24 iyul 2023 23:10
709

Müsyölərin “erməni təəssübkeşliyi”...

2022-ci il oktyabrın 21-də İran İslam Respublikası ölkəmizi Zəngəzuru işğala, Tehran ilə İrəvan arasındakı quru əlaqəsini kəsməyə hazırlaşmaqda günahlandıraraq, yəni  heç bir lüzum olmadan Qafanda öz konsulluğunu açdı. İndi isə  Fransa parlamentariləri  belə bir sevdaya düşüblər.

 Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilə etməkdə, məlum Bəyanata zidd addımlar atmaqda, sülh danışıqlarına maneçilik törətməkdə  ittiham etməkdə davam edən Fransa bu istiqamətdə atdığı addımları kəskinləşdirməkdədir. Belə ki, bu günlərdə Fransa parlamentariləri - Ann-Lo­rans Petel və Jilber-Lyük De­vinaz Ermənistanın Sünik adlandırdığı Zəngəzurda konsulluq nümayəndəliyini açmaq təşəbbüsü ilə çıxış ediblər. Elə bu niyyətlə onlar Fransanın  xarici işlər naziri Ketrin Kolonnaya müraciət ünvanlayıblar. O Ketrin Kolonnaya ki, həmişə  ölkəmizə qarşı əsassız, cəfəng iddialar səsləndirir. O Ketrin Kolonnaya ki, Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında danışıqların beynəlxalq güclərin iştirakı ilə keçirilməsini və dolayısı ilə bu prosesdə Fransanın vasitəçilik etmək istəyini dəfələrlə dilə gətirib. Şübhəsiz, bu da “Ermənistanın bacısının” ölkəmizə qarşı atdığı addımlardan geri çəkilmək niyyətində olmadığını göstərir.

Ermənistan mətbuatında yayımlanan həmin müraciətdən aydın olur ki, senatorların bu təşəbbüsünün kökündə heç də “Hayastanın ərazi bütövlü­yünü” qorumaq dayanmır. Onları narahat edən məsələ həmin dəhlizin Azərbaycanın əsas hissəsini Naxçıvana, eləcə də  Türk dünyasına, həm də beynəlxalq dəmir yolu marşrutları ilə  birləşdirəcəyidir.

Amma hadisələrin gedişatı göstərir ki, onların bu bəd niyyətləri ürəklərində qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirmişdir: “... Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq”. Yəni Zəngəzur dəhlizinin reallaşacağı gün o qədər də uzaqda deyil. Görünən odur ki, Cənubi Qafqazda sülhü dəstəkləyənlər bu işə öz xeyir-dualarını veriblər. Başqa sözlə desək, Prezident İlham Əliyevin bu addımını dəstəkləyiblər. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun sözləri ilə desək, indi Kolonna Qafana bir nəfər göndərməklə və han­sısa binanın üstündə Fransa­nın bayrağını sancmaqla, o bölgənin müdafiəsini təmin edəcəklərini düşünürsə, bu, olduqca yanlış və gülünc ya­naşmadır. 

Fransanın bu addımını həm də Azərbaycana qarşı düşünülmüş növbəti təxribat, sülh yolunda bir maneə kimi dəyərləndirmək olar. Hələ bu azmış kimi, daha bir müsyö - Fransa Senatının sədri Jerar Larşe Laçın yolunun təcili açılması ilə bağlı “tələb” irəli sürüb. Bu şəxsin nəzərinə çatdırmaq istərdik ki, artıq dünya yaxşı bilir ki, Laçın-Xankəndi yolunun bağlanması iddiaları yalandır. Hətta Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu əsassız iddiasını rədd edib. Üstəlik, Jerar Larşe "Ermənistanın təhlükəsizliyinin təminatı" məqsədilə bu təcavüzkar ölkəyə Fransa tərəfindən müdafiə xarakterli silahların verilməsinin sürətləndirilməsinə çağırış edib. Elə Fransanın İrəvan­dakı səfirliyində hərbi attaşenin təşkili də bu kimi məqsədlərə xidmət etmirmi? Bütün bunlar isə Fransanın Hayastanın müdafiə qabiliyyətini gücləndirməyə çalışdığından bir daha xəbər verir. Özləri də utanıb-qızarmadan Ermənistan naminə gördükləri hər bir işi Azərbaycanın yeni hərbi əməliyyatlara hazırlaşması ilə izah etməyə çalışırlar.

Bütün bunlar  bir daha sübut edir ki, bu gün də müstəmləkəçilik siyasətini davam etdirən Fransa Cənubi Qafqazda gərginlik yaratmaqda, yeni bir müharibənin körüklənməsində, Azərbaycanın, o cümlədən Türkiyənin bölgədə artan nüfuzuna təsir göstərməkdə, özünü bu bölgədə söz sahibi kimi görməkdə  maraqlıdır. Şübhəsiz, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına böyük ümidlər yarandığı dövrdə müsyölərin  səsləndirdiyi bu kimi fikirlər, çağırışlar, irəli sürdükləri təşəbbüslər növbəti xəyanətdən başqa bir şey deyil.

Bütün bunları analiz edəndə bir daha aydın olur ki,   bu gün rəsmi Fransa, həmçinin bu ölkənin senatorları sözün həqiqi mənasında Hayastanın təəssübkeşinə çevrilib. Yazımızı isə dünən Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsindəki bu sözlərlə yekunlaşdırmaq istərdik: “Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq.”

Qvami Məhəbbətoğlu, “İki sahil”