Erməni terrorizminin əsas göstəricilərindən biri də bu günə qədər bir çox insanın həyatına son qoymuş mina terrorudur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.
Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.
Bu istiqamətdə üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi, yəni 42,635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatları tam miqyasda davam edir. Qeyd olunan təmizlənmiş ərazilərdə indiyədək 61,163 mina və partlamamış hərbi sursat aşkarlanmışdır.
Ermənistanın mina terroru iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılışında çıxış edən Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri olub. “Yaxın Şərq” xəbər agentliyinin təmsilçisi Məcid Şalkinin minaların insanların gündəlik həyatına necə təsir etməsi, həm də inkişaf layihələrinə necə mane olması ilə bağlı sualını cavablandıran dövlət başçımız deyib: “Bəli, siz ən vacib məsələyə toxundunuz. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi”.
Göründüyü kimi, dövlətimizin başçısı 49 ölkədən 150 qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun iştirak etdiyi forumda Ermənistanın törətdiyi ağır müharibə cinayətlərini diqqətə çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. Bizim dövlət minatəmizləmə agentliyimiz ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Ancaq bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır. Biz beynəlxalq şirkətlərdən bir neçə təklif almışıq ki, onlar bu sahədə işləsinlər. Təəssüf ki, qiymət çox yüksək idi. Mən təfərrüata varmaq istəmirəm, ancaq bu rəqəm bizdə olan rəqəmlərlə müqayisədə 8-10 dəfə artıq idi. Yəni bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir.
Prezident minatəmizləmə prosesində dronlardan fəal şəkildə istifadə edildiyini vurğulayıb. Qeyd edib ki, bizim bəzi parlaq zəkaya malik insanların sayəsində artıq belə dronlar var: “ Bu, bizə böyük yardım olur. Ancaq biz dərk edirik ki, bu, çox uzun bir prosesdir. Təəssüflər olsun, bilməliyik ki, gələcəkdə də qurbanlar olacaqdır, ermənilərin bizə qarşı terroru davam edir. Minalardan təmizlənməmiş əraziləri biz təcrid etmişik və azad olunmuş ərazilərə hələ də giriş məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdanda çox ehtiyatlı olmalıdırlar. Mən buradan onlara müraciət edirəm ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir. Bu, ən böyük təhlükələrdən biridir. Təəssüf ki, bizi qarşıda uzun illər belə bir təhlükə gözləyir.”
Prezident İlham Əliyevin minaların sayının 1 milyona yaxın olması ilə bağlı açıqlaması Ermənistanın faşist dövləti olduğunu, işğal dövründə torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiyini bir daha göstərir. Belə çıxır ki, 30 ilə yaxın davam edən işğal dövründə onların işi-gücü ancaq mina basdırmaqdan ibarət olub. Bu hərəkət, eyni zamanda, hayların azərbaycanlılara necə dərin nifrət hissi bəslədiklərinin daha bir nümunəsidir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir. Birmənalı demək lazımdır ki, bu bəşəri faciələrə, insanlıq dramına görə məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Aidiyyəti beynəlxalq təşkilatların Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qəti addımlar atmasının zamanı çoxdan çatıb. Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunması da zəruridir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə