26 iyul 2023 23:15
654

Dünyaya səs salan möhtəşəm Şuşa Qlobal Media Forumu

Məlumdur ki, cənab İlham Əliyevin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı və iştirakçıların suallarına cavabı Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olundu. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Cənab İlham Əliyev bu mühüm addımı belə əsaslandırdı ki, ötən il burada, Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə bu tədbirdə iştirak etmədim. Prezident Administrasiyasına göstəriş verdim ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.”

“Biz nəqliyyat şirkətlərimizin birgə səylərini bir araya gətirmişik. Çünki əvvəllər, bu şirkətlərin bir növ daha korporativ siyasəti var idi. Mən Azərbaycan dəmir yollarını, dəniz limanını, Xəzər dəniz gəmiçiliyini və bəzi başqalarını nəzərdə tuturam. İndi bizdə tam koordinasiya var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu prosesi koordinasiya edir. Beləliklə, Azərbaycanda vahid pəncərə olacaq ki, bu da bürokratiyanı minimuma endirməklə bu marşrutdan istifadə etmək istəyən şirkətlərin işini asanlaşdıracaq. Əlbəttə ki, nəqliyyat şirkətlərimizin səmərəliliyi. Biz bütün nəqliyyat şirkətlərində korporativ idarəçilik meyarlarını təqdim etmişik. Beləliklə, bu, artıq öz nəticələrini verir” söyləyən Prezident İlham Əliyev  Zəngəzur dəhlizinin bərpası ilə bağlı  yaranan vəziyyəti də diqqətə çatdırır: “Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir”.
 Hazırda Xəzərdən, eləcə də Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının bərpası istiqamətində səylər gücləndirilir, danışıqlar aparılır, marşrutlar müəyyənləşdirilir.    Bəlli olan budur ki, dəhlizin bərpasına  mane olan Ermənistan üçün  Zəngəzur dəhlizi daha önəmlidir.

Azərbaycan Prezidenti İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. Hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını bəyan edib. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda bu haqda bildirib: “Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq... Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir”.

Eyni zamanda, dövlətimizin başçısı müdafiə və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Bunun nəticəsidir ki, bu gün ordumuz üç il əvvəlkindən daha güclüdür. Ordunun gücləndirilməsinə həssas yanaşma sərgilənməsini şərtləndirən digər bir mühüm amil müharibədən sonrakı dövrdə Ermənistanda və Rusiya sülhməramlı kontingentin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində revanşistlərin fəallaşması ilə bağlıdır. Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə də respublikamız hər hansı bir ssenariyə hazır olmalıdır. İndiki mərhələdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.

Ölkə başçısı üç saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq bu gün regionda sülhün dayanıqlılığını təmin etmək üçün Azərbaycanın İkinci Qarabağ - Vətən Müharibəsindən sonra dünya ictimaiyyətinə nümayiş etdirdiyi bütün cəhdlərini, apardığı siyasətini verilmiş sualların əsasında tam olaraq aydın şəkildə şərh etdi.

Zənnimcə, səsləndirilmiş fikirlərin daha önəmlisi beynəlxalq güc mərkəzlərinin, xüsusilə də postmüharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqlarda inkişaf etmiş dövlətlərin münasibəti və Azərbaycanın həyata keçirdiyi qonşuluq siyasəti, eləcə də ikitərəfli, çoxtərəfli münasibətlər idi.

Beləliklə, Azərbaycan multikultural dəyərlərə əsaslanan, tolerant dövlət olduğunu artıq bütün dünya ictimaiyyətinin diqqətinə dəfələrlə çatdırıb. Bu, Azərbaycanda keçirilmiş çoxsahəli tədbirlər vasitəsilə nümayiş etdirilmiş və bu gün Azərbaycanda yaşayan bütün xalqlar, etnik azlıqlar dinindən, irqindən, millətindən asılı olmayaraq Azərbaycan Konstitusiyası və qanunları əsasında azad və sərbəst yaşamaq hüququna malikdirlər. Xankəndi və ətraf ərazilərdə məskunlaşmış, Rusiya sülhməramlıları tərəfindən himayə olunan ermənilər də Azərbaycan ərazisində Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ölkəmizdə yaşaya bilərlər.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı