BQXK humanizmə xidmət edir, yoxsa separatizmə?
Azərbaycanın beynəlxalq hüquq çərçivəsində aprelin 23-də Ermənistanla şərti sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması bəzi qurumların, o cümlədən Beynəlxalq Qırmızı Xac Komitəsinin (BQXK) yuxusuna haram qatıb. Halbuki Azərbaycan qeyri-adi bir iş görməyib, təcavüzkar Hayastanla sərhədində tam qanuni əsasla nəzarət-buraxılış məntəqəsi yaradıb. Amma qarşı tərəfin törətdiyi təxribat, eləcə də bu yaxınlarda BQXK-ya aid nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri bu məntəqənin normal fəaliyyətini pozub. Buna rəğmən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin tədarük ehtiyaclarının, həmçinin dava-dərmanın Ağdam–Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanı vardır ki, separatçı rejim də bundan faydalanmaq istəmir. Ancaq unudurlar ki, onlara hər dəfə bu cür təkliflər edilməyəcək. Necə ki, Qarabağ erməniləri ilə görüş dəvəti iki dəfə edildi.
Nə qədər qəribə olsa da, qayəsində humanizmin dayanmalı olduğu BQXK da separatçıların dedikləri, daha doğrusu, onların nazı ilə oturub-durur. Hətta hayların heç bir məntiqə sığmayan maraqlarına uyğun açıqlamalar verirlər. Məsələn, Ermənistan mətbuatının məlumatına görə, dünən BQXK “blokada”da qalanlara humanitar yardım çatdıra bilməməsini növbəti dəfə dilə gətirib. Bu beynəlxalq təşkilat hələ də anlamır və ya anlamaq istəmir ki, onun Xankəndidəki missiyası İrəvandan idarə olunmalı deyil. Çünki Xankəndi Azərbaycanın ərazisidir və bu, BMT tərəfindən qəbul edilmiş faktdır. Komitənin Xankəndidəki ofisinin Ermənistana bağlı olması isə Qarabağdakı separatçılara bu və ya digər formada dəstək verməkdən başqa bir şey deyil. Bir sözlə, BQXK adəti üzrə hər işdə separatçılara qahmar çıxmaqdadır. Amma beynəlxalq təşkilatlarla, o cümlədən BQXK ilə əməkdaşlığa hər zaman böyük önəm verən Azərbaycanın haqq səsinə isə o qədər də əhəmiyyət vermir. Fikrimizi bir faktla sübut etmək istərdik. Belə ki, BQXK hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın taleyinə biganədir. Ümumiyyətlə, bu istiqamətdə heç bir araşdırma aparılmır. Halbuki rəsmi Bakı bununla əlaqədar sözügedən quruma çoxsaylı müraciətlər edib. Təəssüf ki, müraciətlər cavabsız qalmaqdadır.
Qeyd edək ki, Əsir və İtkin düşmüş vətəndaşlarla əlaqədər Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ savaşında 3890 nəfər itkin düşüb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insan olub. Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. BQXK da bütün bunlara göz yumub. Şübhəsiz, bu fakt BQXK-nın soydaşlarımızın həyatına biganə yanaşmasını bir daha təsdiq edir. Hətta Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. Bəs insanlığa yaraşmayan bu əmələ nə ad vermək olar? Üstəlik, BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Bütün bunlar isə BQXK-nın itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasından irəli gəlir. Amma əgər belə demək mümkünsə, bir separatçının barmağı qanayanda BQXK elə haraya salır ki, gəl görəsən. Necə ki salıb. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, BQXK Qarabağda humanizmdən çox, separatçılığa, separatçılara xidmət edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə