25 iyul 2023 23:12
581

Qərarsızlıq sindromu...

Qarabağda yaşayan ermənilərin həqiqətən ərzaq və humanitar yardım tədarükünə ehtiyacları varsa, Ağdam-Xankəndi marşrutu logistik baxımdan daha sərfəlidir

Azərbaycan və Ermənistan liderlərinin Moskva və Kişineudan sonra iyulun 15-də Belçika paytaxtında baş tutan sonuncu görüşü də iki ölkə arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin şərtlərinin razılaşdırılması baxımından həlledici olmadı. Buna baxmayaraq, Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə iki ölkə lideri arasındakı danışıqlar tamamilə nəticəsiz də yekunlaşmadı və Azərbaycanın maraqları çərçivəsində iki mühüm məqamla yadda qaldı. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsinin anklavlar və Qarabağ iqtisadi rayonu da daxil olmaqla Azərbaycanın 86.6 kv.km-lik ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan etdi. Əldə olunmuş razılığa əsasən, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il tarixli Alma-Ata bəyannaməsinə uyğun həyata keçiriləcək. Bu barədə əvvəlki görüşlərdə də tərəflər ilkin razılığa gəlmişdilər, ancaq Belçika paytaxtındakı görüş mövqe dəqiqləşdirilməsi baxımından əhəmiyyətli idi.

Görüşdə müzakirə edilmiş ikinci mühüm məsələ isə Qarabağdakı erməni azlığının humanitar təminatının daha Ermənistanın deyil, Azərbaycanın ərazisindən istifadə etməklə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ağdam-Xankəndi yolu vasitəsilə həyata keçirilməsi idi. Aİ Şurasının Prezidenti Şarl Mişel tərəfindən də dəstəklənən bu təklif Laçında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra həm Ermənistanın siyasi rəhbərliyi, həm də Qarabağdakı qondarma qurumun nümayəndələrinin dünya ictimaiyyətini aldatmağa yönəlmiş “blokada” şousuna ən tutarlı cavab oldu. İndi Cənubi Qafqazdakı prosesləri yaxından izləyən hər kəs qəbul edir ki, Qarabağda heç bir humanitar böhrandan söhbət gedə bilməz. Əgər orada yaşayan ermənilərin həqiqətən ərzaq və humanitar yardım tədarükünə ehtiyacları varsa, o zaman onlar bu təminatın Ağdam-Xankəndi marşrutu vasitəsilə çatdırılmasına etiraz etməməlidirlər. Çünki Ağdam yolu Laçın-Xankəndi yolu ilə müqayisədə daha qısa olması və məhsulların bu marşrutla daşınmasının daha ucuz başa gəlməsi səbəbindən logistik baxımdan daha sərfəlidir. Üstəlik, Azərbaycanın inkişaf etmiş güclü iqtisadiyyatı sayəsində ölkəmizdə müasir texnologiyaların tətbiqi ilə istehsal edilən qida məhsullarının yüksək keyfiyyəti də Ermənistan ərazisindən gələn məhsullardan müqayisəyəgəlməz dərəcədə üstündür. Deməli, ərzaq və humanitar yardım tədarükünün Azərbaycanın digər bölgələrindən Ağdam yolu ilə tədarükünə qarşı Qarabağ ermənilərinin, daha doğrusu, Ermənistanın siyasi rəhbərliyinin və Qarabağdakı separatçıların heç bir normal əks-arqumenti yoxdur, ola da bilməz, bu, açıq-aşkar siyasi spekulyasiyadır və rasist yanaşmanın göstəricisidir. O zaman sual yaranır ki, Ermənistanda Əlavə Dəyər Vergisi ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və bundan düşmən ölkə qazanmalıdır? Separatçıların Şarl Mişelin timsalında Aİ tərəfindən dəstəklənən bu yoldan imtina etmələrinin bir səbəbi də bu qeyri-qanuni gəlirin onlara çatan hissəsindən məhrum olmalarıdır...

Brüssel danışıqlarının son raundunun nəticələri növbəti dəfə “bəs sülh müqaviləsi nə zaman imzalanacaq” sualının cavabını aktual edir. Yaxud yekun sənədin imzalanmasına mane olan əsas amillər hansılardır?

Dünən Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə də sülh müqaviləsinin şərtlərinin razılaşdırılmasında ciddi irəliləyişin əldə edilməməsi bir daha göstərir ki, Ermənistan yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirməklə vaxt qazanmağa çalışır. Bir-birini təkzib edən bəyanatlar, şərti sərhəddə ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulması, Qarabağda separatçılar üzərindən qurulmağa çalışılan oyunlar başda baş nazir Nikol Paşinyan olmaqla düşmən ölkənin siyasi rəhbərliyinin əslində sülh gündəminə səmimi yanaşmadığını sübut edir. Məsələn, iyulun 24-də Fransanın “Le Monde” qəzetinə müsahibəsi zamanı Paşinyanın bölgənin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlər törədilməsi yolu ilə Qarabağda yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət”adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçılıq siyasətindən əl çəkmədiyini göstərir. Bu fikirlər, həmçinin onun yuxarıda qeyd etdiyimiz Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86.6 min kv.km ərazisinin Ermənistan tərəfindən tanındığına dair bəyanatı ilə də tamamilə ziddir.

Nikol Paşinyan iyulun 25-də rəsmi “Twitter” səhifəsində növbəti dəfə iki ölkə arasındakı danışıqların ruhuna uyğun olmayan ifadələr işlədərək yazıb ki, Cənubi Qafqazda davamlı sülh mümkündür, ancaq sivil dünyanın fəal dəstəyi ilə: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın “Sarayevo tipli” blokadasını dayandırmaq üçün cəsarətli addımlar atmalıdır.” Ancaq elə həmin gün keçirdiyi mətbuat konfransı zamanı Paşinyan “Ermənistan Respublikası Qarabağ xalqının taleyini həll edə bilməz” kimi ifadə işlədib, Xankəndi ilə rəsmi Bakının dialoqunun vacib olduğunu deyib. Əlavə edib ki, Ermənistanla həmsərhəd olan ölkələrin heç biri digəri ilə qarşıdurma münasibətlərinə malik deyil və ən kəskin məsələlərin belə həllinin düsturu əməkdaşlıq siyasəti hesab olunur ki, bu da maraqların tarazlaşdırılması nəticəsində daha səmərəli olur: “Bu mənada, İran və Gürcüstanla münasibətlərimizin normal inkişaf etdiyini və bundan sonra da inkişaf etməli olduğunu dərk edərək Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin tənzimlənməsi bir zərurətdir.”

Göründüyü kimi, Ermənistanın baş naziri qərarsızlıq sindromundan əziyyət çəkir. Onun konkret fikir bildirə və qəti qərarlar qəbul edə bilməməsinin əsas səbəbi isə çox güman ki, son günlər daha da artmış qorxu hissi ilə bağlıdır. Paşinyanın cangüdənlərinin sayını artırması, hətta bu ilin iyun ayından ölkə prezidentinin İrəvanda, Baqramyan-26 ünvanındakı iqamətgahına köçərək iş yerini dəyişməsi ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər də bu ehtimalı gücləndirir. Rəsmi açıqlamada qeyd edilir ki, hökumət binasında “növbəti təmir işləri” gedir. Halbuki 2019-cu ildə bina tamamilə təmir edilib və təmirə 124,5 milyon erməni dramı (təxminən 325 min ABŞ dolları) xərclənib. Deməli, Nikolun iş yerini dəyişməsinin səbəbləri tam başqadır. Ermənistanın “Joqovurd” qəzetinin yazdığına görə, baş nazirin təhlükəsizlik xidmətinin əməkdaşları Paşinyana deyiblər ki, hökumət binası aksiyaların tez-tez keçirildiyi məkana çox yaxındır və etirazçıların binaya daxil olması daha asandır. Ona görə də Paşinyan özünü Baqramyan küçəsi-26 ünvanında daha təhlükəsiz hiss edir. Ancaq erməni baş nazirin bu “köçü” prezident Vaaqn Xaçaturyan üçün narahatlıq yaradıb. Çünki onun kabinetinə Nikol Paşinyan yerləşdirilib, Xaçaturyan özü isə başqa kabinetə gedib.

Səbəb nə olursa olsun, baş nazirin timsalında Ermənistanın siyasi hakimiyyətinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe sülh danışıqlarında konkret nəticələrin əldə olunmasına əngəl törədir və sülh müqaviləsinin imzalanmasını ləngidir. Lakin nə Azərbaycanın, nə də Cənubi Qafqazda davamlı sülhə nail olunmasına töhfəsini verməyə çalışan beynəlxalq aktorların səbirləri hüdudsuz deyil. Heç kim sonuna qədər Paşinyanın nazı ilə oynamayacaq...

Mahir Rəsuloğlu, “İki sahil”