22 iyul 2023 09:10
808

Zəngin inkişaf yolu keçən milli mətbuatımız

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi.  “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Prezident İlham Əliyev Forumda çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Prezident çıxışında qeyd etdi ki,  Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir: “Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir”.

Bu gün 148 illiyini qeyd etdiyimiz milli mətbuatımızın zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. 148 il əvvəl - 1875-ci il iyulun 22-də ilk nömrəsi ilə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. “Əkinçi”nin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm və mərifət sahibi olmasını arzulayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir. Bu amal ilə “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyaraq, cəmi 56 nömrəsi ilə millətin aynasına, eyni zamanda Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

“Əkinçi” ilə əsası qoyulan mətbuat ənənəsi sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”,“Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbuat orqanları ilə davam etdirildi.

Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.

Azərbaycanda milli istiqlal elan edildikdən sonra milli mətbuatın qarşısında yeni vəzifə daxili və xaric təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetinin ilk nömrəsinin çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə “Azərbaycan” adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanın nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirmişdir.

Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. Bu dövrdə, yəni mətbuatımızın SSRİ dövründəki fəaliyyəti tam nəzarət altında, yalnız dövlət - imperiya marağına məcburi xidmət edirdi desək, yanılmarıq. Lakin bu dövrdə, azad sözün olmadığı bir şəraitdə xalqını, millətini sevən mətbuat işçilərı sətiraltı olsa da, öz fəaliyyətində milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına xidmət etmişdir.

Burada xüsusi ilə qeyd etməyi vacib sayıram ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur və bu dövrü həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrü adlandırsaq, daha ədalətli olarıq. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Heydər Əliyevin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibət aradan qadırıldı, milli dil siyasəti yürdülüdü və bu siyasət medianın inkişafında müstəsna rol oynadı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında müstəsna rol oynadı.

Xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə gəlməsi müasir jurnalistikanın inkişafına yeni təkan verdi. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuat azadlığının hüquqi bazası yaradıldı. Əsas qanununumuza əsasən demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişafında mühüm hadisə oldu. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrilməsində əsas addıma çevrildi. Məhz bu fərmanla mətbuatda və digər KİV-də Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda fikir pluralizminin daha da möhkəmləndirilməsinə gətirib çıxardı. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri aradan qaldırdı. Yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı olaraq həyata keçirildi. 2000-ci ilin martında Prezidentin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Teleradio Şurası yaradıldı.

Xüsusi qeyd: müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da məhz Heydər Əliyev imzalayıb və Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Bu gün müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də gedir. Bu gün mətbuat işçisi olmaq çox ağır işdir, belə ki, hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək və istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməkdə davam etdir.

Mətbuat işçilərinin 2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində fəaliyyətlərini də xalqımız yüksək qiymətləndirir. Onlar informasiya savaşında olduğu kimi döyüş meydanında da savaşdılar. Mətbuatımızın iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra jurnalist fəaliyyətlərini yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak oldu. Bu gün bütün şəhidlərimizi dərin hüznlə anırıq.

Danılmaz faktdır ki, ölkəmizdə mətbuatın inkişafında dövlətimiz də xüsusi rol oynayır. Prezident İlham Əliyevin azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə əyani sübutdur.

Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Eyni zamanda tarixi təcrübə göstərir ki, informasiya sahəsi dünyada ən sürətli inkişaf edən sahələrdəndir. Ona görə də yeni dövrlə ayaqlaşmaq üçün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə, Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük tələbat yaratmışdı. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. KİV haqqında yeni qanunun qəbulu onu göstərdi ki, Azərbaycan iqtidarı ölkənin demokratik dəyərlər çərçivəsində söz və mətbuat azadlığının inkişafında maraqlıdır və israrlıdır.

44 günlük Zəfər müharibəsində qəhrəman əsgərlərimizin şücaətini, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində təkbaşına döyüşərək tamamladı. 30-dan çox dünya KİV-inə, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələr verdi. Azərbaycanın haqq işini, müqəddəs torpaqlarımız uğrunda apardığımız müharibənin həqiqətlərini, eyni zamanda mənfur ermənilərin törətdikləri bütün vəhşiliklərin üstünü konkret faktlar əsasında açaraq dünyaya göstərdi. Bu gün tam əminliklə deyə bilərik ki, informasiya cəbhəsində qələbəmiz döyüş meydanındakı Qələbəmizi, Zəfərimizi möhtəşəm və etibarlı etdi. Azərbaycanın gücünü dünyaya tanıtdı. Bu gün Şuşada Qlobal Media Forumunun keçirilməsi ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir. Bu, ölkəmizin gücünün, beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, Milli Mətbuat Gününə hədiyyədir.

Əziz mətbuat işciləri! Sizin hər birinizi Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və zamanın hər anında bu çətin və şərəfli peşənizdə uğurlar arzulayıram!

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri