26 iyul 2023 15:07
582

Müstəsna mənəvi dəyəri və tarixi-mədəni əhəmiyyəti Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.  Şuşa nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Bu şəhər qaya üzərində qurulub, qədim şəhərdir. Şuşa həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır. Ölkə başçısı İlham Əliyev Şuşa ilə bağlı əksər çıxışlarında bildirib ki, 3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaq. Şuşanın infrastrukturu inkişaf etdirilir. Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıb. Prezident bu ilin sentyabr ayında Şuşada min şagird yerlik məktəbin açılışının və ilin sonuna 90 çarpayılıq xəstəxananın hazır olacağının anonsunu verdi. Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Ötən həftənin sonunda isə Qarabağın rəmzi olan bu şəhərdə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Beləliklə, dövlətimizin başçısının Forumun açılış mərasimində iştirak etməsi, yerli və xarici jurnalistlərin suallarını cavablandırması bir daha göstərdi ki, o, hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına hərtərəfli dəstək olur. Əbəs yerə deyil ki, bu gün Azərbaycan mətbuatı hərtərəfli inkişaf edib, ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir.
Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-media, media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri etdi.  Şuşada Qlobal Media Forumunun keçirilməsi ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir. Sual-cavab formatında keçirilən forumda dövlət başçımız dünyada və regionda baş verən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini də bildirdi. Prezident İlham Əliyev Ermənistanın sülh imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan etdi. Bildirdi ki, Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır. Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını bəyan edib. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda bu haqda bildirib: “Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq... Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir”.  Eyni zamanda, dövlətimizin başçısı müdafiə və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Bunun nəticəsidir ki, bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür. Sosial medianı izləyəndə şahid oluruq ki, qaçqın və məcburi köçkünləri ən çox maraqlandıran sual doğma torpaqlarına nə zaman qayıtmaları ilə bağlıdır. Prezidentin qeyd etdiyi kimi, işğaldan azad olan ərazilərimizdə minatəmizləmə prosesi ən böyük əngəldir. Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb. Minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Amma keçən hər gün insanların doğma yurd yerlərinə qayıdışını bir az da sürətləndirir.Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan qayıdacaq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Vətəndaşlarımız doğma torpaqlarına qayıtdıqca regional inkişaf məsələsi də gündəmə gəlir.

Bu gün dünya iqtisadiyyatında baş verən çətinliklər, böhranlar onu göstərir ki, ölkəmizin iqtisadiyyatı daha dayanıqlıdır. Ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda öz büdcəsi hesabına genişmiqyaslı quruculuq işləri aparır. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.  Eyni zamanda, həmin ərazilərdə yeni hərbi hissələr də yaradılıb ki, bu da həm Ermənistana, həm də işğalçı ölkənin havadarlarına ciddi mesajdır. Azərbaycanın nəqliyyat infrastrukturu müasirdir və yükdaşıma potensialı çox yüksəkdir. Dövlət başçımız bildirib ki, təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resurslarına, potensialına görə Qarabağ və Şərqi Zəngəzur bizim ümumdaxili məhsulda ciddi artıma səbəb olacaqlar. Növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisi başa çatacaq ki, artıq, 50 meqavatdan çoxu istismara verilib. Qarabağda su elektrik stansiyalarının istifadə səmərəliliyi Azərbaycanın hər hansı digər bölgəsi ilə müqayisədə dəfələrlə yüksəkdir. Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq. Həmçinin, dövlət başçımız qeyd edib ki, bəzi Amerika şirkətləri artıq Azərbaycanın bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik.

Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan birgə Bəyannamə Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Bununla da Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması bundan sonra da hər iki ölkənin imkanlarının səfərbər ediləcəyini rəsmən təsdiqlədi. İki qardaş ölkə başçısı tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bir çox vacib müddəalara aydınlıq gətirdi.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri