25 iyul 2023 12:35
243

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, sülhün rəmzidir

Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Məhz “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatıldı.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək möhtəşəm çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyev konfransda Azərbaycanın region və dünyadakı roluna diqqət çəkildi. Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Konfransın Şuşa şəhərində keçirilməsi və Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı, ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşması, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair təklifləri diqqətdən yayınmadı.​

Böyük, şanlı  Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub. Artıq erməni yalanları ayaq tutub yeriyə bilmir. Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub. Bu xüsusda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı Prezident İlham Əliyev qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyevin çıxışında Ermənistan və havadarlarına ismarıclar da vardı və onlar bundan təxirə salmadan nəticə çıxarmalıdırlar. Prezident həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə xəbərdarlığını ünvanladı.

Hazırda bütün beynəlxalq təşkilatlar normallaşma prosesində həllin beynəlxalq hüquqa əsaslandığını anlayırlar. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Sülh olmasa, bu, regiona sabitlik, təhlükəsizlik bəxş etməyəcək.

Azərbaycan Liderinin Şuşada keçirilən forumda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən bir daha ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır. Azərbaycanın istər regional, istərsə də dünya miqyasında artan nüfuzu göz qabağındadır. Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi.

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq