25 iyul 2023 14:47
816

Şuşadan dünyaya verilən mesajlar

Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident cənab İlham Əliyev ölkəmizin beynəlxalq əlaqələri, Azərbaycan həqiqətləri, Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmçinin ölkəmizin davamlı inkişafı haqqında çox geniş məlumatlar verdi. Ölkə başçıs qardaş Türkiyə ilə olan yüksək səviyyəli əlaqələrdən, qonşu Rusiya, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri, eyni zamanda, Afrika ölkələri ilə yüksələn xəttlə inkişaf edən münasibətlərdən bəhs edərək bildirdi ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Bu gün Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilib. Ölkəmizin Avropaya qaz tədarükünün coğrafiyası genişlənir. Eyni zamanda, ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir. Bu əlaqələrin qurulmasının əsasında ölkəmizin müasir nəqliyyat infrastrukturuna və yüksək yükdaşıma potensialına malik olması mühüm rol oynayır. Həmçinin Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsinə ölkəmiz artıq logistik mərkəzə çevrilmişdir. Bu sahədə Zəngəzur dəhlizi də çox mühüm əhəmiyyətə malik olacaq və regionun inkişafına əlavə töhfə verəcək. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri və yaradılan yol-nəqliyyat infrastrukturu ölkəmizin logistik mərkəz kimi imkanlarını daha da artıracaq.

Prezident cənab İlham Əliyev Şuşa Qlobal Media Forumunun açılış mərasimində onu da vurğuladı ki, təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resurslarına, potensialına görə Qarabağ və Şərqi Zəngəzur ölkəmizin ümumi daxili məhsulda ciddi artımına səbəb olacaq. Qarabağda su elektrik stansiyalarının istifadə səmərəliliyi ölkəmizin digər bölgələri ilə müqayisədə dəfələrlə yüksəkdir. Həmçinin Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq.

Ölkə başçısı Forumdakı çıxışında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri zamanı üzləşdiyi problemlərdən olan mina təhlükəsinin miqyasına da diqqət çəkdi. Belə ki, müharibə bitəndən sonra minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb. Prezident cənab İlham Əliyev bunun müharibə cinayəti olduğunu və həmin minaların xəritəsini təqdim etməməklə Ermənistanın ölkəmizə qarşı terroru davam etdirdiyini Forum iştirakçılarının, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırdı. Bütün çətinliklərə baxmayaraq, ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, ərazilərimiz minalardan təmizlənsin. Bunun üçün müasir avadanlıqlar alınıb, xüsusi maşınlar gətirilib. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Ölkə başçısı onu da qeyd etdi ki, aparılmış hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb.

Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident cənab İlham Əliyev ermənilərin işğal dövründə törətdikləri çoxnövlü terror aktlarına diqqət çəkərək bildirdi ki, onların Azərbaycana və xalqımıza qarşı nifrəti normal insan psixikasına sığışmır.  Bütün bunlara baxmayaraq Azərbaycanın mübarizəsinin yalnız öz ərazi bütövlüyü və suverenliyinin təmin olması uğrunda olduğunu qeyd edən ölkə başçısı sülh müqaviləsinin əhəmiyətini vurğuladı. Prezident cənab İlham Əliyev bildirdi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olunsa, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq.

Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının əməkdaşı