26 iyul 2023 15:14
1001

Şuşa daha da gözəl olacaq

Müasir Azərbaycan Respublikası sosial-iqtisadi, siyasi, mədəni sahələrdə öz uğurlarını sıralamaqla yanaşı, eyni zamanda beynəlxalq tədbirlərin təşkilində də yaxından və fəal iştirak edir. Demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm addımlar atan ölkəmiz həm də beynəlxalq hüquq prinsiplərinə sadiqliyini hər zaman atdığı real addımlarla ortaya qoyur. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərin və forumların təşkil olunduğu bir məkana çevrilmişdir. Bu dünyada dövlətimizə və dövlət başçımız möhtərəm Cənab İlham Əliyevə olan hörmət və ehtiramın göstəricisidir.

Növbəti mühüm beynəlxalq tədbirin məhz Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində təşkil olunması hər bir vətəndaşımızı hədsiz sevindirdi və qürurlandırdı. 21 iyul 2023-cü il tarixində Şuşa şəhərində təşkil olunmuş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində ölkə başçımız Cənab İlham Əliyevin çıxışı dövlətimizin bir çox vacib məsələlərlə bağlı ədalətli və xoş niyyətli mövqeyini ortaya qoydu. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, 60 yerli media rəhbərinin və nümayəndəsinin iştirakı tədbirin əhəmiyyətindən və miqyasının böyüklüyündən xəbər verirdi.

Cənab İlham Əliyev xarici və yerli media nümayəndələrinin suallarını kifayət qədər dolğun şəkildə cavablandırdı. İqtisadi inkişaf və enerji təminatı məsələlərinə toxunan dövlət başçımız bildirdi ki, təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpa olunan enerji mənbələri resurslarına, potensialına görə Qarabağ və Şərqi Zəngəzur bizim ümumi daxili məhsulda ciddi artımı təmin edəcək. Həmçinin reallaşdırılması ciddi şəkildə gündəmdə olan Zəngəzur dəhlizi regionun mühüm logistik mərkəzinə çevriləcək. Azərbaycanın nəqliyyat infrasturukturu müasirdir və yükdaşıma potensialı çox yüksəkdir.  

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” forumuna ev sahibliyi edən Şuşa şəhərinin bərpası ilə bağlı görülən işlər də ölkə başçımızın çıxışında geniş yer almışdı. Dövlət başçımız bildirildi ki, artıq Şuşanın bərpasına başlanılmışdır. Bir müddət öncə Baş plan təsdiq edilmişdir və indi artıq ilk yaşayış layihəsi icra olunur. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar. Şuşanın infrastrukturu da inkişaf etdirilir. Bunun sayəsində şəhər daha da gözəl olacaq. Eyni zamanda, təbii ki, şəhərin orijinallığı qorunacaqdır. Yaxın 3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

Şuşa Qlobal Media Forumunun iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan rəqabət məkanı deyil, əksinə ölkəmiz əməkdaşlıq məkanıdır. Dövlətimiz hər zaman sülhsevər siyasət yürüdür. İstər Moskva, istərsə də Vaşinqton vasitəçilər kimi danışıqlar üçün şərait yaradır. Danışıqların uğurla yekunlaşması üçün Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Tədbirin sonunda qeyd olundu ki, müasir dünyada sosial medianın rolu durmadan artır. Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin əsas meyarıdır.

Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi