kəsiyindən sonra Ermənistandan Rusiyaya təkrar ixrac olunub. Sənaye və Təhlükəsizlik Bürosunun digər sənədində qeyd olunur ki, Ermənistandan Rusiyaya silahların inkişafı üçün kritik hesab edilən səkkiz kateqoriya üzrə çip, o cümlədən, qanadlı raketlərin istehsalında istifadə olunan komponentlər göndərilib.

Erməni kilsəsinin başqa bir ölkənin ərazisində baş verən, yüzminlərlə insanın ölümünə, milyonlarla insanın qaçqın və məcburi köçkün düşməsinə, məhrumiyyətlərə məruz qalmasına, yaşayış məntəqələrinin, abidələrin dağıdılmasına səbəb olan beynəlxalq hüquqa və bəşəri dəyərlərə zidd müharibəyə dəstək verməsi ermənilərin dini mərkəzlərinin də terror yuvası olduğunu təsdiqləyir. Bu mənzərə isə bizə çox yaxşı tanışdır. Çünki XX əsrdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətlərinə də işğalçı Ermənistanda, Livanın Beyrut şəhərində və həmçinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni kilsələri xeyir-dua vermişdilər.

Azərbaycanda, o cümlədən paytaxt Bakıda və bölgələrdə müxtəlif millətlərin, dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində dinc yaşayır. Bakının mərkəzindəki erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən tarixi-dini abidə kimi qorunur. Bununla belə, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində minlərlə tarix və mədəniyyət abidələri, kitabxanalar, mədəniyyət mərkəzləri, yaşayış binaları, məktəblər, muzeylər, sənət qalereyaları və teatrlar, ziyarətgahlar və qəbiristanlıqlar məhv edilmiş və talan olunmuşdur. Burada qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri özününküləşdirilib, məscidlər tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində rəsmi qeydiyyatda olmuş 67 məsciddən 64-ü tamamilə dağıdılmış, 3-ü isə acınacaqlı vəziyyətdədir. Bir vaxtlar inkişaf etmiş Azərbaycanın inzibati mərkəzləri xarabalıqlara çevrilmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərimizə səfər edən xarici müşahidəçilər bu məntəqələri “ruhlar şəhəri” və ya “Azərbaycanın Xirosiması” adlandırmışlar. İşğalçı Ermənistan dövlətinin vandalizm aktlarının əsas məqsədi “böyük Ermənistan” xülyası ilə azərbaycanlıların əzəli torpaqlarında həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olmuşdur.

Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər günahsız insanın vəhşicəsinə qətlə yetirildiyi, o cümlədən 8 ailənin tamamilə məhv edildiyi, bu şəhərin yerlə-yeksan olduğu soyqırımına avropalı parlamentarilər hüquqi qiymət vermək haqda düşünmürlər. Bu genosidin günahkarları hələ də mühakimə olunmayıblar və onların bəziləri, hətta Ermənistanda rəhbər vəzifələrdə olmuş şəxslər bu dəhşətli cinayətdə iştirak etdikləri ilə qürur duyduqlarını bildirirlər. Buna görə də erməni hərbi-siyasi rəhbərliyi təxribatçı mövqeyini daha da genişləndirərək “Yeni torpaqlar naminə yeni müharibələr”, “Qarabağ Ermənistandır” deyərək öz xalqını işğalçılığa sürüklədi. İkinci Dünya müharibəsi zamanı alman faşistləri ilə sıx əməkdaşlıq edən, erməni rasist hərəkatı olan “tsexakron” ideologiyasının banisi Njde-Qaregin Ter Arutyunyanın xatirəsini əbədiləşdirərək ona İrəvanda heykəl ucaldılan zaman Avropa Parlamenti öz səsini ucaltmadı. Beləliklə, Ermənistan rejimi öz qəsbkarlıq əməllərinə dəstək almış oldu və indi də Azərbaycana qarşı öz təxribatlarını davam etdirərək revanşizm şüarları ilə çıxış etməkdədir.

Mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda mövcud olan tarixi-dini abidələr bu ölkədə yaşayan xalqların milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən müqəddəs məkanlardır. Bu irs nümunələri daim Azərbaycan dövləti tərəfindən qayğı ilə qorunur, məscidlərimiz, kilsələrimiz və sinaqoqlarımız təmir edilir, yeniləri inşa olunur. Multikultural ənənələrə sadiq olan Azərbaycan dövləti bu siyasəti prioritet istiqamət kimi dəyərləndirir və nəinki Azərbaycanda, hətta dünyanın müxtəlif bölgələrində, Vatikanda “katakombaların”, Fransada Roma kilsələrinin, Strasburqda qədim “vitrajların”, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verib.

Cavid Əkbərov, “İki sahil”