25 iyul 2023 23:49
573

“Sərhədsiz Reportyorlar”, yaxud sərhədsiz ermənipərəstlər...

Sifarişli yazılar, uydurma hesabatlar, böhtan xarakterli açıqlamalarla Azərbaycanı antidemokratik ölkə kimi qələmə vermə cəhdləri heç vaxt baş tutmayacaq

Artıq uzun illərdir ki, Azərbaycanda mövcud olan demokratik mühitin inkişafına, bu istiqamətdə yürüdülən uğurlu siyasətə, sarsılmaz xalq-dövlət birliyinə qarşı bir çox qərəzli beynəlxalq təşkilatlar əsassız hesabatları ilə çıxış edir, məntiqə söykənməyən bəyanatları ilə gündəmə gəlirlər. Bu sıralamada “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Amnesty İnternational” və s. təşkilatları göstərmək mümkündür. Əlbəttə ki, bu cür təşkilatlar sıradan hesabatlar hazırlamırlar, onların bu məsələdə hamisi rolunu məhz güclü erməni lobbisi oynayır. Əbəs yerə deyil ki, bir çox hallarda bənzər təşkilatların şər-böhtan xarakterli hesabatları məhz özlərini “müxalifət”, eləcə də “insan hüquqlarının müdafiəsi” istiqamətində fəaliyyət göstərən QHT-lər adlandıran “beşinci kolon”un ötürdüyü yalan məlumatlar hesabına ictimailəşdirilir. Xüsusən də “Sərhədsiz reportyorlar” təşkilatı daim Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini davam etdirir. Qurumun yaydığı hesabatlarda ölkəmizdə söz və ifadə azadlığı, medianın durumu barədə həqiqətə uyğun olmayan iddiaların irəli sürülməsi, müxtəlif reytinq sıralarında Azərbaycanın ən aşağı yerlərdə göstərilməsi, bunu əsaslandırmaq üçün primitiv forma və metodlardan istifadə olunması adi hal alıb. Məqsəd belə vasitələrlə Azərbaycanı gözdən salmaq, onun beynəlxalq müstəvidəki imicini ləkələməkdir. Eyni zamanda qurum bu fonda ikili standartlardan da çıxış edir. Hər halda, Ermənistanda baş verənlərə bir cür, Azərbaycanda baş verənlərə başqa cür yanaşma da qeyd edilənlərin təsdiqidir.

Erməni lobbisinin maraqlarına xidmət göstərən “Sərhədsiz Reportyorlar” adlı təşkilat ölkəmizlə bağlı növbəti dəfə şər-böhtan dolu fikirlərə yol verib. Bu dəfə də subyektivliyi, qərəzi ilə seçilən təşkilat ölkəmiz tərəfindən uğurla təşkil olunmuş Şuşa Qlobal Media Forumuna qarşı çıxıb. Özünü beynəlxalq qeyri-hökumət təşkilatı kimi qələmə verən qurum sosial şəbəkədə tədbirin özü ilə yanaşı, burada iştirak edən jurnalist həmkarlarını da əsassız olaraq tənqid edib. Belə ki, təşkilatın “başbilənləri” iddia edirlər ki, müstəqil media və jurnalistlər media forumun işinə buraxılmayıblar. Bu isə o deməkdir ki, “Sərhədsiz Reportyorlar”ın fikrincə, “Forbes”, “Euronews”, “Əl-Cəzirə” və digər nüfuzlu KİV-lər, eləcə də aralarında Azərbaycan hakimiyyətini tənqid edənlərin də olduğu beynəlxalq qeyri-hökumət jurnalist təşkilatlarının nümayəndələri, 150 xarici qonaq “müstəqil olmayan” jurnalist və media təşkilatıdır. Azərbaycanda mətbuatın azadlığının “məhdudlaşdırılması” kimi gülünc iddia ilə çıxış edən bu qərəzli təşkilat növbəti dəfə ermənipərəst mövqe tutduğunu açıq şəkildə büruzə verir. Yalanları sərhəd tanımayan bu təşkilatın sərsəm hesabatında Ermənistanda insan haqlarının pozulması faktlarının əks olunmaması, mətbuata qarşı nümayiş olunan aqressiv münasibətin gizlədilməsi onların əsl simasını üzə çıxarır. Əsas ofisi Parisdə yerləşən və Beynəlxalq Frankofoniya Təşkilatında məşvərətçi statusa malik olan təşkilatın belə mövqeyi gözləniləndir. Təəccüblü deyil ki, “Sərhədsiz Reportyorlar”ın Şuşa Media Forumunu qınayan bəyanatı erməni tərəfinin yaydığı tezislərə bənzər iddiaları ilə diqqət çəkir. Çünki təcavüzkar erməni lobbiçiləri də eyni metodologiya ilə işləyir və öz gündəmlərindən fərqli fikir bildirən hər kəsə hücum edirlər. Sonuncu belə nümunə kimi “Euronews”un jurnalisti Annuliz Borcesə qarşı təşkil olunmuş hücumları xatırlamaq olar.

“Biz "Sərhədsiz Reportyorlar" kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “France-24" televiziya kanalına müsahibəsində bildirmişdi. Cənubi Qafqazda, həmişə olduğu kimi, yalnız Ermənistanı önə çıxarmaq bu təşkilatın daha çox erməni lobbisinin sifarişini yerinə yetirdiyini bir daha təsdiqləyir. Guya Ermənistan regionda, hətta az qala postsovet məkanında demokratiyanın özülünü qoyub. Bəs bu təşkilat demokratiyanın təzahürünü nədə görür? Faktiki olaraq, Ermənistan revanşizmi təbliğ edir, millətçiliyi qoruyur. Eyni zamanda antitürk və islamofobiyanı kultivasiya edir. Ermənilərin mediası isə bu proseslərin izi ilə gedirsə, bu ölkədə hansı mətbuat azadlığından danışmaq olar?

Bu təşkilat Ermənistanda baş verən antidemokratik prosesləri ustalıqla gizlədir. Ermənistanda baş verən insidentlər “Sərhədsiz Reportyorlar”ın bəyanatlarında, gündəlik xəbər lentində, illik hesabatlarında görünmürlər. Ötən ilin avqust ayında Ermənistanda fəaliyyət göstərən Məlumat Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan bəyanat yayaraq bildirdi ki, dövlət qurumlarında media işçiləri üçün akkreditasiya şərtləri dəyişdirilir və qeyri-demokratik vəziyyətə salınır. Yeni şərtlər müstəqil fikirli jurnalistlərin dövlət qurumlarına girişini, xüsusən,  ölkə parlamentində fəaliyyətini imkansız edir. Yeni qərar təhlükəsizlik amilləri ilə əlaqələndirilsə də, əsassız xarakter daşıyır və sair. Ondan əvvəl isə Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyan ölkədə söz, ifadə, media və internet azadlığının boğulduğunu ifadə edən kəskin bəyanat yaymışdı. Baxın, axtarın, bu və bənzəri olan digər xəbərləri “Sərhədsiz Reportyorlar”ın saytında tapacaqsınızmı? Mövzu Fransa, Ermənistan olursa, “Sərhədsiz Reportyorlar” susur. Azərbaycan, Türkiyə və hədəfdə olan digər dövlətləri isə top atəşinə tuturlar. Onların hədəfində konkret ölkələr var, yalnız hədəfdə olan ölkələri izləyir, ən kiçik insident üzərində kampaniya keçirirlər. Məqsəd qeydə alınmış insidentin nəticələrini aradan qaldırmaq, hüququ pozulanın haqqını bərpa etmək də deyil. Niyyət hədəfdə olan dövləti gözdən salmaq, öz tələblərini qəbul etdirməkdir, hansı ki, heç vaxt mümkün olmayacaq.

Sevinc Azadi, “İki sahil”