Azərbaycanın daxili və xarici siyasəti tarixən ciddi elmi-nəzəri əsaslar üzərində formalaşmış və inkişaf etmişdir. Bütün tarixi dövr və ictimai-siyasi quruluşlarda Azərbaycan yalnız milli maraqlara və bəşəri ideyalara söykənən qətiyyətli daxili və xarici siyasət həyata keçirmişdir. Bu siyasətin mahiyyət və məzmununa, kəmiyyət və keyfiyyətinə, təsir gücünə nəzər yetirsək, görərik ki, bu siyasət ümumən bəşəriyyətin inkişafına müsbət təsir göstərmişdir. Bu baxımdan Azərbaycanın dahi dövlət xadimi, bütün siyasi prosesləri müdrikliklə idarə etməyi bacaran cəsarətli siyasətçi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasət kursu böyük bir idarəetmə məktəbidir.
Ulu Öndər Heydər Əliyev siyasət meydanının mərkəzində dayanaraq tamamilə yeni bir siyasi mənzərə yaradırdı. O, siyasətin özü idi. Onun apardığı və həm də yaratdığı siyasət dünyanın siyasi tarixində yeni bir səhifə idi.
Bu gün Azərbaycan müasir dünyanın əsas söz və fikir sahiblərindən biridir. Dünya Azərbaycanla hesablaşmağa məcburdur. Çünki Azərbaycan haqlıdır, Azərbaycan ədalətlidir, Azərbaycan güclüdür. Bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, bu siyasəti ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mahir liderlik qabiliyyəti dayanır.
Cənab İlham Əliyev xalqa bağışlanan ömür sahibi Heydər Əliyevin layiqli davamçısı kimi xalqımızın, ölkəmizin, müstəqil və qüdrətli Azərbaycanın aydın sabahı naminə böyük daxili və xarici siyasət aparır. Bu siyasət bütün dünyanın diqqət mərkəzindədir və hər zaman qədirşünaslıqla təqdir olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibə dünya ictimaiyyətinin geniş marağına səbəb olmuşdur. Bu müsahibə iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanmışdır. Cənab Prezidentin olduqca məntiqli və məzmunlu müsahibəsində Azərbaycan-Çin əlaqələrinin tarixinə və əhəmiyyətinə dair bir sıra vacib fikirlər səsləndirilmişdir. Qeyd olunmuşdur ki, hələ sovet dövründə Azərbaycana rəhbərlk edən Ulu Öndər Heydər Əliyev dünyanın aparıcı ölkələrindən biri olan Çin ilə münasibətlərin qurulmasına və inkişafına ciddi münasibət bəsləyirdi. Müstəqillik dövründə isə Azərbaycan-Çin münasibətləri tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur. Qarşılıqlı rəsmi səfərlər, qurulan diplomatik əlaqələr, imzalanan müfafiq sənədlər və digər mühüm tədbirlər Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etməsinə səbəb olmuşdur. Çin dünyanın ən böyük və inkişaf etmiş ölkələrindən biridir. Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmləndirilməsi çox mühüm məna kəsb edir.
Cənab Prezident bu müsahibədə qlobal dünyaya bir sıra vacib mesajlar ötürmüşdür. Azərbaycanın daxili və xarici siyasətində prioritet məsələləri, görülən və görüləcək işləri, qazanılan uğurları, mövcud problemləri ətraflı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Ümumiyyətlə, cəmiyyətə mütəmadi olaraq hesabat vermək cənab Prezidentin ümumi iş prinsipidir və müsahibə də həmin prinsipə uyğun bir addımdır.
Bu gün Azərbaycan dünyada kifayət qədər tanınan və hörmət edilən ölkələrdən biridir. Təbii ki, Azərbaycan həm də qalib ölkədir. Öz ərazi bütövlüyünü, öz sərhədlərini bərqərar etmiş ölkədir. Bu ölkənin uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşı tərəfindən, beynəlxalq aləm tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir.
Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında bu müsahibənin önəmi əvəzsizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu müsahibə ilə bir daha özünün əsl liderlik bilik və bacarığını ortaya qoydu və sübut etdi ki, o, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.
Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə