Makron hakimiyyəti yalnız xalqına qarşı qəddar siyasəti ilə kifayətlənmir, həm də başqa ölkələrdə insanların qətlini həyata keçirir və Ermənistan kimi terroru dövlət siyasətinə çevirən ölkələri terror aktları törətməyə, silahlı qarşıdurmalar yaratmağa təhrik edir. İstər birinci, istərsə də İkinci Qarabağ savaşı zamanı Fransanın Ermənistana hər cür maliyyə, hərbi və siyasi dəstək göstərdiyi dünya KİV-lərində müzakirə olunan məsələlərdəndir. Ümumiyyətlə, tarixən Fransa Azərbaycan və azərbaycanlılara qarşı vəhşi və cinayətkar siyasət yürüdüb. Fransa təcavüzkar qüvvələri 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Salmas, Xoy, Sulduz, Urmiya, Muğan və digər ərazilərinə silahlı basqınlar edərək azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib, evlərini dağıtmışlar. Fransa digər sivil xalqlara qarşı da qəddar siyasət aparıb. Təkcə Əlcəzairdə Fransa hərbçiləri 1,5 milyon insanı qətlə yetirmişlər. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bugünədək Əlcəzair tərəfinə təqdim etmir.
Araşdırmalar zamanı bəlli olur ki, Fransa müstəmləkə siyasətini qanlı formada həyata keçirib. 1960-cı ildə Fransa əsgəri birlikləri Cibutiyə daxil olaraq insanları küçədə və evlərində təqib etmiş, nəticədə 100 minlərlə insan öldürmüşlər. Fransa Cad və Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir.
Göründüyü kimi, tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Milli devizi guya “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransa hələ də müstəmləkələrini əlindən buraxmaq istəmir. Fransa bugünümüzədək davam edən müstəmləkəçilik dövründə işğal etdiyi əraziləri amansızcasına istismar edib. Bu ölkənin iqtisadiyyatının güclü olmasının əsas səbəblərindən biri məhz müstəmləkə ərazilərin istismar edilməsidir. Fransa bu gün də müstəmləkə ərazilərinin istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır. Eyni zamanda, başqa ölkələrin daxili işlərinə qarışır, Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizmini qızışdırır, onların reinteqrasiyasına mane olur.
Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib ki, hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər: “Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur”.
Cənab Prezident qeyd edib ki, onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar: “Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar”.
Aydındır ki, Fransa müstəmləkəçi dövlət olmaqla yanaşı, həm də islamofob və türkofob dövlətdir. Daxildəki irqi ayrı-seçkilik isə onun müstəmləkəçi siyasətinin davamıdır.
Təbii ki, demokratik düşüncəli dünya xalqları, o cümlədən Azərbaycan dövləti və xalqı Fransanın yeritdiyi müstəmləkəçilik siyasətinə sərt münasibət bildiriblər. Belə ki,Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib. Bəyanatda ümumən müxtəlif dekolonizasiya hərəkatlarının Fransanın müstəmləkəsi altında olan xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulanıb. Sənəddəki konkret məqamlara gəlincə, ilk növbədə Qayanada sosial vəziyyətin xüsusilə pisləşdiyi, əhalinin 50 faizindən çoxunun yoxsulluğun astanasında olduğu diqqətə çatdırılıb. Bildirilib ki, burada işsizlik 30 faizdir, təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir.
Sənəddəki digər məqam Martinika və Qvadelupanın iki böyük fəlakətlə üz-üzə olduğunun diqqətə çatdırılmasıdır. Bunlar gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı və təbii ekosistemlərə, əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəng xəstəliyinin rekord göstəriciləridir. Bəyanatda, həmçinin Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz etdiyi diqqətə çatdırılıb və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqillik hüququ bir daha təsdiqlənib.
Sənəddəki daha bir məqam isə Polineziya ilə bağlıdır. Orada hazırda tamamilə dekolonizasiya perspektivinin aktual əhəmiyyət daşıdığı önə çəkilib. Habelə cənab Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiyasının Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyi ifadəsini tapıb.
Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan antimüstəmləkəçi hərəkatlar həm Afrika əsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb edirlər. Bu hərəkatlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar ki, bu da sənədin məğzindəki başlıca amillərdəndir.
Ən vacib məqamlardan biri ondan ibarətdir ki dəyirmi masaya qatılmış antimüstəmləkəçi hərəkatlar xalqlar arasında qlobal əməkdaşlığa, onların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə, xalqlarının tam azad edilməsinədək, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi öhdələrinə götürdülər. Ən əsası isə tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirdilər.
Əlamətdar haldır ki, irəli sürülən bütün təşəbbüslər beynəlxalq hüquqa əsaslanmaqla, bəşəri dəyərlərin qorunmasını hədəf seçib. Bu, dünya xalqlarının xoşbəxt və firavan gələcəyinin təminatına son dərəcə etibarlı töhfədir.
Nigar Orucova, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə