26 iyul 2023 23:34
554

İranın Zəngəzur dəhlizi isterikası

Nə qədər məntiqsiz, qəribə, məkrli və təəccüblüdür deyilmi?

Otuz illik işğal dövründə öz havadarlarının yardımı ilə Qarabağı və Şərqi Zəngəzuru viranəyə çevirən, əhalini doğma yurdundan didərgin salan, məscidləri donuz damına çevirən, əliqanlı, təcavüzkar Ermənistana hərtərəfli dəstək verən İranın Azərbaycana qarşı qeyri-səmimi münasibəti hələ də davam edir. Qırx dörd günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atan Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” hesab edən Tehran rejimi savaşdan sonra regionda yaranan yeni reallıqlarla heç cür barışmaq istəmir. Həmçinin təcavüzkar ölkə ilə birləşərək ölkəmizə qarşı məkrli planlar qurur. İran mediası uzun illərdir Azərbaycan dövlətinə, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı əxlaqsızcasına həqarətlərə, təhqirlərə yol verir.

Molla-fars rejiminin Azərbaycana qarşı düşmən davranışı artıq tam çılpaqlığı ilə ortadadır. Belə ki, 2022-ci ilin sentyabrında İrandan Xankəndiyə PUA-lar və raketlər “hədiyyə” edilib. Bundan əvvəl də İranın Xankəndiyə yanacaq daşıyan onlarla sistern göndərdiyi üzə çıxmışdı. Bütün bunlar göstərir ki, molla rejimi10 noyabr 2020-ci il Bəyanatından dərhal sonra Ermənistanı, həm də Qarabağdakı separatçıları silahlandırmaq üçün ən çirkin vasitələrə əl atıb. “Qüdsə gedən yol Bakıdan keçir” adı altında ölkəmizə qarşı təhdid xarakterli videoçarxlarla diqqət çəkən mollakratiya 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə əsl simasını bir daha ortaya qoydu. Molla rejimi səfirliyimizdə törədilmiş terror aktından sonra hər hansı vacib tədbir görməyib. Tehran hökuməti hələ də terrorçunu cəzalandırmayıb, ona layiq olduğu cəzanı verməyib.  Ayətullahkratiya cinayətkarın sərt şəkildə cəzalandırılacağını bildirsə də, ortada hələ bir şey yoxdur.

Hər zaman Ermənistana açıq və gizli dəstəyini nümayiş etdirən iranlı ekspertlər, bir sıra dövlət nümayəndələri və deputatları tərəfindən son zamanlar Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirilir. Belə ki, bir müddət əvvəl bu ölkənin daxili işlər naziri Əhməd Vahidi Azərbaycan Respublikası sərhədində yerləşən “Xudafərin” və digər bəndlərə baş çəkərəkən ölkəmizə qarşı təhdidlər yağdırıb: “Azərbaycan Respublikasının İran hökumətindən yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar”.

 Azərbaycana qarşı hər zaman süni şəkildə xoş münasibət göstərən İranın əslində özünün məkrli niyyəti ilə əməldə Ermənistana gizli və açıq yardım etməsi beynəlxalq mətbuatda da zaman-zaman öz əksini tapıb. Məsələn bir müddət əvvəl “Foreign Affairs” yazır ki, İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb: “Şiə din xadimləri tərəfindən idarə olunan İran uzun müddətdir əsas himayədarı Rusiya olan və xristianların çoxluq təşkil etdiyi Ermənistana iqtisadi dəstək verib…”

Hamımıza yaxşı məlumdur ki, Tehran hökuməti hələ də Zəngəzur dəhlizinin açılmasına, bu məsələyə görə Ermənistana təzyiq göstərilməsinə qarşı çıxır. Bir müddət əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin İranın guya Zəngəzur dəhlizini dəstəklədiyini deməsi Ermənistan tərəfindən rəsmən təkzib edilmişdi. Belə ki, Ermənistan hökumətinin rəsmi teleqram səhifəsində bildirilmişdi ki, İran tərəfi heç vaxt Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən mövqe bildirməyib. Əksinə molla rejiminin rəsmi mətbuat orqanlarında Zəngəzur dəhlizi “Turan yolu” adlandırılıb.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlarla heç vəchlə barışmayan Tehran rejimi bu ölkənin parlamentinin deputatlarının vasitəsi ilə də Zəngəzur dəhlizinin əleyhinə çıxır. Məsələn, bu yaxınlarda İran parlamentinin erməni deputatı Ara Şaverdyan İranın “MiranPress” kanalına müsahibəsində bildirib ki, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin pərdəarxası razılıqları nəzərə alınsa, Cənubi Qafqazda sərhədlərin və xəritələrin dəyişdirilməsinə dair təhlükə yaranır. Bu zat həmçinin İranın Zəngəzur dəhlizi mövzusunda ciddi narahatlıq keçirdiyini vurğulayıb: “Əgər “dağlıq Qarabağ” Azərbaycana verilsə, onlar, yəni Azərbaycan addım-addım irəliləyib Zəngəzur dəhlizini və digər əraziləri tutacaqlar. Çünki onlar Avropa və Türkiyə ilə birləşmək, bizim, yəni İranın Avrasiyaya, Qara dənizə, Gürcüstana çıxışımızı məhdudlaşdırmaq istəyirlər”.

 İran parlamentinin erməni deputatı daha sonra bildirib ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin əleyhinə olduğunu desə də, faktlar göstərir ki, biz addım-addım bu dəhlizə yaxınlaşırıq. Bu, İran İslam Respublikasına, bizim Cənubi Qafqazdakı mövcudluğumuza və “Cənub-Şimal dəhlizi”nə zərər vurur.

Hələ bu harasıdır? Dahası da var. Belə ki, bu yaxınlarda İranın ali dini lideri Seyid Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə bildirib ki, Ermənistan İran üçün xüsusi və stratejik əhəmiyyətə malikdir. Ə.Vilayəti Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib: “Dəhliz açıldıqdan sonra biz on beş ölkə ilə deyil, on dörd ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə azad rabitəsi zərər görəcək. Bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq”.

Nə qədər məntiqsiz, qəribə, məkrli və təəccüblüdür deyilmi? Məsələ burasındadır ki, Azərbaycan İrana qarşı heç zaman təhdid, qonşuluq prinsiplərinə zidd addım atmayıb. Sözdə “islam respublikası” olan, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaqla ölkəmizə qarşı riyakar davranan, məscidlərdə donuz saxlayan erməniləri silahlandıran, təcavüzkar Ermənistanı gücləndirmək üçün dəridən-qabıqdan çıxan molla rejiminin məkrli siyasəti fiaskoya uğrayacaq.

Zahid Rza, “İki sahil”