Xalqımızın həyatında qürur mənbəyinə çevrilən hadisələrdə biri də Milli Mətbuatımızın yarandığı gündür. Həmin gün dövlətimiz və xalqımız tərəfindən xüsusi təntənə ilə qeyd edilir. Çünki qəzet bütün zamanlarda öz sözünü deməyi bacaran, mənsub olduğu xalqın maariflənməsində dəyərli vasitə olmuşdur.
Bu gün qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilk nömrəsinin nəşri ilə xalqımızın həyatında milli şüurun oyanmasında, özünüdərkin formalaşmasında və gerçəkləşməsində böyük rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki, “Əkinçi”nin qarşısında əsasən, mövhumata qarşı mübarizə, dini məktəblərin tənqidi, yeni dünyəvi elmlərin geniş təbliği, xalqı azadlığa çağırmaq dururdu. Odur ki, öz proqramında dini-fanatizmi rədd edib, maarif, elm və əqlin üstünlüklərinə yüksək qiymət verən mütəfəkkir Həsən bəy Zərdabi “Yaşayışın getdikcə çətinləşməsi” adlı məqaləsində deyirdi ki, yaşayışın çətinliyinin düzəlməsində tüfəng və xəncər işləməz, güc və rəşidlik iş görməz. Onun yolu ancaq əqldir. Əql isə elə bir şeydir ki, işlədikcə tərəqqi edər. “Əkinçi” qəzeti həqiqi mənada Azərbaycanda milli mətbuatımızın yaranması işində, ictimai fikrin canlanmasında bütöv bir səhifə açdı. Onun yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu. Xalqımızın ziyalıları “Əkinçi” bağlandıqdan sonra da qəzet çap etdirmək işini davam etdirdilər. “Ziya”, “Kəşkül”, “Şərqi Rus”, “İrşad”, “Həyat”, “Molla Nəsrəddin” kimi mətbu nəşrlər “Əkinçi”nin ənənələrini yaşatdı, onun yolunu davam etdirdi.
Bu gün ölkəmizdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Əkinçi” qəzetinin fəaliyyət proqramını yüksək qiymətləndirən Ümummilli Liderimiz demişdir: “Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş prinsipləri - maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı”.
Mətbuata dövlət qayğısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün respublikamızda mətbuata aid mühüm qanun, fərman və sərəncamlar imzalanır. İmzalanmış Fərman və sərəncamların içərisində 2005-ci il “Əməkdar jurnalist” adının bərpa olunması mətbuat işçilərinin sevincinə səbəb oldu. Çünki hər il bir qrup jurnalist bu fəxri ada layiq görülür. Bu gün qürur və iftixar hissi ilə deyə bilərik ki, ölkəmiz yüksək intellektə, milli təəssüblük ruhuna mənsub olan azad mediaya, peşəkar jurnalistikaya sahibdir.
Xüsusi olaraq qeyd edək ki, ölkə mətbuatı həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. 2020-ci il 27 sentyabrda başlayaraq 44 gün yol alan zəfər yürüşündən, Azərbaycan Ordusunun Qələbə qazanmasını, bütün həqiqətlərin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Dövlətimizin qayğısını öz üzərlərində daim hiss edən jurnalistlərimiz respublikamızda gedən quruculuq işlərini, iqtisadi inkişafa rəvac verən Dövlət Proqramlarının yerlərdə icrasını dolğun şəkildə işıqlandırmağa çalışır, tarixilik, vətənpərvərlik, milli dəyərlər, adət-ənənələrimizlə bağlı materiallar hazırlayırlar. Bir sözlə, hər günümüzün salnaməsini yazırlar.
Ölkəmizdə bu gün millilik, dünyəvilik, tərəqqipərvərlik rəmzi olan milli mətbuatımızın 148 illiyi qeyd edilir. Mətbuat gününün ölkəmizdə yüksək səviyyədə qeyd edilməsi kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna siyasi qiymət verməklə yanaşı, jurnalistlər qarşısında mühüm vəzifələr də qoyur. Bəli, müstəqil Azərbaycan bu gün dünyanı təkcə böyük iqtisadi uğurları ilə heyrətləndirmir. Ölkəmiz söz, vicdan azadlığı, dini tolerantlıq sahəsində də yaxşı nümunəyə çevrilib. Sivil, demokratik tərəqqi yolunu seçən Azərbaycan media azadlığı, media məsuliyyəti fonunda inkişaf edərək ölkəmizin tərəqqisinə öz töhfəsini verir.
Əziz jurnalistlər, sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli olsun!
Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə