Son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır. Mobil rabitənin və İnternetin genişlənməsi, abunəçilər arasında smartfon istifadəçilərinin sayının artması, “Əşyaların İnterneti” (IoT), “Big Data”, 3D çap, “Blokçeyn”, “Süni İntellekt” (AI), kvant texnologiyaları, kiber-fiziki sistemlər və s. kimi texnologiyaların yaranması bu gün iqtisadi sistemin və cəmiyyətin inqilabi şəkildə dəyişməsi üçün bir bünövrə formalaşdırıb. Təsadüfi deyil ki, hətta ümumbəşəri pandemiyanın bərqərar etdiyi məhdudlaşdırıcı mühitin fonunda əksər iqtisadi sferalar üzrə kiçilmə qeydə alınsa da, rəqəmsal fəaliyyət sahələri öz biznes əməliyyatlarını genişləndirməkdə davam etdirib. Bu hal postpandemiya dövrünün yeni iqtisadi çağırışlarının ilkin konturları kimi qiymətləndirilə bilər.
Azərbaycanda sözügedən sahənin inkişaf etdirilməsi üçün son illər həm dövlət, həm də özəl sektor tərəfindən mühüm addımlar atılıb. Prezident İlham Əliyev tərəfindən bu sektorun davamlı inkişafına istiqamətlənən mühüm Dövlət proqramları, sərəncamlar qəbul edilib. İşğaldan azad olunmuş ərazilərin bərpası kontekstində isə rəqəmsal sektora olunacaq istənilən investisiyanın Qarabağın bərpası yönündə çoxsaylı dividendlər gətirəcəyini söyləmək mümkündür. Qarabağda qabaqcıl rəqəmsal texnologiyaların, genişzolaqlı internetin tətbiqi zəruridir ki, gələcəkdə digər iqtisadi sahələrin inkişafı rəqəmsal texnologiyaların və rəqəmsallaşmış iqtisadiyyatın köməyi ilə gerçəkləşsin. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkələrinin qurulması və xidmətlərin, o cümlədən telefon, internet və s. təşkili və göstərilməsidir. İlkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib. Hazırda işğaldan azad edilmiş və bərpa işlərinə başlanan və məskunlaşan şəhər və kəndlərdə, o cümlədən Şuşada, Ağdamda, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində fəaliyyət göstərən qurumlara və artıq məskunlaşan əhaliyə mövcud olan texniki imkanlara və tələbata uyğun olaraq telefon və internet xidmətləri göstərilir.
İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” MMC tərəfindən artıq Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilir ki, Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək. Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri əldə edən abunəçilər tək internet xidməti deyil, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər.
Həmçinin təməli ötən ilin oktyabrında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan Füzuli, Hadrut Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzləri, eləcə də 2022-ci ilin mayın 10-da istismara verilən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi də işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək. Azad torpaqlarda inşası davam edən və yekunlaşan yeni nəsil yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.
Sevinc Azadi, “İki sahil”