26 iyul 2023 23:52
495

Fransanın yalan vədləri Ermənistanın sonunu yaxınlaşdırır

Hələ də Minsk qrupunun xiffətini çəkən, müstəmləkəçilik siyasətini davam etdirən  Makronun da təqaüd vaxtı yaxınlaşır

«Dağlıq Qarabağ münaqişəsi»nin guya həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti  nəticəsində Ermənistanın silahlı dəstələri 30 ilə yaxın işğal altında saxladıqları  Azərbaycan ərazilərində  soyqırımlar, kütləvi qətllər  törətmişlər. Kəndləri , şəhərləri dağıtmış, flora və faunaya çox böyük  ziyan vurulmuşdur.   Erməni quldurlarının bu əməllərini görsələr də, bölgəyə turist gəzintilərini xatırladan gərəksiz səfərləri ilə   Ermənistanın işğalçılıq siyasətinə dəstək olan Minsk qrupunun  mənasız  danışıqlarının, fəaliyyətsizliyinin nəticəsində başlanan   və Azərbaycanın Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra  Minsk qrupunun da işinə xitam verildi. Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın təmsil olunduğu  həmsədrlik institutu gorbagor oldu. Minsk qrupunun təqaüdə göndərilməsi ilə ATƏT-in fəaliyyətsizliyi də təsdiqləndi.

  Hazırda  Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqları ABŞ və Brüssel mexanizmi ilə davam etdirilir.
« Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur. Ancaq Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, mən onu müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan verən amil adlandırardım. Minsk qrupuna gəldikdə, demək istəyirəm ki, onun fəaliyyətsizliyini mən yox, onlar özləri etdilər» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,   Minsk qrupunun yenidən canlandırılması ilə bağlı Fransanın canfəşanlığı qəbuledilməzdir : «Çünki bizim onların fəaliyyəti ilə bağlı o qədər də xoş xatirələrimiz yoxdur. Rəqabətə gəldikdə, bəli, biz vasitəçilər arasında bu rəqabəti görürük. Bu isə qlobal rəqabətin bir parçasıdır, hətta o rəqabətin harada olmadığını tapmaq çətin olardı, yəni, Cənubi Qafqaz və Azərbaycan istisna deyil.»

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra  Minsk qrupunun təmsilçilərindən olan  Rusiya digər həmsədrlərilə razılaşmadan guya tərəflər arasında sülh sazişinin imzalanması  prosesində  təşəbbüsü  öz üzərinə götürdü.  Nəticədə  istər-istəməz fikir ayrılıqları yarandı. Qarşıdurma poliqonuna  çevrilmək isə heç bir ölkəyə sabitlik bəxş etmir. Bu təcrübəni Ermənistanın simasında görmək mümkündür.  Rəqabət meydanına çevrilən  işğalçı ölkəyə  havadarlıq edən dövlətlərin maraqları müəyyən məqamlarda  çarpazlaşır.  Krılovun təmsilində təsvir olunan mənzərəyə  oxşayan müxtəlif istəklərdən  yaranan fikir ayrılıqları yolunu itirən Ermənistana ciddi problemlər yaşadır. Bölgədə sabitliyin bərpasına əngəl törədir.  Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesində öz maraqları naminə  iştirak edən  ABŞ,  Fransa, Avropa İttifaqı ilə  Rusiya arasında yaranan rəqabət bütünlükdə dünya siyasətinə mənfi təsir göstərir. Onsuz da stabil  xarici siyasəti olmayan Ermənistan  qlobal, mürəkkəb dünya  siyasətinin dalğalarında  kapitanı olmayan gəmi kimi oriyentirini itirib.

«Azərbaycana gəldikdə isə bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Bildiyiniz kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, bu rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə belə təmaslar potensial olaraq Azərbaycanda yenə də bərpa edilə bilər» sözləri ilə  ölkəmizin  regional sülhün yaranması üçün  beynəlxalq hüquqa hörmətlə yanaşdığını bildirən Prezident İlham Əliyevin  ən mürəkkəb  zamanlarda belə   milli mənafeyimizin və dövlətçilik maraqlarımızın qorunması naminə göstərdiyi qətiyyət, siyasi iradə, təmkin həmkarlarını belə  heyrətləndirir. 

    Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı aparılan müzakirələrin ən optimal, düzgün  variantı danışıqların  heç bir kənar  müdaxilə olmadan münaqişə tərəfləri arasında  aparılması, Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir.  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də,  həlledici məqamlarda  Fransa kimi digər havadarlarının göstərişlərinə uyğun əsassız iddiaların əsiri olan, varlığını təhlükə altına salan, təhlükələri görmək istəməyən  Ermənistan  revanşistlərinin   Qarabağdakı erməni icmasının, başqa sözlə separatçılarının da sülh danışıqlarına  daxil edilməsi ilə bağlı absurd  iddiaları Azərbaycanın ərazi bütövlüyünə zidd sərsəmləmə, xəyaldır. «Bu məsələ mümkünsüzdür. Mətnlə bağlı müəyyən təkliflər var. Onlar milli azlıqların hüquqları və təhlükəsizliyi ilə bağlıdır və bu, hər iki ölkəyə aiddir. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır» sözləri ilə  Ermənistanı Fransanın neokolonializm meyillərindən uzaqlaşmağa çağıran Prezident İlham Əliyev  bölgədə sabitliyin yaranmasında daha çox maraqlı olduğunu əməli, siyasi iradəsi ilə təsdiqləyir.
  İşğalçılıq, müstəmləkəçilik təcrübəsini illərdən bəri Ermənistana aşılayan, XXI əsrdə belə  neokolonializmi  davam etdirən  Fransanın Avropadan kənarda  əsarət altında saxladığı Afrika  ölkələrində   törətdikləri kütləvi qırğınlarda qətlə yetirdikləri günahsız insanların taleyini erməni faşizminin qurbanı olan azərbaycanlılar da yaşamışlar.   «Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir» söyləyən Prezident İlham Əliyev  həmişə Fransanın yedəyində gedən Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanımağa çağırır.

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilibsə, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistan da 20 mindən artıq soydaşımızı vəhşicəsinə öldürüb, Xocalı soyqırımını törədib. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi  hesab edən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.   Əsarəti altında saxladığı xalqlara doğma dillərində danışmaq qadağası qoyan Fransa Prezidenti Emmanuel Makronun «Dağlıq Qarabağa status verilməlidir» kimi  sərsəm fikirləri xəstə təfəkkürün məhsuludur. Əcdadlarının müstəmləkə siyasətlərinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlara qarşı   amansız rəftarı davam etdirən Makronun  etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik siyasəti erməni separatizminə, dini radikalizmə  dəstəkdir., Fransa parlamentinin hər  iki palatası tərəfindən qəbul olunmuş qətnamələr təkcə Azərbaycana deyil, bütünlükdə qeyri millətlərə qarşı  nifrətin ifadəsidir. Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir.  2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlının həlak olmasında və ya ağır yaralanmasında da Fransanın əli vardır.  Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün yaranmasında  maraqlıdırsa, Fransa və digər havadarlarının «həvəsləndirici» yalanlarından uzaqlaşmalıdır. Bu reallıqlarla  barışmağa qətiyyəti çatmayan Ermənistan varlığını gözləyən  təhlükələrə də hazır olmalıdır.

"Ancaq indi mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu sözləri eşidəcək və düzgün nəticə çıxaracaqlar» söyləyən Prezident İlham Əliyev Ermənistana Fransa kimi digər havadarlarının yalanlarına inanmamağı  tövsiyə edir.

Xuraman İsmayılqızı, "İki sahil"